Şəhadət günləri olan İkinci Vətən Müharibəsi Şəhidləri-ANAR ƏLİYEV, MİRHƏMİD QASIMLI, MƏMMƏDAĞA SƏFƏROV, RAUF ƏLİYEV, VÜSAL BABAYEV… – MƏZARLARI ZİYARƏT EDİLDİ, ANIM MƏCLİSLƏRİ KEÇİRİLDİ – FOTOLAR – YENİLƏNİB – (6)

Bu gün-21 oktyabr 2024-cü il tarixində əslən Kəlbəcərli Anar Vaqif oğlu Əliyevin, Naxçıvan Muxtar Respublikasının Culfa rayonundan olan Rauf Səxavət oğlu Əliyevin, Bakı şəhərinin Nəsimi rayonundan olan Mirhəmid Nazim oğlu Qasımlının və Məmmədağa Balakişi oğlu Səfərovun Şəhadətə ucalmasından beş il keçir.

Adları çəkilən Şəhidlərin Şəhadətlərinin beşinci ilə bağlı bu gün səhər saatlarında Əbədiyyətə uğurlandıqları Hərbi Memorial Məzarlıqdakı məzarları ziyarət olunub.

Şəhidlərin məzarı üzərinə gül dəstələri düzülüb, əklillər qoyulub.

Ruhlarına dualar olunub, hər birinin məzarı başında “Quran” oxunub.

Qısa çıxışlar edilib.

Şəhidlərin Vətən naminə fədakarlıqlarından, İgidlik və Qəhrəmanlıqlarından danışılıb.

Hər birinin ailəsinə-doğmalarına Allahdan səbr və dözüm arzulanıb.

Adları çəkilən Şəhidlərin ailə üzvləri də hər biri öz növbəsində ziyarət iştirakçılarına minnətdarlıqlarını bildirib, övladları ilə Fəxr etdiklərini, Qürur duyduqlarını dilə gətiriblər.

Bununla yanaşı, Şəhidlərin məzarlarını ziyarət zamanı məktəblilər, şagirdlər tərəfindən Vətənə, Şəhidlərə həsr olunmuş şeirlər səsləndirilib.

Məzarlarını ziyarətdən sonra Hərbi Memorial Məzarlıqda yerləşən Mərasim evində Şəhidlərin Anım məclisləri düzənlənib.

Şəhidlərin adlarına çay-ehsan süfrəsi təşkil olunub.

Anım məclislərində Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, bir daha ruhlarına dualar edilib.

Şəhidlərin məzarlarını ziyarətdə və Anım məclislərində ailə üzvləri, yaxınları, Şəhid ailələri, Qazilər, hərbçilər, məktəblillər, din xadimləri, ziyalılar, Nizami, Nəsimi, Pirallahı rayon İcra hakimiyyətlərinin rəhbər və məsul şəxsləri, Yeni Azərbaycan Partiyasının (YAP) üzvləri iştirak ediblər.

Etikxeber.az xəbər verir ki, iki övladı Vətənə əmanət qalan Anar Əliyev ali-hərbi təhsilli, peşəkar hərbçi olub, polkovnik-leytenant rütbəsinəcən yüksəlib.

İkinci Vətən Müharibəsi zamanı-oktyabrın 21-də Xocavənd döyüşləri zamanı Tuğ istiqamətində Şəhidlik zirvəsinə yüksəlib.

Nəşi 4 gün sonra, oktyabr ayının 25-də Hərbi Memorial Məzarlıqda dəfn edilib.

İstər Şəhidliyindən öncə, istərsə də Şəhidliyindən sonra medallarla və Vətən Müharibəsi Qəhrəmanı fəxri adı ilə təltif olunub.

Əslən Xızılı, özü isə Bakılı, 29 sentyabr 1994-cü il doğumlu, ailənin iki oğlan övladından biri, evin sonbeşiyi, orta təhsilli və subay Mirhəmid Qasımlı 21 sentyabr 2020-ci il tarixində hərbi təlimlərə cəlb olunub.

6 gün sonra İkinci Vətən Müharibəsinə qatılıb və oktyabrın 21-də Füzuli istiqamətində Şəhadətə ucalıb.

Nəşi dörd gün sonra, 25 oktyabr tarixində Hərbi Memorial Məzarlıqda Əbədiyyətə uğurlanıb.

Şəhidliyindən sonra medallarla təltif olunub.

10 may 1997-ci il təvəllüdlü olan Məmmədağa Səfərov Bakı şəhərində dünyaya gəlib.

Ailənin iki övladından biri, evin tək və subay oğlu, tək bacının tək qardaşı olub.

Türkiyənin Balıkəsir Universitetində oxuyan Məmmədağa ali təhsilini donduraraq, həqiqi hərbi xidmətə yollanıb və Azərbaycan Ordusunun Əsgəri kimi İkinci Vətən Müharibəsinə qatılıb.

Döyüş yolu 25 gün çəkən Məmmədağa oktyabrın 21-də Xocavənd istiqamətində Şəhidlik məqamıma ucalıb.

Nəşi Hərbi Memorial Məzarlıqda dəfn olunub.

Şəhidliyindən sonra bir neçə medalla təltif edilib.

Ailənin iki oğlan övladından biri olan Rauf Əliyev isə 1994-cü ilin iyunun ayının 4-də Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Əbrəqunus kəndində dünyaya göz açıb.

Texniki Universitetdə ali təhsilə yiyələnib.

2016-cı ildə həqiqi hərbi xidmətə yollanıb və Aprel döyüşlərinin fəal iştirakçısı olub.

İkinci Vətən Müharibəsi zamanı-oktyabrın 21-də Hadrut istiqamətində Şəhidlik məqamına ucalıb.

Nəşi Hərbi Memorial Məzarlıqda torpağa tapşırılıb.

Subay olan Rauf Əliyev Şəhidliyindən sonra bir neçə medalla təltif olunub.

***

Bu gün eyni zamanda, Bakı şəhərinin Pirallahı rayonundan olan İkinci Vətən Müharibəsi Şəhidi, 8 yanvar 1992-ci il təvəllüdlü, ali təhsilli-peşəkar hərbçi, Baş leytenant, bir neçə medallı və “Azərbaycan Bayrağı” ordenli, iki qız övladı Vətənə əmanət qalan Vüsal Sübbuh oğlu Babayevin Şəhadətinin beşinci ilidir.

Şəhadətə qovuşmasının beşinci ili ilə bağlı bu gün səhər saatlarında Vüsal Babayevin də Hərbi Memorial Məzarlıqdakı məzarı ziyarət olunub.

Onun da məzarı üzərinə gül dəstələri düzülüb, əklillər qoyulub, ruhuna dualar edilib, ailəsinə Allahdan səbr dözüm arzulanıb.

Məqamları Uca, məkanları Cənnətlik olsun!

Nurlar içində yatsınlar!

13:35

***

FOTOLAR:

TƏK VƏ SUBAY OĞUL MƏMMƏDAĞA SƏFƏROV…

***

İKİ QARDAŞDAN BİRİ MİRHƏMİD QASIMLI…

***

ALİ TƏHSİLLİ RAUF ƏLİYEV…

***

***

ƏFSANƏVİ XÜSUSİ TƏYİNATLI, VƏTƏN MÜHARİBƏSİ QƏHRƏMANI ANAR ƏLİYEV…

***

“AZƏRBAYCAN BAYRAĞI” ORDENLİ VÜSAL BABAYEV…

***

DÖRD ŞƏHİDİN ANIM MƏCLİSİ…QƏHRƏMAN ŞƏHİD ANALARI…

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Xalqlarımızı ümumi köklərə, mənəvi və mədəni ortaqlığa əsaslanan çoxəsrlik dostluq, qardaşlıq birləşdirir…Dövlətlərarası münasibətlərimizi bu möhkəm bünövrə üzərində qururuq…”-AZƏRBAYCAN PREZİDENTİ – FOTO

Read Next

“Ailəsi, doğmaları olaraq Anar Əliyevlə Fəxr edir, Qürur duyuruq…”-ƏFSANƏVİ XÜSUSİ TƏYİNATLI, POLKOVNİK-LEYTENANT, VƏTƏN MÜHARİBƏSİ QƏHRƏMANI, İKİ ÖVLADI VƏTƏNƏ ƏMANƏT QALAN İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ, 21 OKTYABR 2025-Cİ İL TARİXİNDƏ ŞƏHADƏTİNDƏN BEŞ İL ÖTƏN ANAR ƏLİYEVİN AİLƏ ÜZVLƏRİ – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir