“Regionda Azərbaycanın ən səmimi tərəfdaşı qardaş Türkiyədir və Türkiyə ilə bütün sahələrdə münasibətlərimizin inkişafı milli təhlükəsizliyimizin təmini üçün vacibdir”-MM-İN KOMİTƏ SƏDRİ

Azərbaycan Ordusu ilə Türkiyə Ordusu arasında iyulun 29-dan avqustun 10-dək quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri keçirilməsi hələ də müzakirə edilir və bəziləri bundan xüsusi “narahatlıqlarını” ifadə edir. Ancaq burda narahatlıq üçün heç bir əsas yoxdur.

Etikxeber.az xəbər verir ki, bu sözləri mətbuata açıqlamasında Milli Məclisin (MM) Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva deyib.

Millət vəkili bildirib ki, Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlıq dünən yaranmayıb:

“Azərbaycan öz müstəqilliyini elan etdiyi ilk günlərdən Türkiyə ordumuzun qurulması, inkişafı və güclənməsinə dəstək verib. İlk günlərdə kadr problemi, zabit çatışmazlığının aradan qaldırılması üçün ikitərəfli sazişlərə uyğun olaraq, hələ 1992-ci ildə Azərbaycan müdavimləri Türkiyənin hərbi məktəblərində təhsilə yola salınmışdı. Sonrakı illərdə də bu proses davam və inkişaf etdirildi. Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi “Bir millət-iki dövlət” siyasi-ideoloji xətti, Prezidentimiz İlham Əliyevin “Azərbaycan-Türkiyə əlaqələrinin analoqu dünyada yoxdur” sözləri təsadüfən işlədilməyib. Türkiyə hər zaman Azərbaycanın haqlı mübarizəsinə cani-dildən dəstək verib və ordumuzun modernləşdirilməsi, dünyanın ən güclü ordularından birinə çevrilməsində xüsusi rol oynayıb. Bu isə ikitərəfli hərbi əməkdaşlığın, müqavilələrin, qarşılıqlı təmasların nəticəsidir. Sonuncu irimiqyaslı təlimlər də hər il keçirilən analoji təlimlərin tərkib hissəsidir və bu proses davam edir. Bundan hansısa qeyri-adekvat məna çıxarıb, siyasi yozumlara cəhd etmək yalnız manipulyasiyadır”.

Q. Paşayeva Prezident İlham Əliyevin sentyabrın 2-də Yunanıstanın ölkəmizə yeni təyin edilən səfiri ilə söhbətini də bu kontekstdə xatırladıb:

“Prezidentimiz İlham Əliyev səfirə təsadüfən demədi ki, Azərbaycan Türkiyəni heç bir tərəddüd etmədən bütün məsələlərdə dəstəkləyib və hər zaman da dəstəkləyəcək. Bu, yalnız Yunanıstanın Cənubi Kiprlə birgə Ermənistana silah daşıması və digər səbəblərdən Afina və Bakı arasında münasibətlərin zəifləməsinə görə verilən bir mesaj deyildi. Bu, həm də bütün dünyaya verilən bir ismarış idi: Azərbaycan hər bir məsələdə Türkiyənin yanındadır və belə də olacaq. Türkiyə və Azərbaycan əlaqələri dünyaya bir nümunədir, bu münasibətlərin səbəbi etnik birliyə, ortaq tarixə və dilə dayanır, üstəlik, dövlətlərimizin strateji siyasi hədəfidir. Azərbaycanın Türkiyə ilə dost və tərəfdaş deyil, məhz qardaş ölkə olduğunu da Prezidentimiz İlham Əliyev yunan səfirə bir daha xatırlatmağı lazım bildi. Çünki dünya siyasətində bəzi ölkələr şəxsi maraqlar naminə bir çox hallarda “dost və tərəfdaş” saydıqları ölkələrin milli maraqlarını görməzdən gəlirlər. Cənab Prezidentimiz bu məqama xüsusi diqqət çəkərək, Azərbaycanın xarici siyasətinin hiylədən, ikili standartdan tamamilə kənar olduğu, açıq, səmimi, beynəlxalq hüquq normalarına uyğun olduğunu bir daha elan etdi. Azərbaycanın milli maraqları Türkiyənin milli maraqları ilə üst-üstə düşür və bu iki qardaş ölkənin strateji siyasətini həyata keçirən və dünyanın ən xarizmatik liderlərindən olan Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev bu siyasəti uzunmüddətli perspektiv, strateji hədəflər üçün elə yüksək peşəkarlıqla uyğunlaşdırıblar ki, bu, xarici siyasətimizin geridönüşü olmayan ana xəttinə çevrilib. Bunu da açıq şəkildə elan etməkdən yalnız qürur duyuruq. Çünki Azərbaycan və Türkiyə qardaşlığı, ikitərəfli hərbi-siyasi və iqtisadi əlaqələri 3-cü ölkəyə qarşı deyil, heç bir ölkənin maraqları əleyhinə yönəlməyib, kimsənin torpağına və yaxud beynəlxalq hüquqla qorunan haqlarına göz dikməmişik. Bu birlik və qardaşlıq beynəlxalq hüquq normaları ilə təsdiq edilən milli maraqlarımızın qorunması üçündür”.

Millət vəkilinin sözlərinə görə, həm Azərbaycan, həm də Türkiyə terrorizmdən əziyyət çəkir:

“Azərbaycan 20-ci əsrin sonunda, bəşəriyyətin gözü qarşısında dünyanın ən dəhşətli soyqırımına məruz qalan ölkədir, torpağımızın 20 faizini Ermənistan işğal edib və 30 ildir işğalda saxlayır; Azərbaycanın nəzarətindən kənarda qalan işğaldakı ərazimizdə qondarma bir qurum yaradılıb və bu qondarma qurum nəinki region, bütövlükdə dünya üçün təhdiddir. Çünki bu ərazilərdə terrorçular təlim keçir, narkoticarət aparılır, qanunsuz silah satışları həyata keçirilir, yeraltı-yerüstü sərvətlərimiz talanır, ölkəmizə qarşı içməli su təcavüzü edilir, şirin su hövzələri qəsdən çirkləndirilir; hazırda sayı 1,3 milyon olan qaçqın və məcburi kökçünlərin hüquqları pozulmaqda davam edir. Eyni zamanda Türkiyə də PKK terrorundan, FETÖ-dan, İŞİD hücumlarından əziyyət çəkir. Buna görə də hər iki ölkənin terrorizmə və separatçılığa qarşı mübarizəni gücləndirməsi, öz silahlı qüvvələrini təkmilləşdirməsi və hərbi əməkdaşlığı genişləndirməsi vacibdir və bütün beynəlxalq normalara tamamilə uyğundur”.

Millət vəkili onu da vurğulayıb ki, Türkiyə və Azərbaycan arasında münasibətlərin inkişafının daha yüksək zirvələrini görəcəyik:

“Hazırda şəxsiyyət vəsiqəsi ilə qarşılıqlı səfərlərin mümkünlüyü müzakirə edilir, iqtisadi-ticari əlaqələr günbəgün genişlənir. Azərbaycan bütün transmilli layihələrini Türkiyə üzərindən gerçəkləşdirir. Eyni zamanda hərbi əməkdaşlıq istiqamətində də sazişlərin əhatə dairəsi və miqyası artacaq. Bildiyiniz kimi, Tovuz təxribatının qarşısının alındığı günün səhərin – 17 iyuldan başlayaraq, Rusiyadan Ermənistana silah daşınmasına başlanıb və hələ də daşınır. Bu, bizi narahat etməyə bilməz. Buna görə də işğalçı Ermənistanın hərbi təxribatlarına cavab vermək, torpaqlarımızı işğaldan azad etmək üçün Azərbaycanın Türkiyə ilə hərbi əməkdaşlığını gücləndirməsini milli maraqlarımız tələb edir. Unutmayaq ki, regionda Azərbaycanın ən səmimi tərəfdaşı qardaş Türkiyədir və Türkiyə ilə bütün sahələrdə münasibətlərimizin inkişafı milli təhlükəsizliyimizin təmini üçün vacibdir”.

Etikxeber.az

Read Previous

“Hətta onlar bir-bir cəzalandırılacaqlar…”-GƏNC POLİTOLOQUN BAXIŞI

Read Next

“Bu, təkcə bizə qarşı yox, bütün müsəlman dünyasına qarşı edilən cinayətdir…”-İLHAM ƏLİYEVDƏN NÖVBƏTİ SƏRT SÖZLƏR – FOTOLAR -YENİLƏNİB – (2)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir