“Rusiyanın Ermənistana silah verməsi vəziyyətin daha da gərginləşməsinə yönəlib” – ELDƏNİZ SƏLİMOV

Millət vəkilləri və siyasilər Rusiyanın təcavüzkar Ermənistanı yenidən silahlanırmasını kəskin etirazla qarşıladılar

 Xəbər verildiyi kimi, 2015-ci il noyabrın 26-da imzalanmış razılaşmaya əsasən, Rusiya Ermənistana müasir silahlar almaq üçün 200 milyon dollar kredit vermək öhdəliyi götürüb. Bu ilin oktyabrın 12-də isə artıq 100 milyon dollarlıq birinci kredit paketi təsdiq edilib. Qeyd edək ki, müqaviləyə əsasən, 100 milyonluq kredit Ermənistana 20 il müddətinə verilir. Bu müddətin 5 ilinin illik 3 faiz dərəcəsi ilə güzəştli olması nəzərdə tutulub. Ermənistan-Azərbaycan münaqişəsinin danışıqlar yolu ilə həllində vasitəçilik missiyasını öz üzərinə görə ATƏT-in Minsk qrupunun 3 həmsədr dövlətindən birinin bu addımı, təcavüzkar və işğalçı Ermənistanı növbəti dəfə silahlandırması da Azərbaycan cəmiyyətinin narahatlığına və haqlı narazılığına səbəb olub.

Etikxeber.az xəbər verir ki,  məsələ ilə bağlı mətbuata açıqlamasında millət vəkili Asim Mollazadə öncə bildirib ki, Ermənistan artıq müstəqilliyini itirmiş bir ərazi, hərbi bazadır. “Əslində Rusiya Ermənistana silah satmır. Ermənistan silahlı qüvvələri Rusiya silahlı qüvvələrinin tərkib hissəsidir. Rusiya Ermənistana 100 milyon dollarlıq borc verir və bu borc adı ilə orada öz silahlı qüvvələrini silahlandırır. Bu hal birinci dəfə deyil”-deyən millət vəkilinin sözlərinə görə, Rusiya bu borcla həm də Ermənistanın iqtisadiyyatını özünküləşdirir, Ermənistan iqtisadiyyatı artıq Rusiyanın əlindədir: “Məhz buna görə də Ermənistanın nəqliyyatı, energetikası, ümumiyyətlə, hər bir sahəsi Rusiyaya məxsusdur. Ermənistan artıq müstəqilliyini itirmiş bir ərazi, hərbi bazadır. Bu, öz-özlüyündə bölgədə gərginliyi yaradan əsas səbəblərdən biridir. Bununla yanaşı, Ermənistan dünya ictimaiyyətini aldatmaq istəyir ki, guya həm Avropa ilə, həm də NATO ilə əməkdaşlıq edir”. Millət vəkilinin bildirdiyinə görə, əslində isə Ermənistan Rusiyanı bütün beynəlxalq təşkilatlarda təmsil etməklə məşğuldur”.

Rusiyanın Ermənistana silahlanma üçün 100 milyon ABŞ dolları məbləğində uzunmüddətli kredit ayırması rəsmi Moskvanın beynəlxalq öhdəlikləri ilə ziddiyyət təşkil edir. ATƏT-in Minsk qrupunun həmsədri olan Rusiyanın Ermənistanı faktiki əvəzsiz olaraq silah-sursat, hərbi texnika ilə təmin etməsi bu ölkənin vasitəlik missiyasına uyğun gəlmir. Bu addım işğalçı ölkənin mövqelərinin gücləndirilməsinə xidmət edir”. Bu fikirləri isə politoloq Elçin Mirzəbəyli deyib.

O, mətbuata açıqlamasında  bildirib ki, Rusiya təkcə ATƏT-in Minsk qrupunun həmsədri kimi deyil, eyni zamanda, BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi dünyada və regionda təhlükəsizliyin qorunmasına görə məsuliyyət daşıyır. Ermənistanın silahlandırılması isə regiondakı təhlükəsizlik mexanizmlərinə ciddi zərbə vurur, gərginliyin daha da artmasına zəmin yaradır: “Ermənistanın silahlandırılması, eyni zamanda, Avropada adi silahlar haqqında Müqavilənin də kobud şəkildə pozulması deməkdir. Doğrudur, Rusiya bu Müqavilədə iştirakını dayandırıb, lakin ikinci dövlətlərə münasibətdə öz öhdəliklərindən imtina etməyib. Ermənistana uzunmüddətli kreditin şərtləri onu deməyə əsas verir ki, bu silahlar əslində əvəzsiz olaraq verilib, “uzunmüddətli kredit” isə prosesin pərdələnməsinə xidmət edir. Çünki Ermənistanın xarici borcu 7 milyard dollara yaxınlaşıb. Bu ilin 9 ayı ərzində işğalçı ölkənin borcu 1 milyard dollardan çox artıb. Ermənistanın mövcud durumu sübuta yetirir ki, rəsmi İrəvanın ona ayrılan krediti geri qaytarmaq imkanı yoxdur. Rusiyada da bunu yaxşı bilirlər. Bu prosesin Azərbaycan və Ermənistan prezidentlərinin görüşü ərəfəsində həyata keçirilməsi təəssüf doğurur. Çünki bu, ilk növbədə, Rusiyanın vasitəçilik missiyasını şübhə altına alır” – deyə, E. Mirzəbəyli sonra qeyd edib.

Millət vəkili Eldəniz Səlimov da hesab edir ki, Rusiyanın Ermənistana silah verməsi regionda şəraitin və vəziyyətin daha da gərginləşməsinə yönəlib.  “İşğalçı və təcavüzkar Ermənistanın hərbi təcavüzü nəticəsində yaradılmış Qarabağ münaqişəsinin həlli məqsədi ilə yaradılmış Minsk qrupunun həmsədri olan Rusiyanın Ermənistana silah verməsi həm həmsədrlik mandatı, həm beynəlxalq normalar, həm də mənəvi baxımdan yanlışdır. Bu addım həm də Azərbaycanla Rusiya arasında münasibətlərin, əməkdaşlığın bugünkü vəziyyətinə və səviyyəsinə uyğun, adekvat deyil”-deyə, qeyd edən deputat eyni zamanda bildirib ki, bu addım münaqişənin həllinə deyil, şəraitin daha da gərginləşməsinə yönəlib:

“Rusiya ATƏT-in Minsk qrupunun həmsədrlərindən biridir. Eyni zamanda, Azərbaycanın ən yaxın qonşusu, əksər məsələlərdə və sahələrdə isə ən yaxın tərəfdaşıdır. Ona görə də bu ölkənin belə bir addım atması heç cür doğru və qəbuledilən deyil. Həmsədr dövlət olan Rusiya reginonda, bölgədə münaqişənin alovlandırılmasına, təcavüzkarın yenidən təcavüzə, işğala stimullaşdırılmasına xidmət edə biləcək addımlardan geri çəkilməlidir”.

Etikxeber.az

Read Previous

FIFA yeni reytinq cədvəlini açıqladı

Read Next

KREDİTLƏ QURULAN ORDU: KÖLƏLİK AZADLIQDAN BAHA BAŞA GƏLİR… – Zahid Orucun yazısı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir