Şəhid ailələri İkinci Vətən Müharibəsi Şəhidi Vüsal Nağıyevin atası ilə bağlı-PREZİDENTƏ MÜRACİƏT ETDİLƏR…

Goranboy rayonundan olan bir qrup Şəhid ailəsi Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə, o cümlədən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, ölkənin Birinci xanımı Mehriban Əliyevaya və Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının sədri Samir Nuriyevə müraciət ünvanlayıb.

Etikxeber.az-a daxil olan müraciətdə deyilir:

“Cənab Prezident!

Goranboy rayonundan bir qrup Şəhid ailəsi olaraq, yazıb Sizə bildirmək istəyirik ki, İkinci Vətən Müharibəsi Şəhidi Vüsal Nağıyevin atası Əmirastan Nağıyev 4 ilə yaxındır ailə münaqişəsi nəticəsində baş vermiş cinayət hadisəsi ilə bağlı həbsdədir. Bu, olduqca üzücü və kədərli hadisəyə təəssüfümüzü, üzüntümüzü bildirərək, onu da qeyd etmək istəyirik ki, Əmirastan Nağıyev özü müharibə veteranı, Birinci Qarabağ Savaşının iştirakçılarındandır. Onun İgidliyi, Qəhrəmanlığı Goranboyda hər kəsə bəllidir.

Ali təhsilli olan Əmirastan Nağıyev həm də dörd övlad-üç oğlan və bir qız atası olub. Ancaq dörd övladından ikisini itirib, sinəsinə çalın-çarpaz bala, övlad dərdi çəkilib. Övladlarından biri illər öncə faciləli şəkildə dünyasını dəyişib, digər övladı-peşəkar hərbçi, Gizir Vüsal Nağıyev isə İkinci Vətən Müharibəsi zamanı qəhrəmancasına Şəhidlik məqamına ucalıb, iki oğlan övladı Vətənə əmanət qalıb.

Hazırda tək və yeganə oğlu olan Tural Nağıyev də hərbçidir, İkinci Vətən Müharibəsinin iştirakçılarındandır. Bir sözlə, Nağıyevlər ailəsi Qəhrəmanlar ailəsidir. Əmirastan Nağıyevin həmçinin səhhətində ciddi problemlər var. Yaşı 70-i haqlayan Əmirastan kişi yüksək qan təzyiqindən, şəkərdən və digər xəstəliklərdən əziyyət çəkir. Son dörd illik həbsxana həyatında da səhhəti pisləşməyə doğru gedib, həyatı hər an təhlükə qarşısındadır.

Odur ki, bir qrup Şəhid ailəsi olaraq Sizdən Əmirastan Nağıyevin sağlamlıq durumunu, keçdiyi yolu, iki övlad itirməsini, Şəhid atası və müharibə veteranı olmasını nəzərə alaraq, əfv etməyinizi, ömrünün son illərini yenidən ailəsi ilə birlikdə keçirməsinə səlahiyyətiniz çərçivəsində imkan-şərait yaratmağınızı xahiş və rica edirik. Xahiş və rica edirik ki, növbəri Əfv Sərəncamına Əmirastan Nağıyevin də adı salınsın. Bununla həm övladlarının-Şəhidinin ruhu sevindirilmiş olar, həm də bizlərə təsəlli verilmiş, sevinc bəxş edilmiş olar.

İnanırıq və əminik ki, belə də olacaq, müraciətimiz nəzərə alınacaq və Şəhid atası-müharibə veteranı Əmirastan Nağıyev əfv edilərək, azadlığına, ailəsinə, bizlərə qovuşacaq.

Öncədən də Sizə öz dərin minnətdarlığımızı bildiririk. Allah Sizi və ailənizi qorusun!”

Etikxeber.az

Read Previous

Azərbaycan Ordusunun mövqeləri Keşişkənd istiqamətindən-ATƏŞƏ TUTULDU

Read Next

Bu yollarda sıxlıq və tıxacdır-BAKIDA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir