“Martın 3-də 5 Şəhid anasının müraciəti əsasında onlarla görüşdük… Bu anaların ən böyük istəyi ondan ibarətdir ki, Şəhid övladlarının adları onların doğulduğu, yaşadığı rayonlarda, kəndlərdə əbədiləşdirilsin…”-QƏNİRƏ PAŞEVA – MİLLƏT VƏKİLLƏRİ NÖVBƏTİ DƏFƏ ŞƏHİD ADLARININ ƏBƏDİLƏŞDİRİLMƏSİ MƏSƏLƏSİNİ QALDIRDILAR – YENİLƏNİB

QƏNİRƏ PAŞAYEVA: “Bizim rayon və kəndlərimizdə kifayət qədər adsız küçələr var. Medal və orden sayından asılı olmayaraq həmin küçələrə, bəzi parklara, meydan və körpülərə şəhidlərimizin adının verilməsi mümkündür. Bəzi rayonlarımızda bu iş sürətlə gedir amma bütün rayonlarda vəziyyət eyni deyil…”

Şəhid adlarının küçələrə verilməsinə ehtiyac var. Bəzi rayonlarda bu iş sürətlə gedir, amma bəzi rayonlarda isə yox.

Etikxeber.az verir ki, bunu Milli Məclisin (MM) bu gün keçirilən iclasında parlamentin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva deyib.

Komitə sədri bildirib ki, şəhid adının əbədiləşdirilməsi işinə ümumi şəkildə baxılması yaxşı olar:

“Bəzi ailələr Nazirlər Kabinetindən bunu xahiş edirlər. Bu, qarşıdan gələn 8 Mart – Beynəlxalq Qadınlar günü münasibətilə şəhid analarına ən böyük hədiyyə olar. Rayonlarda parklar, küçələr var ki, ora şəhid adları verilə bilər. Bu iş sürətləndirilməlidir”-deyə, o, əlavə edib.

Deputat Razi Nurullayev də Q. Paşayevanın təklifini dəstəkləyib.

Millət vəkili bildirib ki, Nazirlər Kabinetinin 25 avqust 1999-cu il tarixli qərarına düzəlişlər edilməlidir:

“Mən icra hakimiyyətləri ilə danışmışam. Xeyli adsız və adı məna kəsb etməyən küçələr var. Bu məsələ həll edilə bilər. Amma, bunun üçün Nazirlər kabinetinin qərarına və “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”yə dəyişiklik etmək lazımdır. Qərarın ordenlə bağlı hissəsi isə böyük küçələrə, meydanlara, gəmilərə və digər vacib subyektlərə aid olaraq qalsın. Təklif edirəm ki, Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 saylı Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının” təsdiq olunması haqqında Nazirlər kabinetinin qərarının 3.1.2 bəndinə edilən düzəlişlə yalnız ordenlə təltif olunan şəhid adları əbədiləşdirilir.

Bu düzəliş 25 avqust 1999-cu il tarixli 139 nömrəli qərarla 3.1.1. və 3.1.2. bəndləri yeni redaksiyada verilib ki, mən bu düzəlişlərin yenidən yeni redaksiyada verilməsini və səlahiyyətlərin də yerli icra hakimiyyəti və bələdiyyələrə ötürülməsi təklifini irəli sürürəm. İkinci, “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.11.17. bəndinin yeni redaksiyada verilməsi təklif edirəm. Yeni redaksiya belə ola bilər: yaşayış məntəqələrində küçə və meydanlara ad vermək, onların adlarını dəyişdirmək, o cümlədən şəhid adlarının əbədiləşdirilməsinə şamil edilir. İcra hakimiyyətlərini bu qədər mərkəzə tabe etmək yanlışlıqdır. Qoy özləri qərar versinlər. Onlara sərbəstlik, azadlıq və qərarvermə imkanı tanımaq lazımdır”.

12:47

***

Qənirə Paşayevanın çıxışı-TAM MƏTN:

“Mən də təbii ki ombudsmanın fəaliyyətini və burada təqdim etdiyi hesabatı yüksək qiymətləndirirəm. Biz müvəkkilliklə daimi şəkildə əməkdaşlıq edirik. Ombudsmanın fəaliyyətinin genişlənməsi müraciətlərin artmasında öz əksini tapıb. Təbii ki, müraciətlərin çoxalmasının bir səbəbi bu instituta insanlar arasında etimadın daha da artmasıdırsa, digər bir səbəbi də bizi ciddi şəkildə düşündürməlidir. Fürsətdən istifadə edərək, şəhid anaları və şəhid xanımları başda olmaqla bütün qadınlarımızı qarşıdan gələn 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik etmək istəyirəm.

Bu hesabatda da sözügedən məsələlər öz əksini tapıb. Ötən gün 5 şəhid anasının müraciəti əsasında onlarla görüşdük. O şəhid analarından ikisinin, sadəcə, bir oğul övladı olub. Beş şəhidimizin heç biri evli olmayıb. Anaların sadəcə bir istəyi var idi. Mən o istəyi burada bir daha dilə gətirərək Baş nazirimizə, Nazirlər Kabinetinə müraciət etmək istəyirəm. Bu anaların ən böyük istəyi ondan ibarətdir ki, şəhid övladlarının adları onların doğulduğu, yaşadığı rayonlarda, kəndlərdə əbədiləşdirilsin. Bizim rayon və kəndlərimizdə kifayət qədər adsız küçələr var. Medal və orden sayından asılı olmayaraq həmin küçələrə, bəzi parklara, meydan və körpülərə şəhidlərimizin adının verilməsi mümkündür. Bəzi rayonlarımızda bu iş sürətlə gedir amma bütün rayonlarda vəziyyət eyni deyil.

Ailələr də müraciətində bildirdi ki, qurumlardan onlara “bizə Nazirlər Kabinetindən deyilsin, sonra bu addımı ataq” söylənib. Ona görə, çox xahiş edirik, ümumi şəkildə bu məsələyə baxılsın və məsələ həll olunsun. Düşünürəm, bayram günlərində şəhid analarını sevindirən birinci xəbər bu olar ki, şəhid övladlarının adları əbədiləşdirilsin. Mən də onların xahişini çatdıraraq inanıram ki, məsələ öz müsbət həllini tapacaq.

Ombudsman Səbinə xanım Əliyevanın hesabatını diqqətlə oxudum. Mənə ən maraqlı və vacib gələn təklif və tövsiyyələr hissəsidir. Bəzi məsələlər var ki, neçə illərdir təklif və tövsiyyələr hissəsində təkrarlanır. Amma məlumat verilmir ki, niyə hər kəsi narahat edən bu məsələlər öz həllini tapmır? Bu, çox vacib bir məsələdir. Məsələn, mən bilirəm ki, cənab Prezidentin də Bakı şəhəri və ətraf qəsəbələrdə müxtəlif zamanlarda tikilən sənədsiz evlərin inventarlaşdırılması və qeydiyyatının aparılması ilə bağlı ciddi tapşırıqları olmuşdu. Bu, həm vətəndaşlarımızın hüququ baxımından həm də dövlətimizlə bağlı çox ciddi addımdır: Həm vətəndaşımız, həm dövlətimiz qazanar.

Problem nədir ki, məsələyə uzun zamandır baxılır, amma həllini tapmır? İkinci məsələ odur ki, bir kəndin sakinlərinə fərq qoyula bilməz. Bir kənddə sovet dövründə ev tikmiş vətəndaşlar dövlət hesabına yanacaqla təmin olunur amma yeni yaşayış massivində ev tikilirsə, öz hesabına qaz çəkməlidir. Bu evlərin sahiblərinin böyük qismi də gənc ailələrdir. Onlar bildirir ki, eyni kəndin sakinləri olaraq biz də bu xidmətdən yararlanmaq istəyiri. Mən də çox xahiş edirəm, millət vəkili olduğum Tovuz rayonunda da bu məsələ öz həllini tapsın”.

Etikxeber.az

Read Previous

Əmək pensiyaçılarına aylıq maddi yardım ödəniləcək-PREZİDENTİN SƏRƏNCAMI 100 MİN PENSİYAÇINI ƏHATƏ EDƏCƏK – YENİLƏNİB

Read Next

Daha 588 yeni yoluxma-DAHA 15 ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir