Səbailin İkinci Vətən Müharibəsi İgidləri, Qəhrəmanları, Şəhidləri-15 AYIN ƏSGƏRİ CAVİDAN, EVİN YEGANƏ ÖVLADI YUSİF, İKİNCİ ÖVLADI ŞƏHİDLİYİNDƏN SONRA DÜNYAYA GƏLƏN FƏRİD… – FOTOLAR

Bu gün daha üç Şəhid ailəsini ziyarət etdik…

Budəfəki ziyarətin təşəbbüskarı, həm də təşkilatçısı dəyərli ziyalımız Fərid Nəsibzadə və yaxın dostu Araz bəy idi…

Gün ərzində Bakı şəhəri, Səbail rayonu Şəhidlərindən Cavidan Mirzə (Mirzağa) oğlu Ağayevin, Yusif Ramiq oğlu Budaqovun və Fərid Pirəli oğlu Əliyevin ailələrində olduq…

Qeyd edək ki, İkinci Vətən Müharibəsində Səbail rayonu 14 Şəhid verib ki, onlardan da 6-sı “20-ci sahə” deyilən ərazinin sakinləri-İgidləri, Qəhrəmanları olublar…

Ailələrini ziyarət etdiyimiz Şəhidlərdən biri 15 ayın əsgəri, ikisi isə könüllü olub…

***

Şəhid atası: “Anasını təbrik etdim, dedim ki, Oğlun Şəhid olub…”

2001-ci ilin iyulun 16-da dünyaya gələn Cavidan 2019-cu ilin iyulun 22-də əsgərliyə yola düşüb, Ağdamdakı hərbi hissələrdən birində qulluq edib, 2020-ci ilin İyul döyüşlərinin iştirakçısı olub…

İkinci Vətən Müharibəsinin ilk günündən də Füzuli-Xocavənd istiqamətlərində döyüşüb…

Və Xocavənd istiqamətində ağır döyüşlərdən birində, oktyabrın 2-də qəhrəmancasına həlak olaraq, Şəhidlik Məqamına ucalıb…

Cavidan Səbailin həm də ilk Şəhidi olub və oktyabrın 3-də nəşi Badamdar qəbiristanlığında torpağa tapşırılıb…

Ölümündən sonra 3 medalla – “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Şücaətə görə” medalları ilə təltif olunub…

Onu da qeyd edək ki, Cavidangil ailədə 7 uşaq olublar…

Amma əkiz bacı və qardaşı-Səma ilə Məhəmməd körpəykən dünyalarını dəyişiblər və Məhəmmədin adı sonradan ailənin digər övladına verilib…

Cavidanın hazırda 3 qardaşı və bir bacısı var, yaşayır… Böyük qardaşı da Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında, axırıncı kursda oxuyur…

Cavidangil sadə, zəhmətkeş bir ailədə yaşayıb, zəhmətlə, halallıqla böyüyüblər…

Atası Mirzə (Mirzağa) Ağayev dənizçidir və oğlunun Şəhidliyi xəbərini də məhz işdə olarkən alıb…

Ailəsi, atası Mirzə Ağayev Cavidanın Şəhidliy ilə fəxr edir, qürur duyur…

Şəhid atası “Oğlumun xəbəri gələrkən həyat yoldaşıma dedim ki, əgər Şəhidliyi düz çıxsa, gəlib səni təbrik edəcəyəm, yaralı olsa, o zaman heç-Qazi kimi, müalicə etdirəcəyəm”-deyir…

“Şəhidliyi təsdiqlənəndə də yoldaşımı təbrik etdim, dedim ki, oğlun Şəhid olub…Çünki oğlum “Şəhid olacağam” demişdi…Getdim, oğlumun nəşini gətirdim və minlərlə insanın iştirakı ilə Badamdar qəbiristanlığında torpağa tapşırdım…Oğlum Səbailin ilk Şəhididir və ümumiyyətlə, “20-ci sahə”nin 6 Şəhidindən biridir”-deyə, Şəhidimizin atası sözlərinə əlavə edir…

Şəhid ailəsi ilə bir qədər də söhbətləşdikdən, bir daha başsağlığı diləklərimizi çatdırdıqdan sonra onlardan ayrılırıq…

Allah Cavidana qəni-qəni rəhmət etsin, məzarı nurla dolsun, ailəsinə səbr versin!

***

Oktyabrın 11-də anadan olan və oktyabrın 31-də nəşi torpağa tapşırılan Şəhidimiz- EVİN YEGANƏ ÖVLADI YUSİF BUDAQOV…

Sonra ikinci Şəhidimizin, “İçərişəhər” metrostansiyası yaxınlığında yaşayan (yaşamış) Yusif Ramiq oğlu Budaqovun ailəsinə, oğlunu və həyat yoldaşını itirmiş acılı, kədərli Lətafət Budaqovaya baş çəkdik…

1997-ci ilin 11 oktyabrında dünyaya gələn Yusif evin, ailənin tək-yeganə övladı olub…

Orta məktəbi bitirdikdən sonra, 2015-2017-ci illərdə hərbi xidmətdə olub, dizayn üzrə kollec təhsili alıb…

İkinci Vətən Müharibəsindən bir neçə gün öncə isə təlimə və səfərbərliyə cəlb olunub…

Müharibə başlayan kimi də, döyüşlərdə iştirak edib…

23 yaşını da oktyabrın 11-də müharibədə-səngərdə, güllə, mərmi yağışları altında döyüş yoldaşları ilə birlikdə qeyd edib…

Doğum günündən bir neçə gün sonra isə Yusifdən xəbər almaq mümkün olmayıb…

Və Füzuli istiqamətində döyüşlərdən birində (oktyabr ayında) həlak olan Şəhidimizin nəşi oktyabrın 30-da anasına, yaxınlarına təhvil verilib, oktyabrın 31-də də Badamdar qəbiristanlığında dəfn edilib…

Ölümündən sonra İgidliyi, Qəhrəmanlığı Ali Baş Komandan tərəfindən də dəyərləndirilib, iki medalla təltif olunub…

Qeyd etdiyimiz kimi, Yusif ailənin tək-yeganə övladı olub…

Atasını da Şəhidliyindən az öncə itirib…

Və çox təəssüflər olsun ki, Şəhidimizin ailəsi kirayədə yaşayıb və həm həyat yoldaşını, həm də gözünün ağı-qarası – tək övladını-Yusifi itirən Şəhid anası Lətafət xanım bu gün də çox şəraitsiz, darısqal bir evdə kirayə yaşamaqda davam edir…

Çox acı, çox üzücü bir mənzərə…

Və bir xanım üçün həm vaxtsız şəkildə həyat yoldaşını, həm də üstəlik tək övladını itirmək çox ağır və çətindir…

Allah bu dərdi, bu ağır yükü daşımaq üçün Lətafət xanıma dözüm, güc, qüvvət versin…

Şəhidimizə Allahdan rəhmət diləyir, ruhu qarşısında ehtiramla baş əyir, anası-Lətafət xanıma da bir daha səbr arzulayırıq!

***

“İçərişəhər”in tək Şəhidi…

Daha sonra üçüncü Şəhidimizin-tarixi “İçərişəhər”in tək Şəhidi (söhbət İkinci Vətən Müharibəsindən gedir) Fərid Pirəli oğlu Əliyevin ailəsini ziyarət etdik…

1994-cü ilin avqustun 14-də dünyaya gələn Fərid ailədə bir bacı-bir qardaş olublar…

Fərid 2014-2016-ci illərdə, Daşkəsən istiqamətində hərbi hissələrdən birində qulluq edib, Azərbaycanın Fəxri olan Milli Qəhrəman, mərhum Polad Həşimovun əsgərlərindən olub…

Əsgərlikdən qayıtdıqdan sonra müxtəlif sahələrdə çalışıb, 2018-ci ildə də ailə həyatı qurub…

2019-cu ilin noyabrın 13-də ilk övladı-Muradı dünyaya gəlib…

Fərid də İkinci Vətən Müharibəsindən bir neçə gün əvvəl səfərbərliyə çağırılıb, sentyabrın 29-dan da Cəbrayıl (Xudafərin), Qubadlı Şuşa istiqamətlərində döyüşüb…

Axırıncı dəfə ailəsi, yaxınları ilə noyabrın 5-i və 6-sında danışıb…

5-ində atası, 6-sında isə dostu ilə əlaqə saxlayıb…

Elə noyabrın 6-sında da Şuşa uğrunda döyüşlərdə qəhrəmancasına həlak olub, Şəhidlik Zirvəsinə yüksəlib…

Fəridin Şəhidliyi xəbəri düz bir həftə sonra, noyabrın 13-də təsdiqlənib, bu haqda ailəsinə xəbər verilib, noyabrın 14-də isə Badamdar qəbiristanlığında, Səbail Şəhidlərinin yanında dəfn edilib…

Fərid də ölümündən sonra iki medalla təltif olunub…

Şəhidimizin ilk övladının-Muradının bir yaşı da onun dəfnindən bir gün qabaq tamam olub…

İkinci övladı, balaca Fəridə isə atasının Şəhidliyindən iki ay sonra, yanvar ayında dünyaya gəlib…

Atalarının torpağı sanı yaşasınlar, Şəhidimizin ruhu körpə balalarına kömək olsun!

Şəhidimizin ailə üzvləri, atası ilə söhbətləşdikdən sonra bir daha başsağlığı verərək, onlardan ayrılırıq…

Allah Cavidan, Yusif və Fərid də daxil olmaqla, bütün Şəhidlərimizə rəhmət etsin, məkanları cənnətlik olsun!

Fəxrimiz, Qürurumuz, and yerimiz, baş tacımızdırlar!

Ömür boyu onlara minnətdar və borcluyuq Qələbəmiz, Zəfərimiz üçün!

Onlar Ölümsüzlərdir, Ölümsüzlüyə qovuşublar, daim mənən, ruhən də bizimlədirlər və bizimlə olacaqlar!

Şəhidlər ölməz, Vətən bölünməz!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV),

14.05, 2021, Səbail rayonu

Etikxeber.az

Read Previous

Daha 326 yeni yoluxma-DAHA 12 ÖLÜM…

Read Next

“Kömək edən əllər” aksiyası çərçivəsində-3 ŞƏHİD AİLƏSİNƏ BAŞ ÇƏKİLDİ – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir