Rize-Artvin Hava Limanının açılış mərasimi-BAŞA ÇATDI – FOTOLAR – YENİLƏNİB – (3)

Mayın 14-də Türkiyədə Rize-Artvin Hava Limanının açılış mərasimi keçirilir.

Etikxeber.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan açılışda iştirak edirlər.

Yeni hava limanına ilk dəfə göyərtələrində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Azərbaycan Prezidenti İlham Əliyevin olduqları təyyarələr eniş etdi.

Hər iki ölkənin dövlət başçılarının təyyarələri nəhəng su tağının altından keçdi.

Rize-Artvin Hava Limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Prezidenti İlham Əliyevi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qarşıladı.

Dövlətimizin başçısı fəxri qarovul dəstəsini salamladı.

Daha sonra qardaş ölkələrimizin prezidentləri açılış mərasiminin keçirildiyi məkana gəldilər.

Dövlət başçıları açılış mərasimində çıxış etdilər.

***

Qeyd edək ki, təməli 2017-ci il aprelin 3-də Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə qoyulan Rize-Artvin Hava Limanı Türkiyədə Ordu-Giresun aeroportundan sonra dənizin doldurularaq inşa edildiyi ikinci, dünyada isə beşinci hava limanıdır.

Rize şəhərinə 34, Artvin şəhərinə isə 125 kilometr məsafədə yerləşən bu aeroport Türkiyənin 58-ci hava limanıdır. Bu hava limanının tikintisi üçün dəniz sahəsinə ümumilikdə 100 milyon ton daşın tökülməsi ilə suyun qurudulması və möhkəmləndirmə işləri aparılıb. Rize-Artvin Hava Limanının ildə təxminən 3 milyon sərnişinə xidmət edəcək.

Müasir tipli böyük təyyarələri qəbul etmək imkanında olan yeni hava limanı müasir standartlara tam uyğundur. Yeni hava limanı dənizə paralel tikilmiş 3045 metr uzunluğunda uçuş-enmə zolağına malikdir.

Ümumi sahəsi 3 milyon kvadratmetr olan Rize-Artvin Hava Limanı Türkiyənin iqtisadiyyatına, o cümlədən turizm sahəsindəki yeni layihələrin həyata keçirilməsinə böyük töhfələr verəcək. İlkin hesablamalara görə, bu hava limanı hər il ən azı 3 milyon sərnişin qəbul edəcək.

Bu hava limanının dənizin doldurularaq inşa edilməsi maraq doğuran suallardandır. Məlum olduğu kimi, Rize-Artvin bölgəsi Anadolu ərazisində ən mürəkkəb coğrafi relyefə malikdir. Türkiyədə həyata keçirilən regionların inkişafı və mövcud potensialdan daha səmərəli istifadə edilməsi strategiyasına uyğun olaraq, yeni hava və dəniz limanlarının inşası, eləcə də dəmir yolu və avtomagistralların tikintisi, körpülərin salınması, tunellərin çəkilməsi mühüm istiqamətlərdəndir. Məhz bu strategiya sayəsində həyata keçirilən layihələr bütün növ daşımalarda əhəmiyyətli irəliləyişlər yaradıb.

Xatırladaq ki, hazırda Türkiyədə mövcud olan 58 hava limanından 37-də beynəlxalq uçuşlar həyata keçirilir. Rize-Artvin Hava Limanının bu sıraya daxil olması Qara dəniz sahili ölkələri ilə hava nəqliyyatı və gəmi-bərələrlə daşımalar və turizm üçün böyük imkanlar yaradır.

Hava limanının çay yarpağı şəklindəki giriş tağı və çay stəkanı formasındakı hava nəqliyyatına nəzarət qülləsi bölgənin yerli memarlıq üslubunda inşa olunub.

Aeroportun əsas binasında türk çayının tanıdılacağı Çaykur muzeyi və kiçik çay fabriki də yaradılıb.

***

“Mən ilk dəfədir ki, Rizədəyəm. Bu diyar haqqında çox eşitmişəm, çox duymuşam. Təyyarə ilə gələrkən, pəncərədən bu gözəl mənzərəni seyr edərkən və artıq bu mənzərəni burada seyr edərkən əziz qardaşıma dedim ki, bu yer cənnətə bənzəyir”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Türkiyədə Rize-Artvin Hava Limanının açılışındakı çıxışında deyib.

Dövlət başçısı qeyd edib ki, Rizənin, Artvinin, Qara dəniz bölgəsinin gözəl, füsunkar təbiəti böyük sərvətdir:

“Amma ən böyük sərvət bu bölgənin insanlarıdır, mərd, vətənpərvər, döyüşkən, Türkiyə Cümhuriyyətinin keşiyində duran insanlardır. Eşq olsun bu insanlara! Mən bu gün qardaşımın məmləkətindəyəm və demək olar ki, öz məmləkətimdəyəm. Rizə Türk dünyasına böyük lider və mənim qardaşım Rəcəb Tayyib Ərdoğanı bəxş edib. Buna görə Sizə minnətdarıq. Bütün Türk Dünyası sizinlə fəxr edir. Bir daha sizi bu gözəl hadisə, hava limanının açılışı münasibətilə təbrik edirəm. Yaşasın Rizə! Yaşasın Türkiyə! Yaşasın Türkiyə-Azərbaycan Birliyi”.

***

Rize-Artvin Hava Limanının açılış mərasimi başa çatıb.

Azərbaycan Prezidenti İlham Əliyevə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana xatirə hədiyyələri təqdim olunub.

Sonra birgə foto çəkdirilib.

Daha sonra Rize-Artvin Hava Limanının açılışını bildirən lent kəsilib.

17:06

***

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın çıxışı-TAM MƏTN:

– Azərbaycan Prezidenti qardaşım hörmətli Əliyev. Milliyyətçi Hərəkat Partiyasının sədri hörmətli Dövlət Bağçalı, Böyük Birlik Partiyasının sədri hörmətli Mustafa Destici.

Hörmətli rizeli və artvinli həmyerlilərim, hörmətli qonaqlar.

Sizləri ən səmimi duyğularımla, məhəbbətlə salamlayıram.

Ölkəmizin qürurverici əsərləri arasında yer alan Rize-Artvin Hava Limanımızın şəhərlərimizə, bölgəmizə və millətimizə xeyirli olmasını diləyirəm.

Qardaşım Əliyevə, cənab Bağçalıya, cənab Desticiyə və digər qonaqlarımıza bu gözəl günümüzü bizlərlə bölüşdükləri üçün şəxsən öz adımdan və millətim adından təşəkkür edirəm.

Xalqa xidmət siyasətimizin son nümunəsi olan bu hava limanımız adi bir layihə deyil. Dünyada dəniz üzərində inşa edilən cəmi beş hava limanı var. Bunların açılışını etdiyimiz Rize-Artvinlə birlikdə ikisi ölkəmizdədir. Beləliklə, ölkəmizdəki hava limanlarının sayını 26-dan 58-ə çatdırdıq.

Prezident Rəcəb Tayyib Ərdoğan ötən illərdə Türkiyənin əsaslı və kompleks inkişaf yolu keçdiyini vurğuladı. Dövlət başçısı iqtisadiyyatın hərtərəfli inkişaf etdiyini, o cümlədən nəqliyyat sahəsinin köklü inkişafı üçün silsilə layihələrin reallaşdırıldığını bildirdi. Bu baxımdan istismara verilən yeni Rize-Artvin Hava Limanının da mühüm əhəmiyyət kəsb etdiyini söylədi.

Türkiyə Prezidenti çıxışında təhsil, səhiyyə, abadlaşdırma, yeni yaşıllıqların və istirahət ocaqlarının yaradılması üçün də çoxsaylı layihələrin həyata keçirildiyini qeyd etdi.

Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyədə xalqın rifah halının daha da yaxşılaşdırılmasının maksimum diqqətdə saxlandığını və bu sahədə ardıcıl tədbirlərin reallaşdırıldığını vurğuladı. Ölkəsinin beynəlxalq səviyyədə də milli maraqlarını daim inamla müdafiə etdiyini bildirən dövlət başçısı dedi:

– Türkiyənin ikiəsrlik demokratiya və inkişaf yolu öz tarixi, həm də bütün dost və qardaşları, bölgəsi üçün böyük bir uğur hekayəsidir. Bu, elə bir uğur hekayəsidir ki, özündə bizim mübarizə ruhumuzu ehtiva edir. İndi mən qarşımda sizi belə görürəm. Bunu Qarabağda sübut etdiniz. Bunu Liviyada sübut etdiniz. Əminəm ki, Qabarda, Cudidə, Tendürekdə, Beşlər dərəsində bütün terror təşkilatlarına qarşı sübut etdiniz.

Prezident Rəcəb Tayyib Ərdoğan hərtərəfli dövlət siyasəti sayəsində Türkiyənin inamla və qətiyyətlə irəlilədiyini, dünyanın ən güclü və beynəlxalq səviyyədə söz sahibi olan ölkələrindən birinə çevrildiyini vurğuladı. O, Türkiyənin bütün bölgələri kimi, Rize və Artvin bölgələrinin də kompleks inkişafı üçün ardıcıl tədbirlərin davam etdirildiyini söylədi. Yeni hava limanının açılışı münasibətilə bir daha təbriklərini çatdıran Prezident Rəcəb Tayyib Ərdoğan dedi:

– Bu duyğularla bir daha Rize-Artvin Hava Limanımızın şəhərlərimizə və bölgəmizə xeyirli olmasını diləyirəm. Bu hava limanının ölkəmizə qazandırılmasında əməyi keçən başda nəqliyyat nazirimə, heyətinə, memar, mühəndis və işçilərimizə, podratçı firmalarımıza sizin hüzurunuzda xüsusilə təşəkkür edirəm.

Hava limanımızın açılış sevincini bizimlə bölüşən hörmətli Əliyev qardaşıma bir daha minnətdarlığımı bildirirəm. Sizləri sevgi və ehtiramla salamlayıram. Sağ olun.

Etikxeber.az

Read Previous

Rizedə Azərbaycan və Türkiyə prezidentlərinin görüşü: ƏLİYEV ƏRDOĞANI AZƏRBAYCANA SƏFƏRƏ DƏVƏT ETDİ – FOTOLAR – YENİLƏNİB

Read Next

Rusiyameylli partiyalar qadağan edildi-UKRAYNADA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir