“Səhər saatlarından Tərtər, Ağdam və Ağcabədi rayonlarının ərazisi artilleriya atəşinə tutulur…Növbəti əməliyyat-taktiki ballistik raket kompleksi dəqiq zərbə ilə sıradan çıxarılıb…”-MÜDAFİƏ NAZİRLİYİ DÖYÜŞ TƏYYARƏMİZİN VURULMASINI TƏKZİB ETDİ, DÜŞMƏNİN DAHA BİR PUASI MƏHV EDİLDİ – FOTO -YENİLƏNİB – (5)

Səhər saatlarından başlayaraq bir sıra yaşayış məntəqələrimiz atəşə tutulur.

Etikxeber.az xəbər verir ki, bu haqda Müdafiə Nazirliyi (MN) məlumat yayıb.

Qeyd olunub ki, oktyabrın 13-dən 14-ə keçən gecə cəbhənin Ağdərə-Ağdam və Füzuli- Hadrut-Cəbrayıl istiqamətlərində vəziyyət gərgin olaraq qalıb.

Ermənistan silahlı qüvvələrinin bölmələri gecə ərzində cəbhənin bəzi istiqamətlərində Azərbaycan Ordusunun mövqelərinə basqın edib və görülən tədbirlər nəticəsində itki verərək geri oturdulub.

Azərbaycan Ordusu tərəfindən həyata keçirilən fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin 5 ədəd T-72 tankı, 3 ədəd BM-21 “Qrad” YARS, 1 ədəd “Osa-AKM” ZRK, 1 ədəd PDM-2, 1 ədəd KS-19 zenit topu, 2 ədəd D-30 haubitsa topu, bir neçə avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.

Səhər saatlarından başlayaraq Tərtər, Ağdam və Ağcabədi rayonlarının ərazisi artilleriya atəşinə tutulur. Ordumuz tərəfindən adekvat tədbirlər görülür.

Humanitar atəşkəs rejiminə əməl edən qoşunlarımız bütün cəbhə boyu əməliyyat üstünlüyünü saxlayır.

***

Ermənistan silahlı qüvvələrinin növbəti əməliyyat-taktiki ballistik raket kompleksi dəqiq zərbə ilə sıradan çıxarılıb.

MN-dən bildirilib ki, oktyabrın 14-ü saat 08:36 radələrində Ermənistan Respublikasının Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonuna yaxın sərhədyanı ərazilərində Ermənistan silahlı qüvvələri növbəti əməliyyat-taktiki ballistik raket kompleksinin start vəziyyətinə gətirildiyi müşahidə edilmişdir.

Mülki insanlar arasında tələfata səbəb olmaq, mülki infrastruktura xələl yetirmək məqsədilə operativ-taktiki raket kompleksi Gəncə, Mingəçevir və digər şəhərlərə doğru hədəflənmişdi.

Mülki insanların təhlükəsizliyini təmin etmək məqsədilə legitim hərbi hədəf kimi start vəziyyətində olan raketlər qabaqlayıcı dəqiq zərbə ilə sıradan çıxarılmışdır.

Bundan əvvəl saat 01:00 radələrində həmin istiqamət üzrə start vəziyyətinə gətirilmiş əməliyyat-taktiki raket kompleksi də dəqiq zərbə ilə məhv edilmişdi.

Raketlərin atəş vəziyyətinə gətirildiyi məntəqələrdə hər hansı mülki infrastruktur və obyektlər olmamışdır.

09:35

***

MN: “Su-25 təyyarəmiz vurulmayıb”

Bu gün növbəti dəfə Ermənistan müdafiə nazirliyi guya Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus Su-25 döyüş təyyarəsinin vurulması barədə yalan xəbər yayıb”.

Bu haqda da MN-dən bildirilib.

“Bir daha rəsmi olaraq bildiririk ki, Azərbaycan HHQ-nin döyüş aviasiya vasitələri tətbiq edilmir və heç bir Su-25 döyüş təyyarəsi havaya qaldırılmayıb”-deyə, o, əlavə edib.

***

Mülki əhalimiz və yaşayış məntəqələrimizi hədəfə alan düşmənin bütün legitim hərbi hədəfləri məhv ediləcək.

MN-dən bildirilib ki, “Ermənistan Müdafiə Nazirliyi etiraf etdi ki, atəş zərbəsi ilə sıradan çıxarılan əməliyyat-taktiki raket kompleksləri (ƏTRK) Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonunda, mülki obyekt və infrastrukturun olmadığı ərazidə tam döyüş növbəsində və tətbiqə hazır vəziyyətdə olub.

Həmin ƏTRK-lar Azərbaycan ərazisindəki mülki obyektləri və infrastrukturu hədəfə almışdı. Ermənistan müdafiə nazirliyinin guya Ermənistan ərazisindən Azərbaycanın yaşayış məntəqələrinə atəş açılmaması barədə bəyanatları isə açıq-aşkar yalandır.

Gəncə, Mingəçevir və digər yaşayış məntəqələrimizin məhz Ermənistan ərazisindən atəşə tutulması danılmaz faktdır.

Azərbaycanın Ermənistan ərazisində hər hansı hərbi hədəf və maraqları yoxdur. Əksinə, Ermənistan öz ərazisindən Azərbaycanın yaşayış məntəqələrini atəşə tutmaqla qəsdən münaqişənin coğrafiyasını genişləndirmək məqsədini güdür.

Bildiririk ki, mülki əhalimiz və yaşayış məntəqələrimizin təhlükəsizliyini təmin etmək məqsədilə legitim hərbi hədəflərin zərərsizləşdirilməsi hüququnu Azərbaycan bundan sonra da özündə saxlayır”.

12:36

***

Düşmənin daha bir PUA-sı məhv edilib.

MN-dən bildirilib ki, oktyabrın 14-ü günorta saatlarında cəbhənin Füzuli rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinə məxsus PUA bölmələrimiz tərəfindən məhv edilib.

14:10

***

“Azərbaycan PUA-ları mülki əhaliyə qarşı tətbiq olunmur”

Ermənistan bütün mümkün olan və olmayan üsullardan istifadə etməklə ictimaiyyətə yalan məlumatlar yaymaqda davam edir.

MN-dən verilən məlumata görə, növbəti dezinformasiya isə guya Azərbaycan tərəfindən PUA-nın zərbəsi nəticəsində adı və soyadı göstərilməyən, 14 yaşlı anonim yeniyetmənin yaralanması xəbəridir.

Bildiririk ki, Azərbaycan Ordusunun silahlanmasında olan zərbə PUA-ları yalnız işğal olunmuş ərazilərimizdə müvəqqəti yerləşən Ermənistan silahlı qüvvələrinin hərbi texnikasına qarşı tətbiq olunur:

“Bir daha xatırladırıq ki, Ermənistan silahlı qüvvələrindən fərqli olaraq Azərbaycan Ordusu mülki əhaliyə, xüsusilə uşaqlar, qadınlar və yaşlılara qarşı silah tətbiq etmir”.

***

“Azərbaycan Ordusu qeyri-hərbi hədəflərə atəş açmır”

Ermənistan tərəfinin guya Azərbaycan Ordusunun mülki əhalinin də müalicə olunduğu hospitala atəş açması barədə yaydığı məlumat yalandır.

Bu barədə yenə MN-dən bildirilib.

“Bildiririk ki, Ermənistan silahlı qüvvələrindən fərqli olaraq Azərbaycan Ordusu heç bir mülki infrastruktura və qeyri hərbi hədəfə atəş açmır. Ordumuz humanitar atəşkəs rejiminə ciddi əməl edir”-deyə, sonra qeyd olunur.

Etikxeber.az

Read Previous

“Sülhlə də olmasa, Azərbaycan hərb yolu ilə öz torpaqlarını işğaldan azad edəcək…”-BİRİNCİ VİTSE-PREZİDENTİN KÖMƏKÇİSİ – YENİLƏNİB – (2)

Read Next

“Daha 8 kəndin işğaldan azad edilməsi son olmayacaq, hələ davamı gələcək…Bizi Zəfər yürüşündən heç kim dayandıra bilməz, cünki biz haqq yolundayıq”-KAMİLƏ ƏLİYEVA ÖLKƏ PREZİDENTİNƏ VƏ AZƏRBAYCAN ORDUSUNA MİNNƏTDARLIQ ETDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir