Şəhid Adəm Əliyevin anası Akifə Ağayeva Kürdəmirdəki “GƏNC HEYDƏRÇİLƏR PARKI” İLƏ BAĞLI MEHRİBAN ƏLİYEVA VƏ LEYLA ƏLİYEVAYA MÜRACİƏT ÜNVANLADI… – FOTOLAR

Kürdəmirdən olan İkinci Vətən Müharibəsi Şəhidi Adəm Əliyevin anası Akifə Ağayeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Birinci xanım Mehriban xanım Əliyeva və ölkə Prezidentinin qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti,”Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq” İctimai Birliyinin  (IDEA) təsisçisi və sədri Leyla xanım Əliyevaya müraciət ünvanlayıb.

Etikxeber.az-ın xəbərinə görə, müraciətdə deyilir:

“Hörmətli, Mehriban xanım!

Hörmətli, Leyla xamım!

Yazıb Sizlərə bildirmək istəyirəm ki, mən-Akifə Ağayeva Kürdəmir rayonunun İkinci Vətən Müharibəsi Şəhidi, 3 medallı Adəm Əliyevin anasıyam. Oğlum 2020-ci ilin sentyabrın 28-də Vətən torpaqları, Kəlbəcər uğrunda döyüşlərdə qəhrəmancasına həlak olub, Şəhidlik məqamına ucalıb. Canını gənc yaşlarında Vətəni uğrunda fəda edib. Övlad itkisi ağır və acı olsa da, Adəmimin Şəhidliyi ilə Fəxr edir, Qürur duyuram. Fəxr edir, İftixar hissi keçirirəm ki, belə bir Oğulun-Şəhidin anasıyam.

Nə Şəhidlik, nə də Şəhid valideyni, Şəhid anası olmaq hər kəsə nəsib olan Ucalıq deyil. Bəli, belə bir Ucalıq həm Şəhidimə, həm də Şəhid anası kimi mənə nəsib olub. Oğlum Adəm də daxil olmaqla, bütün Şəhidlərimizin ruhu-ruhları qarşısında baş əyirəm! Şəhidlər ölməz, Vətən bölünməz!

Müraciətdə sonra deyilir:

“Hörmətli, Mehriban xanım!

Hörmətli, Leyla xanım!

Sizlərə müraciət etməklə, bir məsələni nəzər-diqqətinizə çatdırmaq istəyirəm. Belə ki, illərdir yaşadığımız kirayə evlə üzbəüzdə “Gənc Heydərçilər Parkı” yerləşir. Vaxtilə bu park Kürdəmirin ən qaynar, ən gur, ən qələbəlik istirahət məkanı idi. Az qala bütün Kürdəmirlilər bu parka axışır, istirahət edirdi. Amma çox-çox təəssüflər və əfsuslar olsun ki, son illər nə həmin parkdan, nə həmin parkın gözəlliyindən, nə də parkın qaynarlığından, qələbəliyindən əsər-əlamət qalıb. Sanki belə bir park heç yoxuymuş. Parkın vəziyyəti çox dözülməz və çox bərbad durumdadır.

Parkın ərazisini ot-alaq basıb, parkda yerləşən və bir zamanlar ona xüsusi gözəllik verən fəvvarə quruyub, susuz qalıb, uçulub-dağılıb. Həmçinin, parkda yerləşən və yerli Təhsil Şöbəsinə aid olan Uşaq-Gənclər İnkişaf Mərkəzi çox acınacaqlı vəziyyətdədir. Mərkəzin binasının pəncərələrinin şüşələri sınıq-salxaq haldadır. Vəziyyət bir qədər də belə davam edərsə, binanın özü də uçulub-dağılacaq. Bununla yanaşı, burada qeyd etmək, dilə gətirmək istəmədiyim digər üzücü, narahatedici və biabırçı məqamlar da yaşanmaqdadır bu “park”da”.

“Eyni zamanda, qeyd edim ki, parkın düz yaxınlığında öz vəsaitimiz hesabına Oğlumun-Şəhid Adəmimin adına, xatirəsinə tikdirdiyimiz “Şəhid bulağı” da yerləşir. “Park”a gələn bəzi üzdəniraqlar tez-tez “Şəhid bulağı”nı da korlayır, səliqəsiz hala salır, baha qiymətə Bakıdan alb gətirdiyimiz gül dəstələrini də heç nə olmamış kimi, götürüb hara gəldi-küçəyə atırlar. Bunlar isə həm Şəhidimizin ruhunu incitmiş olur, həm də ürəyi yaralı ana kimi mənim qəlbimi dağlandırır. Günlərlə özümə gələ bilmirəm.

Ona görə, bir vətəndaş, bir Kürdəmir sakini və bir Şəhid anası kimi Sizlərə müraciət edərək, ikinci müstəqil dövlətimizin banisi-Ulu Öndərimizin adını daşıyan “Gənc Heydərçilər parkı”nı nəzarətinizə götürməyinizi, oranın yenidən abadlaşdırılıb, ayağa qaldırılıb, dirçəldilməsinə, əvvəlki füsunkarlığına qaytarılmasına köməklik göstərməyinizi dönə-dönə xahiş və rica edirəm. Həmin “park”a yenidən nəfəs, həyat verilməsi lazımdır və vacibdir.

Bu, bütün Kürdəmirlilərin ürəyincə olardı. İnanıram və qəti əminəm ki, müraciətim tərəfinizdən diqqətə alınacaq, adıçəkilən “park”dakı vəziyyət nəzarətə götürüləcək və park qısa bir zaman ərzində öz əvvəlki gözəlliyinə qaytarılacaq və ondan da daha füsunkar bir məkana çevrilməsinə nail olunacaq. Buna böyük ehtiyac, ehtiyacımız var. Öncədən də Sizlərə minnətdarlığımı və təşəkkürlərimi ifadə edirəm”-deyə, müraciətdə daha sonra bildirilir.

Etikxeber.az

Read Previous

Yoluxmada və ölüm sayında azalma-128 VƏ 3…

Read Next

“Türkiyəylə Rusiya arasında bütün sahələrdə, bütün spektrlərdə münasibətlərin, əlaqələrin daha normal və daha isti olmaqsında maraqlıyıq və heç kim üçün də sirr deyil ki, zaman-zaman bu prosesə də töhfələrimizi vermişik”-MİLLƏT VƏKİLİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir