Repressiya qurbanlarının xatirəsi Qazaxıstanda anılacaq

Milli Məclisin deputatı, Azərbaycan-Qazaxıstan parlamentlərarası dostluq qrupunun sədri Adil Əliyev repressiya qurbanlarının 80 illiyi ilə bağlı Azərbaycanın Qazaxıstandakı səfirliyinin birgə təşkilatçılığı ilə keçiriləcək tədbirlərdə ölkəmizdən nümayəndə heyətinin iştirakının planlaşdırıldığını deyib.

Etikxeber.az-ın xəbərinə görə, deputat bildirib ki, vaxtilə sürgün olunmuş şəxslərin övladları, nəvələri, nəticələri hazırda Qazaxıstanın ictimai-siyası həyatında önəmli yer tuturlar. Həmin şəxslərdən biri müstəqillik illərində Qazaxıstan parlamentində deputat seçilən ilk azərbaycanlı Məhərrəm Məhərrəmovdur. A.Əliyev deyib: “Hesab edirəm ki, sürgün olunmuş soydaşlarımızın, həmvətənlərimizin Qazaxıstandakı mövqelərinin möhkəmləndirilməsi və onların əzizlərinin yad olunması hər bir azərbaycanlının borcudur”.

Azərbaycan tarixində baş vermiş ən böyük faciələrdən biri də 1920-ci illərdən başlayaraq 30 ilə yaxın davam edən repressiyalar olub. Belə ki, həmin illər ərzində Azərbaycan Respublikası ərazisində insan hüquqlarına zidd qanunlar əsasında totalitar dövlət rejiminin törətdiyi özbaşınalıq, zorakılıq nəticəsində yüz minlərlə günahsız insan əsasən milli özünüdərk və milli dövlətçilik əqidəsinə, siyasi rejimin diktəsinə deyil, milli hissiyyatla düşündüyünə görə repressiyalara məruz qalıb.

Sovet rejiminin əleyhinə söylənilən hər fikirə görə şərləmə, böhtan yolu ilə ölkənin ən işıqlı simaları həbsxana barmaqlıqları arxasına göndərilirdi. Belə adamlar “xalq düşməni” damğası “qazanmaqla” ya güllələnir, ya da SSRİ-nin çox soyuq və yaşayış üçün çətin olan ucqar yerlərinə sürgün edilirdi.

Azərbaycanın Qazaxıstandakı səfirliyinin məlumatına görə, Stalin repressiyaları illərində Qazaxıstanda 150 min azərbaycanlı öldürülüb və bunlardan 28 min nəfəri məhkəmə və istintaq olmadan güllələnib.

Qazaxıstana sürgün olunan məhbuslar bir qayda olaraq Karlaq, Qulaq, Steplaq, ALJİR kimi düşərgələrdə məskunlaşırdılar.

ALJİR – (Akmolinski laqer jen izmennikov rodinı) vətən xainlərinin ailə üzvləri üçün Akmol düşərgəsi deməkdir. 1937-ci ilin avqustundan başlayaraq bu düşərgəyə 20 min qadın göndərilib ki, onların da 44 nəfəri azərbaycanlı olub.

Etikxeber.az

Read Previous

“Arşın mal alan” yenidən Musiqili Teatrın repertuarında

Read Next

“Qəbələ” klubu “Ateitis Cup” turnirində iştirak edəcək

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir