Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Şabran Tarix-Diyarşünaslıq Muzeyinin təşəbbüsü və təşkilatçılığı ilə bu gün-29 oktyabr 2024-cü il tarixində Xaqani Poeziya Evində 8 noyabr-Zəfər Günü ilə bağlı tədbir düzənlənib.
Tədbirdə adıçəkilən Muzeyin və Poeziya Evinin əməkdaşları, eləcə də Şabranlı Şəhid ailələri, Şabranlı və Sumqayıtlı Qazilər, məktəblilər, Bakıdan və Qubadan gələn qonaqlar və digər şəxslər iştirak ediblər.
Etikxeber.az xəbər verir ki, tədbirdə öncə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib.
Sonra çıxışlar başlayıb.
Şabranlı Şəhid ailələri, Sumqayıtdan olan Qazi Həsən Fəda, “Odlar yurdu” qrupunun tanınmış üzvü Azər Hüseynov və digər şəxslər çıxış ediblər.
Çıxışlarda tarixi 44 günlük İkinci Vətən Müharibəsindən, “Qisas” və Antiterror əməliyyatlarından, Qələbə və Zəfərimizə gedən yoldan danışılıb, Şəhidlərimizin Qazilərimizin, müharibə veteranlarının İgidliyi və Qəhrəmanlıqlarından, Vətən naminə fədakarlıqlarından bəhs edilib.
Çıxışlar zamanı Şəhidlərimizin, Şəhid ailələrinin, Qazilərin heç zaman unudulmamasının vacibliyi, onlara daim ehtiram və hörmət göstərilməsinin gərəkliyi vurğulanıb.
Çıxışlarda həmçinin, Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Bəsti Məmmədovaya və muzeyin kollektivinə hər daim Şəhid ailələrinin yanında olduqları və belə bir tədbiri ərsəyə gətirdikləri üçün minnətdarlıq ifadə olunub.
Eyni zamanda, belə tədbirlərin davamlı, mütəmadi olması arzulanıb.
Çıxışlardan sonra tədbirdə Vətənə, Şəhidlərə həsr olunmuş şeirlər səsləndirilib, vətənpərvərlik ruhunda mahnılar ifa edilib.
Saat yarım çəkən tədbirin sonunda xatirə fotoları çəkdirilib.
***
FOTOLAR:
***
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az