“Raykinin oğlu Kostya bizim yeznəmiz oldu…” – Firuz Mustafa yazır

80-lərin ortaları idi. Təbii ki, söhbət ötən əsrdən gedir.
Moskvada elmi ezamiyyətdə idim. AzTv-də o vaxtlar mühüm vəzifədə, lap dəqiq desəm Ədəbi Dram Redaksiyasının baş redaktoru vəzifəsində çalışan Nahid Hacızadə telefon danışığı əsasında dedi ki, bir qrup jurnalistlə paytaxta gəlirik, oradan da Balkan ölkələrinə səfərə gedəcəyik. Getdim (səhv etmirəmsə) Belarus vağzalına. Gələnlərin çoxunu tanıyırdım.
Tanınmış tərcüməçi və redaktor Həbibə Məmmədxanlı da gələn dəstənin tərkibində idi. Mənim Həbibə xanıma xüsusi hörmətim vardı. Bu xanım məşhur yazıçı Ənvər Məmmədxanlının bacısı idi. Adını çəkdiyim redaksiyada şöbə müdiri idi. Hə, az qala yadımdan çıxacaqdı, Nahid Hacızadə də mənim dayımdır. Amma həmişə (elə bu gün də) deyirəm ki, sən mənim dayım yox, mənim anamın qardaşısan, yəni “daydayılıq” etməmisən mənə.


Xülasə, Bakıdan gələnlərlə xoş-beş elədik. Həbibə xanım dedi ki, mən Moskvaya gəlmişəm, özü də toya, yəni Balkanlara səfərə gedən adamların tərkibində deyiləm. Bir taksi tut, məni yola sal. Sözarası dedi ki, bu gün Tahir Salahovun qızının toyudur. İstəyirsən birlikdə gedək toya, mən məxsusu o taya gəlmişəm, Tahir bizim ailənin dostu, özü də qapıbir qonşumuzdur. Onu da əlavə etdi ki, Salahovun qızı Alagöz xanım məşhur aktyor Raykinin oğlu ilə ailə qurur. Təbii ki, mənim çağırılmamış toyda iştirak etmək fikrim yox idi.


…Toydan sonra, səhv etmirəmsə, biz Həbibə xanımla onun iş yerində görüşdük. Həbibə Məmmədxanlı məni görüb öz toy təəssüratını belə bölüşdü:


-Heç soruşmurasan, toy necə keçdi. Hər şey əla idi. Rusiyanın bütün elitası toyda idi. Arkadi Raykinin oğlu Kostya bizim yeznəmiz oldu.
Redaksiyadakı əməkdaşlar- tüstü dolu otaqda şahmat oynayan Naniq Abdullayev, Gəray Fəzli, Aydın Qurbanoğlu başlarını qaldırıb Həbibə xanıma qulaq asmağa başladılar.
Həbibə xanım siqaretinə qullab vurub dedi:
-Amma təzə yeznə mənim heç xoşuma gəlmədi…
Namiq müəllim başını qaldırıb kəkələyə-kəkələyə soruşdu:
-Niyə ki, Həbibə xanım?
Həbibə xanım gülümsıyib dedi:


-Namiq, Arkadi Raykin normal görünüşlü, yaxşı vid-fasonlu bir adamdır. Amma onun oğlu heç ürəyimə yatmadı. O, sanki öz atası Raykinin karikaturası, bir az da yumşaq desəm, Raykinin dostluq şarjı idi.
Həbibə Məmmədxanlı məşhur aktyorun və onun oğlunun portretini sözlə çox əla təsvir etmişdi.
Görünür bu da ondan irəli gəlirdi ki, Həbibə xanımın əri rəssam idi…

Firuz Mustafa,

Yazıçı, professor

Etikxeber.az

Read Previous

Qızıl da 5 dollara qədər ucuzlaşdı

Read Next

Silahlar yenə susmur, düşmən bu gecə atəşkəs rejimini 145 dəfə pozub

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir