Ronaldo “ən yaxşı” seçildi

FİFA-nın mənzil-qərargahının yerləşdiyi Sürix şəhərində “Best FIFA Football Awards 2016” çərçivəsində ötən il üçün planetin ən yaxşı futbolçusunun adı açıqlanıb.

Etikxeber.az xəbər verir ki, FİFA versiyası üzrə “2016-cı ilin ən yaxşı futbolçusu” adına əsas favoritlər sırasında “Real Madrid“ klubunun hücumçusu Kriştiano Ronaldo, “Barselona“ klubunun yarımmüdafiəçisi Lionel Messi və “Atletiko Madrid“ klubunun şərəfini qoruyan Antuan Qrizmannın adı öndə olub. Ötən il “Real Madrid“ klubu ilə Çempionlar Liqasını qazanan və futbol üzrə Avropa çempionu olan Kriştiano Ronaldo “2016-cı ilin ən yaxşı futbolçusu” adına layiq görülüb.

“Dünyanın ən yaxşı qadın futbolçusu” nominasiyasında mükafat ABŞ-ın “Hyuston” klubunun oyunçusu Çarli Lloyda təqdim olunub.

“Ən yaxşı baş məşqçi“ nominasiyasında mübarizə Klaudio Ranieri (“Leyçester Siti“ klubunun baş məşqçisi), Fernando Santoş (Portuqaliyanın milli komandasının baş məşqçisi) və Zinəddin Zidan (“Real Madrid“ klubunun baş məşqçisi) arasında olub. “Leyçester Siti“ klubunu gözlənilməz şəkildə İngiltərə çempionluğunu qazandıran Klaudio Ranieri bu mötəbər mükafata layiq görülüb.

Qadınlar arasında “ötən ilin ən yaxşı məşqçisi” adına qadınlar üzrə Almaniya yığma komandasının baş məşqçisi Silvia Nayd layiq görülüb.

Mükafatlandırma mərasimində, həmçinin rəmzi olaraq 2016-cı ilin ən yaxşı futbolçularından ibarət dünya yığması – FİFPro təqdim edilib. Həmin komandanın tərkibi belə olub: Manuel Noyer (qapıçı), Dani Alveş, Jerar Pike, Serco Ramos, Marselo (müdafiəçi), Luka Modriç, Toni Kroos, Andres İniesta (yarımmüdafiəçi) və Lionel Messi, Luis Suares, Kristiano Ronaldo (hücumçu).

2016-cı ilin ən gözəl qolunun müəllifinə verilən “FİFA Puşkaş mükafatı”nı isə Mohd Faiz Subri (Malayziya, “Penanq” klubu) qazanıb.

“FİFA Feyr-pley mükafatı”nın sahibi isə Kolumbiyanın Medellin şəhərinin “Atletiko Nasional“ klubu olub. “Cənubi Amerika Kuboku“nun finalında görüşməli olduğu Braziliyanın “Şapokoenze“ klubunun oyunçuları təyyarə qəzası keçirdikdən sonra “Atletiko Nasional“ kubokdan rəqib komandanın xeyrinə imtina edib.

Planetin ən yaxşı futbolçusu və baş məşqçisinin seçilməsi də baş tutub. Ötən il noyabrın 4-dən 22-dək aparılan səsvermədə dünyanın bütün milli komandalarının kapitanları, baş məşqçiləri, futbol azarkeşləri və seçilmiş media nümayəndələri (hər bir qrup müvafiq olaraq səslərin 25 faizi olmaqla) iştirak ediblər. FİFA-nın təşkil etdiyi və ilk dəfə keçirilən “Ən yaxşılar“ mükafatı “Qızıl top“ mükafatına alternativ kimi dəyərləndirilir.

Etikxeber.az

Read Previous

Neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişdi

Read Next

Vlodarçik 2016-cı ilin ən yaxşı idmançısıdır…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir