Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Şəmkir rayonunun antiterror Şəhidi Əhməd Azad oğlu Zamanlının Cənnətdəki ilk doğum günü, 20 yaşının tamam olması ilə bağlı bu gün-1 iyun 2024-cü il tarixində, səhər saatlarında Könüllü kənd qəbiristanlığındakı məzarı ziyarət olunub.
Məzarı üzərinə gül dəstələri düzülüb, əklil qoyulub, ruhuna dualar edilib, “Quran” oxunub.
Məktəblilər tərəfindən Şəhidlərə, Vətənə həsr olunmuş şeirlər səsləndirilib.
Şəhidin məzarını ziyarətdən sonra ailəsinin yaşadığı evdə-ata ocağında Cənnətdəki ilk doğum günü ilə bağlı məclis düzənlənib.
Məclisdə öncə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib.
Eyni zamanda, bir daha Şəhidin və cəmi Şəhidlərin ruhuna dualar edilib, bir daha “Quran” oxunub.
Tanınmış telejurnalist Səbinə Mehdiyevanın aparıcılıq etdiyi məclisdə çıxışlar olunub, şeirlər ifa edilib.
Şəhidin valideynləri-anası Ceyhunə Zamanova və atası Azad Zamanov, Qobustanlı, Goranboylu, Gəncəli, Şamaxılı, Şəmkirli Şəhid ailələri, Gəncə şəhərindən olan Qazilər, Könüllü kənd Z.Namazov adına tam orta məktəbin müəllimləri və digər şəxslər çıxış ediblər.
Çıxışlarda Şəhidin keçdiyi 19 illik qısa, lakin şərəfli həyat və hərb yolundan, İgidliyi və Qəhrəmanlığından bəhs olunub, ailəsinə Allahdan səbr və dözüm arzulanıb, Cənnətdəki ilk doğum günü təbrik olunub.
Şəhidin təhsil aldığı Könüllü kənd Z.Namazov adına tam orta məktəbinin şagirdləri tərəfindən Şəhidin ailəsinə hədiyyə təqdim olunub.
Sonra Şəhid adına ehsan süfrəsi açılıb.
Tədbirdə həmçinin, Şəhidlərə həsr olunmuş mahnılar səsləndirilib.
Tədbirin sonuna yaxın Şəhidin Cənnətdəki ilk doğum günü ilə bağlı hazırlanmış tort kəsilib.
Bu zaman kövrək, təsirli anlar yaşanıb, tədbir iştirakçıları, Şəhid ailələri göz yaşlarına hakim ola bilməyiblər.
Tədbirin sonunda xatirə fotoları çəkdirilib.





Şəhidin məzarını ziyarətdə və Cənnətdəki ilk doğum günü ilə bağlı məclisdə-ehsan süfrəsində ailə üzvləri, Şəmkirli, Goranboylu, Qobustanlı, Gəncəli, Şamaxılı Şəhid ailələri, Gəncəli və Şəmkirli Qazilər, hərbçilər, Əhməd Zamanlının Əsgər və döyüş yoldaşları, müəllimlər və şagirdlər, din xadimləri, Şəmkir rayon İcra Hakimiyyətinin və Könüllü kənd yerli icra nümayəndəliyinin məsul şəxsləri və digərləri iştirak ediblər.
Etikxeber.az xəbər verir ki, Əhməd Zamanlı 2004-cü ilin 1 iyun tarixində Şəmkir rayonunun Könüllü kəndində, sadə bir ailədə dünyaya gəlib.
Ailənin üç övladından, iki qardaşdan biri və evin sonbeşiyi olub.
Bacısı hazırda ailəlidir.
O, 2010-2021-ci illərdə Könüllü kənd Z. Namazov adına tam orta məktəbdə oxuyub.
Orta məktəbi bitirdikdən sonra-2021-ci ildə Gəncə şəhərində yerləşən Peşə Liseyində oxuyub.
2022-ci ilin yayında isə Mingəçevir Turizm Kollecinə qəbul olunub.
Ancaq həmin vaxt-2022-ci ilin iyulunda həqiqi hərbi xidmətə, Əsgərliyə çağırıldığı üçün Kollecdə oxuya bilməyib.
Və 2023-cü ilin 19-20 sentyabr tarixlərində keçirilən 23 saatlıq lokal xarakterli antiterror əməliyyatlarında iştirak edib Azərbaycan Ordusunun Əsgəri kimi…
Və ayın 19-da Ağdamın Qalayçılar kəndi istiqamətində qəhrəmancasına Şəhidlik məqamına ucalıb…
Axırıncı dəfə də elə həmin gün, antiterror əməliyyatından cəmi saat yarım öncə ailəsi, atası Azad kişi ilə danışıb…
Nəşi 20 sentyabr tarxində Könüllü kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb…
Şəhidliyindən sonra “Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub…
Qeyd edək ki, Şəhidin atası və qardaşı da müharibə iştirakçısı, müharibə veteranıdır.
Atası Azad Zamanov Birinci Qarabağ Savaşının, 2002-cü il təvəllüdlü qardaşı Murad Zamanlı isə İkinci Qarabağ Savaşının iştirsakçısı olub.
İkinci Vətən Müharibəsində Azərbaycan Ordusunun Əsgəri kimi iştirak edən Murad “Xocavəndin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.
19 yaşında Şəhidlik məqamına ucalan Əhməd həm də subay olub.
Məkanı cənnətlik, Cənnətdəki ilk doğum günü mübarək olsun!
Nur içində yatsın!
***
FOTOLAR:








***












20:04
***
























Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az





