“Ruhu, qanı, canı ilə sülh tərəfdarı olan Azərbaycan xalqı!”-ZİYAD SƏMƏDZADƏ HƏRB, MÜHARİBƏ DÖVRÜNÜN İQTİSADİYYATINDAN VƏ DİGƏR MƏSƏLƏLƏRDƏN YAZIR – (BİRİNCİ HİSSƏ)

Azərbaycan xalqı yarandığı, formalaşmağa başladığı gündən, tarixdə daim insanpərvərliyi, sülhpərvərliyi, rəhmi, mərhəməti, ədaləti ilə seçilib, fərqlənib, tanınıb.

Heç zaman qan tökməyə, başqalarının torpaqlarını zəbt və qəsb etməyə cəhd göstərməyib, çalışmayıb, bunu ağlının ucundan belə keçirməyib.

Heç kimin ərazisinə göz dikməyib, hər zaman ətrafında olan, yaşayan xalqlarla, dövlətlərlə xoş, səmimi münasibətlərə üstünlük verib, sülhdən, əmin-amanlıqdan yana olub.

Hətta, tarixən, zaman-zaman haqsızlıqlara, qəsblərə, zəbtlərə, işğalçılıq və təcavüzkarlıqlara məruz qalsa da, yenə də insanlıq göstərib, bəşəri dəyərlərə sadiq qalıb, qocalara, qadınlara, uşaqlara, körpələrə rəhm, mərhəmət nümayiş etdirib.

Çünki rəhm, mərhəmət, ədalət Azərbaycan xalqının ruhunda, damarlarında axan qanında olub, nəsillərdən-nəsillərə keçib, ötürülüb. Buna yazılı və şifahi ədəbiyyatımızda, Azərbaycana səyahət edən səyyahların, tanınmış insanların, elm və əbədiyyat adamlarının, tarixçilərin, entoqrafların, arxeoloqların əsərlərində də rast gəlmək olar.

Hələ əsrlər, yüz illər öncə ulu Dədə Qorqud, Ozan Dədəmiz Azərbaycan xalqını düşmən, qəsbkar üzərinə gedərkən, müqəddəs Qopuzu ilə uğurlayıb, onu düşməndən fərqli olaraq, amansız olmamağa, qadına, qocaya, körpəyə rəhm etməyə, mərhəmət göstərməyə səsləyib. Özü ilə bərabər xalqımızı dünyanın rəhm, mərhəmət simvoluna çevirib.

Bununla da niyyətinin əzmək, məhv, qəsb, zəbt etmək deyil, yalnız və yalnız torpaqlarını qorumaq, özünü müdafiə etmək olduğunu hər kəsə nümayiş etdirib. Qana susamayıb, qan axıdılmasından, qan tökülməsindən sevinməyib.

Əsrlərdən, qərinələrdən, gendən, qandan irəli gələn bu dəyərlər tarixin hər dönəmində qorunub-saxlanılıb, yaşadılıb.

Məşəqqətli, əzablarla dolu son 3 əsr…

Xüsusilə, son 2 əsr, o cümlədən artıq beşdə birini geridə qoymağa hazırlaşdığımız 21-ci əsrdə xalqımız tarixin, həyatın çox böyük amansızlıqları, sınaqları ilə üzləşib. 19-cu əsrdə icazəsi və razılığı olmadan, başının üzərindən verilən ədalətsiz qərarlarla-müqavilələrlə, çar Rusiyası və şah rejimi-İran tərəfindən ikiyə bölünüb, parçalanıb, ilhaq edilib, Araz boyda ürəyinə dağ çəkilib.

Bunlar azmış kimi, 20-ci əsrin əvvəllərində 1905-ci, 1918-ci ildə Rusiya tərəfindən başqa torpaqlardan məqsədli şəkildə bizim ərazilərə, Azərbaycan-türk torpaqlarına yerləşdirilən məkrli və riyakar ermənilərin təcavüzünə, zülmünə, amansızlığına məruz qalıb, 1918-ci ilin qanlı və dəhşətli qırğınlarını, 31 mart soyqırımını yaşayıb.

Ancaq yenə də insanlığından, ədalətindən, rəhmindən əl çəkməyib, özünü qoruyub, amma ermənilər və onların qanlı havadarlarının göz yumması ilə qadınları, qocaları, uşaqları süngüdən keçirməyib, bunu ağlına belə gətirməyib. Hansı ki, özü hər cür zülmlərə, qəddarlıqlara, amansızlıqlara, insanlıqdan uzaq hərəkətlərə, davranışlara məruz qalıb.

Artıq 32 ildir xalqımız yenidən təcavüz, işğal faktı ilə üz-üzə qalıb. Ermənipərəst Qorbaçovun, keçmiş Mərkəzi-Kreml hakimiyyətinin açıq-gizli dəstəyi ilə 1988-ci ilin yanvar-fevral aylarında Azərbaycana qarşı yenidən ərazi, torpaq iddiaları irəli sürən, Qarabağ münaqişəsini alovlandıran köçürülmə qonşularımız ötən 32 il ərzində xalqımıza olmazın zülmlər, amansızlıqlar, qəddarlıqlar edib.

1988-ci ildə indiki Ermənistan adlanan (əslində Ermənistan adlı dövlət məhz onun havadarları, güc mərkəzləri tərəfindən bizim torpaqlarda yaradılıb, ermənilərə peşkəş edilib) şər ocağında – Quqark və Masisdə azərbaycanlılara qarşı böyük qəddarlıq göstərilib, azərbaycanlılar dəmir borulara, torbalara doldurularaq, ağızları qaynaqlanaraq, amansızlıqla qətlə yetiriliblər.

Cəmi 4 il ərzində – 1988-92-ci illərdə Bağanıs Ayrımda, Xocalıda, Meşəlidə, Qaradağlıda, Cəmillidə, Umudluda, Ağdabanda, Ballıqayada soyqırımları, insanlıq dramları yaşadıblar, metrostansiyalarımızda, dəmir yolu, avtobus, dəniz, gəmi, hava limanlarında terraktlar törədiblər, 1991-ci ilin 20 noyabr dəhşətini-qətliamını, Qarakənd faciəsini yaşadıblar… Nəinki hərbçilərimizə, əsgərlərimizə, hətta, əliyalın qocalarımıza, yaşlılarımıza, qadınlarımıza, körpələrimizə, uşaqlarımıza belə rəhm göstərməyiblər, onlara qarşı insanlıqdan uzaq nə varsa, ediblər.

Amma yenə də torpaqları, Vətəni uğrunda silaha sarılan igidlərimiz, oğul və qızlarımız öz rəhmindən, mərhəmətindən əl çəkməyib, düşmənin etdiklərini təkrarlamayıb. 26 illik atəşkəs dövründə yenə də Ermənistan və ermənilər tərəfindən təxribatlar, fitnəkarlıqlar törədilib, növbəti zəbt və qəsb planlarına baş vurulub, qanlar axıdılıb. 9 yaşlı Fariz Bədəlov, 2 yaşlı körpə – Zəhra Quliyeva nənəsi Sahibə Quliyeva amansızlıqla qətlə yetirilib… Bir deyil, beş deyil…

Ermənilərin və Ermənistanın etdiklərini, başımıza gətirdiklərini saymaqla qurtarmaq mümkün deyil. Yenə də xalqımız, əsgərlərimiz, Ordumuz səbir göstərib, insanlıq nümayiş etdirib, mülki əhaliyə heç zaman hansısa hərəkətlərə yol verməyib. Bizim elə ermənilər və onları dəstəkləyənlərdən fərqimiz budur. Biz heç zaman onlar kimi olmamışıq, ola bilmərik və olmayacağıq. Bizim bir xalq, bir toplum olaraq üstünlüyümüz də elə bundadır.


Bəli, 32 ildir ki, təcavüzə, işğala məruz qalmışıq.

Münaqişə nə sovetlər dövründə ədalətli həllini tapıb, nə də 29 illik ikinci müstəqillik dövrümüzdə. 28 ildir münaqişənin həlli ilə məşğul olmaq üçün ATƏT-in Minsk Konfransı (Minsk qrupu) təşkil edilib, 11 üzvü var. 23 ildir ki, Rusiya, Fransa və ABŞ-ın iştirakı ilə həmsədrlik institutu formalaşdırılıb, onlara münaqişəni sülh və danışıqlar yolu ilə həll etmək üçün vasitəçilik missiyası həvalə olunub, mandat verilib. Üzvü olduğumuz BMT bizi 86,6 kvadratkilometr əraziyə malik və sahib olan ölkə kimi üzv qəbul edib, tanıyıb, 1993-cü ildə BMT TŞ Ermənistan-Azərbaycan münaqişəsinin həll edilməsi üçün 4 qətnamə edib.

Eyni zamanda, Minsk qrupu ölkələrinin dominantlıq təşkil etdiyi Avropa Şurası Parlament Assambleyası tərəfindən 2005-ci ildə 1416 saylı qətnamə qəbul edilib. Eləcə də, bir neçə müddət öncə Avropa Parlamenti Ermənistanın işğalçılığını pisləyən qətnamə ortaya qoyub. Ancaq çox təəssüflər olsun ki, bu günədək onların biri də yerinə yetirilməyib. Hansı ki, bu təşkilatların, burada dominantlıq edən dövlətlərin, xüsusilə, BMT Təhlükəsizlik Şurasının veto hüququna malik olan 3 dövlətinin əlində kifayət qədər təsir və təzyiq mexanizmləri olmasına rəğmən, Ermənistana qarşı bu illər ərzində bir addım belə addım atılmayıb, ona sanksiyalar tətbiq olunmayıb, onu işğaldan çəkindirmək, sülhə razı salmaq üçün nəinki cəzalandırma heç təzyiq metodları da seçilməyib.

Əksinə, çox təəssüflər olsun ki, Ermənistana çox zaman açıq və gizli dəstək nümayiş etdirilib, onlara “yaşıl işıq” yandırılıb, növbəti işğalçılıq hərəkətlərinə həvəsləndirilib, iştahlandırılıb. Xüsusilə də, həmsədr ölkələrin üçü də açıq-aşkar erməni və ermənistanpərəstlikləri ilə seçiliblər.
Məsələn, Rusiyanın münaqişə başlayandan bu günə kimi, Ermənistanı silahlandırması heç kim üçün sirr deyil. Bunu özləri, öz siyasətçiləri, rəsmiləri də etiraf edirlər. Bir müddət öncə iki ölkə liderinin telefon danışıqları zamanı bu faktlar qarşı tərəfin diqqətinə belə çatdırılıb.

Eyni zamanda, bu günlərdə 3 yerli telekanala müsahibəsində möhtərəm Prezidentimiz tərəfindən bu faktlar – həm Şimal qonşumuzun, həm də Azərbaycanın hər zaman əl uzatdığı Serbiya tərəfindən Ermənistana silahların ötürülməsi məsələsi dilə gətirilib, bunların yolverilməzliyi ilə bağlı sərt, kəskin etiraz ifadə edilib.

Bəli, münaqişəni həll etməli olan beynəlxalq qurumlar, orbitrlik missiyasını üzərinə götürənlər bu illər ərzində missiyalarının tam ziddinə, əksinə olan fəaliyyətlər sərgiləyiblər. Arada-sırada da quru, boş, mənasız, çəkisi, təsiri olmayan bəyanatlar verməklə, özlərinin missiyalarını başa çatmış sayıblar. Nəticədə də münaqişə uzana-uzana gedib, dalana dirənib.

Xəbərdarlıqlar, mesajlar və…

Bu ilin iyul ayında Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində törətdiyi növbəti qanlı və təxribat hərəkətlərinə layiqli cavab verilsə də, düşmən və təcavüzkar ölkə, onu üzərimizə qaldıranlar təəssüflər olsun ki, bundan da nəticə çıxarmadı. Həm həmin ərəfədə, həm sonrakı dönəmlərdə Azərbaycan dövləti, xüsusilə, ölkə Prezidenti tərəfindən dəfələrlə xəbərdarlıq edilsə də, sərt mesajlar verilsə də, qarşı düşmən tərəf yenə nəticə çıxarmadı, ibrət götürmədi.

Hansı ki, istər Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini qəbul edərkən, istərsə BMT Baş Assambleyasının 75-ci Sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli iclasında, o cümlədən ümumi debatlarda çıxışları zamanı Azərbaycan Prezidenti adları çəkilən qurumlara, beynəlxalq birliyə, dünya ictimaiyyətinə bir daha səslənərək, Ermənistanı müharibə ritorikasından, təcavüzkarlıq siyasətini, təxribatçılıq hərəkətlərini davam etdirməkdən çəkindirməyə çağırış etmişdi. Dövlət başçımız Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi ilə görüşündə demişdi:

“Kəşfiyyat mənbələrimizdə məlumat var ki, çox ciddi hərbi hazırlıqlar gedir, onların hərbi qüvvələri təmas xəttində, dövlət sərhədində cəmləşir. Biz vəziyyəti izləyirik və özümüzü müdafiə edəcəyik, Tovuzda etdiyimiz kimi, başqa bir çox hallarda etdiyimiz kimi. Əgər onlar bizə hücum etsələr, peşman olacaqlar. Mən, sadəcə olaraq, sizin bunu bilməyinizi və bu mesajı Avropa Komissiyasına çatdırmağınızı və Avropa Komissiyasının təcavüzkarın yeni təxribatlarını dayandırmaq üçün nə edə biləcəyini görmək istəyirəm”.


Və yaxud, BMT Baş Assambleyasının 75-ci Sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasında həm Azərbaycan Prezidenti, həm də Qoşulmama Hərəkatının sədri kimi geniş və dərin məzmunlu nitq söyləyən cənab İlham Əliyev açıq və birmənalı şəkildə bildirmişdi:

“Təcavüzkar ritorika və təxribatlar Ermənistanın Azərbaycana qarşı yeni təcavüzə hazırlaşdığını nümayiş etdirir. Biz BMT-ni və beynəlxalq ictimaiyyəti Ermənistanın növbəti hərbi təcavüzdən çəkindirilməsinə dəvət edirik. Təxribatların baş verməsinə və gərginliyin artırılmasına görə məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Ermənistan-Azərbaycan münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində və BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həll edilməlidir”.

Bəli, yuxarıda da qeyd etdiyimiz kimi, çox təəssüflər olsun ki, bu günədək ATƏT-in Minsk qrupunun həmsədrlərinin fəaliyyəti heç bir nəticə verməyib. Düzdür, Minsk qrupunun həmsədr ölkələri – Rusiya, Fransa və ABŞ prezidentlərinin bəyanatlarında status-kvonun qəbuledilməz olduğu vurğulanıb, biz həmin bəyanatları alqışlayırıq, lakin bəyanatlar, sözlər kifayət etmir. Bizim real addımlara ehtiyacımız var. Təkcə həmsədr dövlətlər deyil, ATƏT-in Minsk qrupunun bütün 11 üzvü prosesdə fəal iştirak etməlidir. BMT Təhlükəsizlik Şurasının 853 saylı qətnaməsinə əsasən, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmasının yenilənmiş zaman qrafiki tərtib edilməlidir.

BMT-nin müvafiq təsisatları BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasına və azərbaycanlı məcburi köçkünlərin doğma torpaqlarına qayıtmasına töhfə verməlidir. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin vaxt məhdudiyyəti yoxdur. Həmin qətnamələr icra edilənə qədər qüvvədədir. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin təhrif olunması isə qəbuledilməzdir. Bunlar bizim haqlı tələblərimiz və gözləntilərimizdir. Bunlara mütləq şəkildə real, əməli addımlarla cavab verilməlidir. Biz daha 32 il gözləyə bilmərik. Münaqişə müsbət və ədalətli həllini tapmalıdır. Bu, BMT-nin, ATƏT-in, Minsk qrupunun borcudur, vəzifəsidir.

Bəli, bütün kürsülərdən, o cümlədən BMT toplantısından-tribunasından edilən xəbərdarlıqlar, sərt mesajlar da çox təəssüflər olsun ki, isterik vəziyyətdə olan bədnam Paşinyan hakimiyyətini ayıltmadı, onlar bundan nəticə çıxarmaq əvəzinə, daha da avantürist addıma, təxribata əl atdılar, sentyabrın 27-dən səhər saatlarından etibarən bütövlükdə atəşkəs rejimini pozdular, növbəti işğal və qəsb planlarını həyata keçirməyə cəhd etdilər. Dərhal da layiqli, kəskin cavablarını aldılar. Azərbaycan Silahlı Qüvvələrinə, müzəffər Azərbaycan Ordusuna əks-hücum, əks-həmlə əməliyyatına, əslində torpaqlarımızın son qarışınacan azad edilməsi üçün Vətən müharibəsinə başlamaq, döyüş əmri verildi.

Sentyabrın 27-də Dövlət Televiziyası ilə Azərbaycan xalqına tarixi müraciət edən Ali Baş Komandan bildirdi ki, Azərbaycan Ordusu Azərbaycan torpaqlarında düşmənə sarsıdıcı zərbələr endirir. Azərbaycan Ordusu öz torpağında Azərbaycanın ərazi bütövlüyünü qoruyur, müdafiə edir. Həmçinin, bəyan etdi ki, bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Çünki tarixi ədalət bizim tərəfimizdədir.

Çünki bu, bizim doğma, dədə-baba torpağımızdır. Beynəlxalq hüquq bizim tərəfimizdədir. Bütün beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Bütün ölkələr Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Beynəlxalq təşkilatlar çərçivəsində qəbul edilmiş qərar və qətnamələr Dağlıq Qarabağın Azərbaycana məxsus olduğunu açıq-aydın təsbit edir. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsində deyilir ki, erməni silahlı qüvvələri dərhal, tam və qeyd-şərtsiz işğal edilmiş torpaqlardan çıxarılmalıdır.

Eyni zamanda, xalqa müraciətindən az sonra ölkənin güc strukturlarının rəhbərlərinin, dövlət rəsmilərinin iştirakı ilə Təhlükəsizlik Şurasının iclasını çağıran dövlət başçımız bir daha birmənalı və qətiyyətli mövqeyini nümayiş etdirdi, Qarabağ, torpaq məsələsində güzəşt olmadığını və olmayacağını bildirdi, “Biz haqq yolundayıq, biz özümüzü müdafiə edirik. Biz heç kimin torpağına göz dikməmişik, heç kimin torpağında, Ermənistan ərazisində Azərbaycan silahlı birləşmələrinin heç bir məqsədi, hədəfi yoxdur. Ancaq biz öz torpağımızda özümüzü müdafiə edəcəyik və işğal edilmiş torpaqlarımızı işğalçılardan azad edəcəyik” – deyə, çıxışını tamamladı.

Bütün dünya bir daha Azərbaycanın Qarabağ, torpaq məsələsində əzmini, iradəsini, mövqeyini gördü. Gördü ki, Qarabağ, torpaq məsələsində indiyə qədər güzəşt olmadığı kimi, bundan sonra da güzəşt olmayacaq, bunu Azərbaycandan ummaq və gözləmək əbəsdir, mənasızdır. Azərbaycanın mövqeyi birmənalı və dəyişməzdir.

Bəli, müharibə dövrünün öz qanunları var. Bunlardan biri də hərbi vəziyyətin elan edilməsidir. Bu, ərazisində müharibə gedən, münaqişə ocağı olan hər bir ölkədə rast gəlinən, tətbiq edilən və zərurətdən doğan bir vəziyyətdir. Biz də bunları bir zamanlar, Qarabağ hadisələri başlayandan bir müddət sonra yaşamışıq, görmüşük. Təbii ki, o zaman reallıqlar və şərtlər tam başqa idi. Biz hələ sovetlər dövlətinin tərkibində idik, müstəqil deyildik, tətbiq edilən hərbi vəziyyətin də bizim maraqlarımıza nə dərəcədə cavab verib-vermədiyi özü qaranlıq və mübahisəli idi.

Ancaq indi biz müstəqil dövlətik, hələ də müharibə vəziyyətində, müharibə şəraitindəyik. Belə olan halda, yəni, həm müharibə şəraitində olmağımız, həm də sentyabrın 27-dən etibarən yaranmış yeni şərait, Vətən müharibəsi ölkəmizdə hərbi vəziyyətin, bəzi bölgələrdə isə komendant saatının elan və tətbiq edilməsini zəruri edirdi. Bu, qaçılmaz bir məsələ və reallıq kimi, ortadaydı.

Odur ki, elə həmin ayın 27-si axşam saatlarında 6-cı çağırış Milli Məclisin (MM) təcili iclası çağırıldı və burada cəmi bir məsələ müzakirə olundu – ölkəmizdə yaranmış durumla, yeni situasiya ilə bağlı hərbi vəziyyətin elan edilməsi. İclasda aparılan müzakirələrdən sonra ölkədə hərbi vəziyyətin elan olunması ilə bağlı qərar yekdilliklə qəbul edildi və imzalanaraq, hüquqi qüvvəsinə minməsi üçün dərhal ölkə Prezidentinə göndərildi. Ölkə başçısı öz səlahiyyətlərindən istifadə edərək, ölkədə hərbi vəziyyətin elan olunması ilə bağlı qərarı təsdiqlədi, Fərman verdi.

Və beləliklə, ayın 28-dən, saat 00:00-dan ölkədə hərbi vəziyyətin, Bakı, Gəncə, Naftalan, Yevlax şəhərləri də daxil olmaqla, bütün sərhədyanı və cəbhəyanı bölgələrdə axşam saat 21:00-dan səhər saat 06:00-a qədər komendant saatının tətbiq edilməsinə başlanıldı. Artıq 10 gündür ölkəmizdə hərbi vəziyyət və bir neçə bölgəmizdə komendant saatı hökm sürür ki, bu da yalınız və yalnız xalqımızın, dövlətimizin milli maraqlarının, təhlükəsizliyinin təmin edilməsi üçün atılan önəmli və vacib addımdır.

Bütün xalqımız bunu məhz bu cür qiymətləndirir, təqdir edir, dəstəkləyir.Hərbi vəziyyət həm də o deməkdir ki, artıq ölkədə fəaliyyət göstərən bütün müəssisələr, fabrik və zavodlar hamısı ona uyğun fəaliyyət göstərir və göstərməlidir. Bunun özü də ikiqat, üçqat məsuliyyət deməkdir. Çünki adi dövrdəki iş rejimi ilə hərbi vəziyyət dövründəki iş rejimi tamamilə fərqlidir. Hər bir addım, hər bir fəaliyyət məhz müharibə dövrünün və hərbi vəziyyətin şərtləri daxilində olmalıdır.

İnsanlarımız da bunu məhz bu cür qəbul edir və öz iş, əmək rejimlərini ona görə qururlar, qurmağa çalışırlar. Bununla belə, müharibə dövrünün iqtisadiyyatı özü tamam fərqli bir məsələ, situasiyadır. Çox şükürlər olsun ki, ölkəmizdə iqtisadiyyat güclüdür, kifayət qədər maliyyə, valyuta ehtiyatlarımız mövcuddur. İnsan resurslarımız, təbii resurslarımız, işçi qüvvəmiz yetərincədir. Bunlar bizim üstünlüklərimizdir və təbii ki, bu üstünlüklər iqtisadiyyatımızın müharibə və hərbi vəziyyət dövrün reallıqlarına uyğunlaşmasına və cavab verməsinə tam imkan yaradır.

Ancaq gəlin görək qarşı – düşmən tərəfdə vəziyyət necədir, onların iqtisadiyyatı – həm Ermənistanın, həm də qondarma, separatı “DQR”-in “iqtisadiyyatı” hərbi vəziyyətin reallıqlarına cavab verirmi? Birmənalı şəkildə demək olar ki, xeyr. Çünki onlarda nə demoqrafik artım var, olan əhali də artıq başını götürüb başqa ölkələrə üz tutur, nə də təbii sərvətlərə, resurslara malikdirlər. İqtisadiyyatları çökmüş, ondan-bundan asılı vəziyyətdir, heç bir iri müəssisələri özlərinə məxsus deyil, özləri idarə etmir. Bunlar isə heç şübhəsiz ki, həm Ermənistanın, həm də “DQR”-in mövcud durumuna, ən əsası, hərbi vəziyyətinə ciddi təsir göstərir və göstərməkdədir.

Vəziyyətin bu cür davam edəcəyi, yəni, işğal olunmuş ərazilərimizin bir-bir azad olunacağı təqdirdə də (buna da zərrə qədər şübhəmiz yoxdur və ola da bilməz), həm Ermənistanın, həm ondan asılı olan “DQR”-in sosial-iqtisadi durumu daha da pisləşəcək, daha da kəskinləşəcək. Bunlar həmçinin digər problemləri, kataklizmləri də qaçılmaz edəcək. Ermənistanı xaos, anarxiya, böhran daha da bürüyəcək, bunun altından çıxmaq isə mümkünsüz və müşkül olacaq. Bu da heç şübhəsiz ki, bizim xeyrimizədir. Çünki biz bütün məsələlərdə onlardan qat-qat, müqayisəyəgəlməz dərəcədə üstünük və öndəyik. Bizim potensialımız, uzun illərdir yaradılan baza buna imkan verir və bunu şərtləndirir.

Eyni zamanda, torpaqlarımız işğaldan azad olunandan sonra həmin ərazilərin bərpası, orada yenidən infrastrukturun yaradılması, əhalinin məskunlaşdırılması məsələləri ən ümdə məsələlərdən olacaq.

Odur ki, indidən bu istiqamətdə də addımların atılması, qayıdış proqramlarının hazırlanması lazımdır.

Təbii ki, bunlar üzərində də işlər gedir, ancaq son günlərin yaşananları, əldə edilən və gözlənilən uğurlar bu prosesin bir qədər də sürətləndirilməsini zəruri edir.

(ARDI VAR)

16:38, 6 oktyabr

Ziyad SƏMƏDZADƏ,

Millət vəkili, akademik

Etikxeber.az

Read Previous

Yunanıstanın öz səfirini geri çağırmasına-XİN-DƏN MÜNASİBƏT…

Read Next

“Biz Haqq savaşı aparırıq…Allah da Haqqın, bizim yanımızdadır…”-ELDAR İBRAHİMOV AZƏRBAYCAN-TÜRKİYƏ-PAKİSTAN DOSTLUQ VƏ QARDAŞLIĞINDAN YAZDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir