“Rusiyanın bəzi siyasətçiləri bu gün Cənubi Qafqazda baş verən prosesləri dərindən analiz etmək iqtidarında deyil…”-RAMİN MƏMMƏDOV

Təəssüf ki, Rusiyanın bəzi siyasətçiləri bu gün Cənubi Qafqazda baş verən prosesləri dərindən analiz etmək iqtidarında deyil. Rusiya Liberal Demokrat Partiyasının rəhbəri Vladimir Jirinovski isə belə siyasətçilərin ön sırasında gəlir. Onun “Komsomolskaya Pravda” nəşrinə açıqlamasını mən daha çox bu kontekstdə qiymətləndirirəm.

Etikxeber.az-ın xəbərinə görə, bunu mediaya açıqlamasında Milli Məclisin deputatı Ramin Məmmədov deyib.

Onun fikrincə, bu gün regionda cərəyan edən proseslərin təhlili göstərir ki, Azərbaycan və Rusiyanın bir çox istiqamətlərdə maraqları üst-üstə düşür. İki ölkənin münasibətlərinin strateji tərəfdaşlıq kimi səciyyələndirilməsi də məhz bunun nəticəsidir.

Milli Məclisin deputatı bildirib ki, ötən il Azərbaycanın tarixi zəfəri ilə başa çatan Vətən Müharibəsindən sonra bütün region xalqlarının tarixində yeni bir dövrün başlanmasına imkan yaradan tarixi şans yaranıb:

“Bu yeni reallıqları praqmatik qiymətləndirməyi bacaran bütün dövlətlər, o cümlədən Rusiya bölgədə sülhün, sabitliyin, təhlükəsizliyin təmin olunması üçün bütün imkanlarını səfərbər etməyə çalışır. Rusiyanın Azərbaycan ərazisindəki sülhməramlı qüvvələrinin də əsas məqsədi prosesə töhfə verməkdir. Çünki ən yaxın illərin təcrübəsi göstərdi ki, region xalqlarının inkişafı, rifahı və gələcəyi baxımından əməkdaşlığın, sülhün alternativi yoxdur. Görünür, özünü Rusiya liberal demokratlarının lideri kimi təqdim edən Jirinovski bu reallıqlardan ya tamamilə xəbərsizdir, ya da baş verənlərə fərqli maraqlar kontekstində yanaşır. Hər iki halda bu, yumşaq desək, peşəkar siyasətçi yanaşması deyil”.

Ramin Məmmədov V.Jirinovskinin açıqlamasının iki ölkə arasında münasibətləri fərqli şəkildə cəmiyyətə təqdim etmək cəhdi kimi dəyərələndirdiyini deyib.

Millət vəkilinin dediyinə görə, Jirinovski dəfələrlə bir-birinə zidd, heç bir ciddi arqumentə əsaslanmayan qalmaqallı bəyanatlarla çıxış edib:

“Eyni hadisəni və ya prosesi bu gün bir, sabah başqa cür şərh etmək bu şəxsin siyasi karyerasının bütün mərhələləri üçün xarakterikdir. Mənim fikrimcə, özünə hörmət edən siyasətçi öz təfəkkür tərzindən daha yüksəkdə duran proseslərə qiymət verməkdən çəkinməlidir. Çünki belə cəhdlər onun haqqında onsuz da müsbət olmayan ictimai rəyə yeni ştrixlər əlavə edir. Görünür, Rusiya liberal demokratlarının lideri üçün bu o qədər də önəmli məsələ deyil”.

Ramin Məmmədov bu cür qeyri-obyektiv, qərəzli yanaşmaların Azərbaycan-Rusiya münasibətlərinə xələl gətirə bilməyəcəyini vurğulayıb.

Qeyd edib ki, belə təşəbbüslər yalnız müəlliflərinə ziyan gətirir.

Etikxeber.az

Read Previous

“Jirinovski kimi əbləhlər və sarsaqlar bilməlidirlər ki…”-MUSA URUDDAN KƏSKİN ETİRAZ

Read Next

“Jirinovskilər əllərdə əzilmiş, kirlənmiş kartlardan savayı heç nəyə yaramayacaqlar…”-JALƏ ƏLİYEVA YAZDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir