“Şəhid ailələri və Qarabağ əlilləri üçün nəzərdə tutulan 36 mənzilli binanın tikintisi daha əvvəlki illərdə qaldırdığımız vacib və həllini gözləyən məsələlərdəndir…”-JALƏ ƏLİYEVA ZƏRDAB VƏ UCARLA BAĞLI VACİB MƏSƏLƏLƏRİ BİR DAHA HÖKUMƏTİN DİQQƏTİNƏ ÇATDIRDI VƏ…

Müstəqil Azərbaycan dövləti artıq dördüncü onilliyini – ən yeni tarixinin ən şanlı dövrünü yaşayır. Bu gün Azərbaycan Respublikası Nazirlər Kabinetinin Milli Məclisin müzakirəsinə təqdim etdiyi hesabat ölkəmizin Prezidenti cənab İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə, xüsusilə də son illərdə həyata keçirdiyi islahatları və həmin islahatların konkret əməli nəticələrini əks etdirən dövlət sənədi kimi mühüm əhəmiyyətə malikdir.

Etikxeber.az-ın xəbərinə görə, bunu Milli Məclisin (MM) Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva Nazirlər Kabinetinin parlament qarşısındakı 17 mart 2023-cü il tarixli hesabatındakı çıxışı zamanı dilə gətirib.

Komitə sədrinin müavini bunları bildirib:

“Mən güclü Azərbaycan dövlətinin iqtisadi pasportu rolunu daşıyan bu mükəmməl sənədin – Hesabatın hazırlanmasında rolu və zəhməti olan bütün hökümət üzvlərinə, eyni zamanda fürsətdən istifadə edərək bizimlə sıx əməkdaşlıq edən, müraciərlərimizə həssaslıqla yanaşan dövlət qurumlarına-Maliyə Nazirliyinə, Daxili İşlər Nazirliyinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Səhiyyə Nazirliyinə, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə, Kənd Təsərrüfatı Nazirliyinə, Diasporla İş üzrə Dövlət Komitəsinə, Qida Təhlükəsizliyi Agentliyinə, Azərişıq ASC-yə, Azərenerjiyə, Azərqaz İstehsalat Birliyinə, Meliorasiya və Su Təsərrüfatı ASC-yə, Azərsu ASC-yə təşəkkür edirəm. Mən deputatı olduğum Zərdab və Ucar rayonlarıyla bağlı daha əvvəlki illərdə səsləndirdiyimiz təklifləri nəzərə alaraq Dövlət Proqramlarına daxil etdikləri üçün hörmətli hökümətimizə seçicilərim adından minnətdarlığımı ifadə edir və hesabatın lehinə səs verəcəyimi bildirirəm.

“Zərdab və Ucar rayonlarının içməli su təminatı məsələsini dəfələrlə qaldırmışıq… Zərdab rayonunda bu məsələ qismən həllini tapsa da, Ucar rayonunun deputatı olduğum Xələc, Lək, Bərgüşad kəndlərində içməli su problemi bir nömrəli problem olaraq qalır…”

Eyni zamanda hələlik həllini tapmayan məsələləri də bir daha nəzərinizə çatdırmaq istəyirəm.

1. Diqqətə çatdırmaq istədiyim ən əsas məsələ Zərdab rayonunun kanalizasiya sistemi ilə bağlıdır. Biz uzun illərdir bu məsələni qaldırırıq. Müzakirəmizə təqdim olunan Hesabatda qeyd edilir ki, Zərdab şəhərində kanalizasiya sisteminin yenidən qurulması məqsədilə tikinti-quraşdırna işlərinin icrası Azərsu ASC-yə ayrılacaq maliyə vəsaitinə uyğun mərhələlərlə həyata keçiriləcəkdir. Biz bu qəbul edərsiniz ki, bir qədər mücərrəd qeydin konkretləşdirilməsini, təxminən 20 ilə yaxındır gözləyən tikinti işlərinin hansı tarixdə başlanacağının proqnozlaşdırıldığını öyrənmək istəyirik.

2. Digər məsələ yolla bağlıdır. Hesabat sənədində göstərilir ki, Zərdab rayonunun Məlikumudlu, Şahhüseynli, Dəliquşçu, Xanməmmədli, Məmmədqasımlı kənd yollarının mərkəzi yolla birləşən hissələrinin əsaslı təmiri işlərinin növbəti illərin Dövlət İnvestisiya Proqramına daxil edilməsi barədə təklif razılaşdırılması üçün aidiyyəti qurumlara təqdim edilmiş, Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Zərdab rayon üzrə kəndarası yolların təmiri Dəliquşçu kəndində 2022-ci ildə, Xanməmmədli və Məlikumudlu kəndlərində isə 2023-cü ildə nəzərdə tutulmuşdur. Lakin məlumat üçün bildirmək istəyirik ki, adı çəkilən kəndlərdə təmir-tikinti işlərinə başlanılmamışdır.

3.Toxunacağım digər bir məsələ məktəb tikintisini əhatə edir. Hesabata görə, Zərdab şəhər 2 nömrəli, eyni zamanda rayonun Gəlmə, Şahhüseynli və Bıçaqçı kənd tam orta məktəblərinin əsaslı təmiri, Şəftəhal və Dəliquşçu kənd tam orta məktəbləri üçün yeni binanın tikintisi, Bəyimli qəsəbəsində modul tipli tam orta məktəbin tikintisi “Azərbaycan Respublikasının Regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda nəzərdə tutulmuşdur. Lakin nəzərinizə çatdırmaq istəyirəm ki, müddət başa çatsa da, hələlik adı çəkilən kəndlərdə məktəb tikintisi və təmiri işlərinə hələ start verilməyib.

Hesabatda göstərilir ki, 2022-ci ilin Dövlət İnvestisiya Proqramı çərçivəsində Zərdab rayonu Dəliquşçu kənd 264 şagird yerlik tam orta məktəbin tikintisi üzrə layihə-smeta sənədləri hazırlanmışdır. Doğrudur, həmin sənədlər hazırlansa da, bu kənd məktəbində də tikinti işlərinə hələ ki, başlanılmamışdır.

4. Mədəniyyət sahəsi ilə bağlı müraciətlərimizə cavab olaraq, regionların 2019-2023-cü illərdə sosial-iqtisadi İnkişafı Dövlət Proqramında Zərdab rayon Mədəniyyət Mərkəzinin əsaslı təmirinin, Zərdab Tarix Diyarşünaslıq Muzeyinin tikintisi və Ucar rayon Lək kənd mədəniyyət evinin əsaslı təmirinin nəzərdə tutulduğu bildirilib. Lakin bu sahədə də hələlik gözləmə mövqeyindəyik. Eyni zamanda Ucar rayonunun Bərgüşad kəndində əhali sayını (7000 nəfərdən çox) nəzərə alaraq yeni Mədəniyyət evinin tikintisi də yol gözləyir.

5. Şəhid ailələri və Qarabağ əlilləri üçün nəzərdə tutulan 36 mənzilli binanın tikintisi də daha əvvəlki illərdə qaldırdığımız vacib və həllini gözləyən məsələlərdəndir.

6. Zərdab rayon Mərkəzi stadionunun əsaslı təmirinin də həll olmasını çoxdan bəridir gözləyirik.

7. Bir əhəmiyyətli məsələyə də diqqət çəkmək istəyirəm. Bu gün bütün dünya qlobal su böhranıyla qarşılaşıb.Bu problem Azərbaycandan da yan ötməyib. Dövlət və hökümət bu problemin qarşısını almaq üçün tədbirlər görür və inanırıq ki, bundan sonra da bütün mümkün olanı edəcəkdir Biz daha əvvəlki illərdə Zərdab və Ucar rayonlarının içməli su təminatı məsələsini dəfələrlə qaldırmışıq. Zərdab rayonunda bu məsələ qismən həllini tapsa da, Ucar rayonunun deputatı olduğum Xələc, Lək, Bərgüşad kəndlərində içməli su problemi bir nömrəli problem olaraq qalır.

8. Eyni zamanda əkin sahələrinin su təminatında da problemlər davam etməkdə və böyüməkdədir. Zərdab rayonunun Çallı, Məlikumudlu, Təzəkənd, Dəkkəoba, Gəndəbil, Ağabağı, Şahhüseynli, Əlvənd kəndləri və Ucar rayonunun Xələc, Lək, Bərgüşad kəndlərində əkin sahələrinin su təminatının yaxşılaşdırılması üçün əsaslı tədbirlərin görülməsi vacibdir.

Hörmətli hökümət üzvlərindən, toxunduğumuz məsələlərin bir daha nəzərdən keçirilməsini və həlli istiqamətində əməli tədbirlər görülməsini xahiş edirik”.

Etikxeber.az

Read Previous

“Putin qarşı hər hansı hücüm Rusiyaya qarşı təcavüz deməkdir”-RUSİYA DUMASININ SƏDRİ – PUTİNİN HƏBSİNƏ ORDER VERİLDİ – YENİLƏNİB – (1)

Read Next

İkinci Vətən Müharibəsi Şəhidi Ərəstun Xıdırov və 16 noyabr Şəhidi Elmin Əlizadə-BU GÜN ƏRƏSTUN XIDIROVUN 25, ELMİN ƏLİZADƏNİN 20 YAŞI TAMAM OLUR…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir