Şəhid ailələri Qazi Kənan Səmədzadə ilə bağlı bu dəfə-ÖZƏL TELEKANAL RƏHBƏRLƏRİNƏ MÜRACİƏT ETDİLƏR…

Goranboy rayonundan olan bir qrup Şəhid ailəsi Azad Azərbaycan telekanalının rərbəri Azər Xəlilova, Xəzər telekanalının rəhbəri Murad Dadaşova, Space telekanalının rəhbəri Vado Karovinə və ARB telekanalının rəhbəri Radik İsmayılova müraciət ünvanlayıblar.

Etikxeber.az xəbər verir ki, müraciətdə deyilir:

“Hörmətli cənablar!

Bu müraciətə imza atan Şəhid ailələri olaraq, Sizlərin diqqətini Goranboy rayonundan olan İkinci Vətən Müharibəsi iştirakçısı, 4 medallı Kənan Elman oğlu Səmədzadənin ağırdan ağır olan vəziyyətinə, durumuna yönəltmək istəyirik. Evin-ailənin tək oğlu, subay və ali təhsilli, cəmi 25 yaşlı Kənan balamızın səhhəti, sağlıq durumu çox ağırdır. İki aya yaxındır ki, Baku Medical Plazada müalicə olunan Qazimiz ölümlə-qalım arasında həyat mübarizəsi, yaşam mücadiləsi aparır. Demək olar ki, komadan ayıla bilmir, səhhətində heç bir irəliləyiş baş vermir.

Eyni zamanda, Qazimizin ailəsinin maddi durumu çox çətin, ağır vəziyyətdədir. Artıq Qazimizin müalicəsini qarşılamaq gücündə, imkanında deyillər. Müəyyən köməkliklər, yardım, dəstək olunsa da, Qazimizin yenidən ayağa qalxması, yenidən sağlamlığına qovuşması üçün daha güclü, daha ciddi mənəvi və maddi dəstəyə, yardıma ehtiyacları var. Bəlkə də qardaş Türkiyəyə göndərilməsi lazımdır.

Qeyd etdiyimiz kimi, müəyyən köməkliklər, yardımlar olunsa da, artıq Qazimizin yenidən ayağa qalxması, müalicəsini daha keyfiyyətli şəkildə davam etdirməsi üçün ailəsinin maddi durumu heç cür imkan vermir. Söhbət artıq çox böyük məbləğdən, yüz minlərdən gedir…Qazimizin həyatı isə bir tükdən asılıdır. Hər an həyatını itirə bilər.

Ona görə Sizlərə müraciət edərək, Qazimizin və ailəsinin durumuna həssaslıq nümayiş etdirilməsini, onlara imkanlarınız daxilində prqoramlarınız, verilişləriniz vasitəsilə maddi və mənəvi köməklik göstərilməsini xahiş və rica edirik. Çünki rəhbərlik etdiyiniz kanalların auditoriyası genişdir, həm də müxtəlif sosial proqramlarınız, verilişləriniz var ki, orada zaman-zaman yardıma, köməyə, dəstəyə ehtiyacı olan insanların problemləri gündəmə gətirilib və həmin problemlərin həllinə nail olunub. Bu baxımdan çox istərdik ki, Qazimizə də, onun ailəsinə də belə bir dəstək göstərilsin, daha bir gözüyaşlı ailə övladının sağlamlığına qovuşsun.

Onu da təəssüf hissi ilə diqqətinizə çatdırmaq istəyirik ki, məşhur verilişlərin tanınmış aparcılarından birinə bu barədə müraciət ediləndə “biz bunu işıqlandıra bilmərik, bu, dövlətimizə minusdur…”-deyə, çox etinasız və çox soyuqqanlı münasibət sərgiləyib. Bu isə bizləri-övladlarını Vətən yolunda Şəhid vermiş ailələri çox dərindən yaralayır və üzür.

Axı, nə vaxtdan Vətən üçün canını, sağlamlığını ortaya qoyan bir Vətən sevdalısına yardım etmək, onun sağlamlığına qovuşmasında vəsilə olmaq dövlətə minus sayıla bilər? Bu, nə yanaşmadır, nə münasibətdir? Axı, nəyə görə hər şeyi dövlətimizdən ummalıyıq və dövlətimizi yükləməliyik? Bəs bizim vətəndaşlıq, insanlıq vəzifəmiz, borcumuz harada qalır?

Odur ki, bizlər daha heç bir ana və atanın, heç bir valideynin gözləri yaşlı, ürəyi dərdli qalmasını, bala acısı yaşamasını istəmirik. Çünki biz bilirik bala, övlad, oğul itkisi, acısı nə deməkdir. Biz yaşadıq, Allah bundan sonra kimsəyə yaşatmasın!

Ona görə Sizlərdən xahiş edirik ki, ölümlə qalım arasında mübarizə aparan Qazimizə, onun çarəsiz ailəsinə, Vətən sevdalısı Kənan balamızın yenidən ayağa qalxmasına dəstək və vəsilə olasınız, Qazimizlə bağlı aksiya və ya marafon təşkil edəsiniz. Çox rica və xahiş edirik!

Öncədən də Sizlərə öz minnətdarlığımızı və təşəkkürlərimizi bildiririk”.

Etikxeber.az

Read Previous

Müxtəlif müsabiqələr üzrə uğur qazanan şagirdlərlə-MARAQLI GÖRÜŞ – FOTOLAR

Read Next

“Şərti sərhəddə Ermənistan qoşunlarının intensiv hərəkəti müşahidə olunur və…”-MÜDAFİƏ NAZİRLİYİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir