Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində xalqımızın ictimai-siyasi və mədəni yüksəlişində müstəsna xidmətlər göstərmiş dövlət xadimi, şair Şah İsmayıl Xətainin anadan olmasının 530 illiyinə həsr edilən “Xətainin qılıncı və qələmi” mövzusunda respublika konfransı keçirilib.
Etikxeber.az xəbər verir ki, konfransda muzeyin direktoru, akademik Rafael Hüseynov Şah İsmayıl Xətainin həyat və fəaliyyətindən söz açıb, onun yaddaşlara millət, dövlət quruculuğu sahəsində bir neçə mühüm strateji istiqaməti qovuşduran qüdrətli sərkərdə, dövlət xadimi və şair kimi həkk edildiyini bildirib. Qeyd edilib ki, Şah İsmayıl Xətai Azərbaycan tarixinin və dövlətçiliyinin müstəsna simalarından, görkəmli şəxsiyyətlərindən olub. Xətaiyə həsr olunan ilk böyük tədbir 1987-ci ildə Bakıda Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında keçirilib. Görkəmli alim və klassiklərimizin xatirəsinin hər zaman anılmasının vacibliyini vurğulayan akademik hər beşildənbir Ədəbiyyat Muzeyinin təşəbbüsü ilə Xətainin yubiley və ildönümlərinin qeyd olunduğunu diqqətə çatdırıb. O, Xətai şəxsiyyətinin, irsinin xalqa təqdim edilməsində akademik Həmid Araslının, professor Əzizağa Məmmədovun və digər görkəmli alimlərin rolunu xüsusi qeyd edib.
R.Hüseynov Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin son illərdə görkəmli dövlət xadimi Şah İsmayıl Xətaiyə həsr etdiyi “Şah İsmayıl Səfəvi ali məramlı tarixi şəxsiyyət kimi”, “Şah İsmayıl Səfəvi: hökmdarın və döyüşçünün portreti” kitabları barədə danışıb.
R.Hüseynov deyib:
“Akademik Ramiz Mehdiyev elm adamı olmaqla yanaşı, həm də ölkənin ali idarəçilik strukturunda böyük təcrübəyə malik görkəmli dövlət xadimi, respublikamızın idarəçiliyini təmin edən əsas simalardan birdir. Onun qələmindən çıxan hər yazıya yalnız elmi məhsul kimi yox, həm də siyasi siqləti, siyasi mənası olan əsər kimi yanaşmaq lazımdır. Akademik R.Mehdiyevin Xətai şəxsiyyəti və yaradıcılığına müraciət etməsi, görkəmli şəxsiyyəti müasir Azərbaycan dövlətçiliyi kontekstində təhlil etməsi onu göstərir ki, bu gün dövlətimizin apardığı siyasətin içərisində də Şah İsmayıl Xətaiyə ehtiyac var. Çünki Xətai Azərbaycanda mərkəzləşdirilmiş dövlət anlayışının təfəkkürdə oturuşmasında əməyi olan insandır”.
Konfransda professorlar Şəfəq Əlibəyli, Paşa Kərimov, Şahin Fazil Şah İsmayıl Xətainin həyat və yaradıcılığı barədə məruzələrlə çıxış edib, onu görkəmli şəxsiyyət, dövlət xadimi, sərkərdə, şair kimi xarakterizə ediblər.
Sonra konfrans işini “Şah İsmayıl Xətainin ədəbi irsi və orta əsrlər Azərbaycan ədəbiyyatının problemləri”, “Şah İsmayıl Xətai dövründə və orta əsrlər Azərbaycanında ana dili və terminologiya problemləri”, “Səfəvilər dönəmi Azərbaycan xarici siyasətinin başlıca istiqamətləri və orta əsrlər Azərbaycan diplomatiyasının problemləri” və digər bölmələrdə davam etdirib.
Etikxeber.az