Səfir: “Ermənilər nəticələrə yönəlmiş müzakirələrdə iştirak etmək istəmir”

ATƏT-in Minsk qrupunun həmsədrləri, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi və Yüksək səviyyəli Planlaşdırma Qrupunun rəhbəri təşkilatın Daimi Şurasına bir illik fəaliyyətləri ilə bağlı hesabat təqdim ediblər.

Etikxeber.az-ın məlumatına görə, müzakirələrdə çıxış edən Azərbaycan Respublikasının ATƏT yanında daimi nümayəndəsi Qalib İsrafilov Ermənistan-Azərbaycan  münaqişəsinin həlli ilə bağlı ölkəmizin prinsipial mövqeyini diqqətə çatdırıb. Azərbaycan tərəfinin bəyanatında qeyd edilib ki, Azərbaycan münaqişənin həlli ilə bağlı Vyana və Sankt Peterburq görüşlərində əldə edilmiş müsbət dinamikanın qorunub saxlanmasının vacibliyinə inanır. Bu xüsusda fəaliyyətdə olan sədrin şəxsi nümayəndəsinin ofisinin genişlənməsinə hazırdır və hesab edir ki, bu genişlənmə ofisin mandatını və fəaliyyət qaydalarını dəyişməməli, mövcud status-kvonun dəyişdirilməsi məqsədilə substantiv danışıqlarla sinxronlaşdırılmalıdır.

Daha sonra bəyanatda bildirilir ki, Ermənistana səfər edən yüksəksəviyyəli şəxslərdən narahatlıq doğuracaq siqnallar gəlməkdədir. Ermənistan rəhbərliyinin verdiyi bəyanatlar bu ölkənin nəticələrə yönəlmiş müzakirələrdə iştirak etmək niyyətində olmadığını göstərir. Məzmunlu danışıqları inkişaf etdirmək əvəzinə Ermənistan tərəfi açıq-aşkar Vyana və Sankt Peterburq razılaşmalarını və sülh prosesini pozmaq məqsədi güdür. Bu xüsusda Ermənistanın işğal edilmiş ərazilərdə qanunsuz hərbi təlimlər keçirdiyi vurğulanıb, eləcə də həmin ərazilərdə qanunsuz iqtisadi və digər fəaliyyəti diqqətə çatdırılıb. Bütün bu təxribat xarakterli fəaliyyətin Ermənistanın əsl niyyətinin qəbuledilməz status-kvonu davam etdirməkdən ibarət olduğunu göstərdiyi vurğulanıb. Təəssüflə bildirilib ki, Ermənistanın danışıqlar prosesinin pozulmasına yönəlmiş bu mövqeyi pislənilmir və Ermənistan bunu öz fəaliyyəti üçün həvəsləndirmə kimi qəbul edir.

Buna görə də Azərbaycan tərəfi ATƏT-in Minsk qrupunun həmsədrlərini və iştirakçı dövlətlərini Vyana və Sankt Peterburqda əldə edilmiş razılaşmaları tam şəkildə icra etməsi üçün Ermənistana təzyiq göstərməyə çağırıb. Daimi nümayəndəlik bəyan edib ki, qeyd edilən çətinliklərə baxmayaraq, Azərbaycan münaqişənin ağır nəticələrinin aradan qaldırılmasına imkan verən siyasi həllin tapılmasında ən maraqlı tərəfdir. Azərbaycan son 25 ildə ona qarşı törədilmiş ədalətsizliyin sülh yolu ilə aradan qaldırılmasını gözləyir və danışıqların nəticə verəcəyinə hələ ümid edir.

Bəyanatda qəti şəkildə vurğulanıb ki, münaqişə yalnız Azərbaycan Respublikasının suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü əsasında həll olunmalıdır. Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıq mövzusu və ya kompromis elementi olmamışdır və olmayacaq.

Azərbaycan ümid edir ki, həmsədr ölkələrin səyləri ilə keçirilmiş son yüksəksəviyyəli görüşlərdə əldə edilmiş müsbət dinamika qorunub saxlanılacaq və status-kvonun dəyişdirilməsi istiqamətində praktik addımlara çevriləcək.

Etikxeber.az

Read Previous

Doğuş zamanı daha bir körpə ölümü baş verdi – HƏKİM MƏSULİYYƏTSİZLİYİ

Read Next

Xəstə boğazını ülgüclə kəsərək intihar etdi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir