Şəhid anası Prezidentdən kömək istədi: “BİR ALLAHIMA, BİR DƏ SİZƏ GÜVƏNİRƏM”

Kürdəmirli Şəhid anası Akifə Ağayeva Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə, o cümlədən Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevə və Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyevə müraciət ünvanlayıb.

Etikxeber.az xəbər verir ki, müraciətdə qeyd edilir:

“Cənab Prezident!

Yazıb Sizə bildirmək istəyirəm ki, mən-Akifə Həmid qızı Ağayeva Kürdəmir rayonunun ilk İkinci Vətən Müharibəsi Şəhidi Adəm Əliyevin anasıyam. Adəm mənim iki övladımdan, iki oğlumdan biri idi. Minbir çətinliklərlə, kirayələrdə, təkbaşına böyütdüyüm iki övladımdan birini-Adəmimi Vətən yolunda Şəhid verdim. Övladım Azərbaycanımızın Qələbə, Zəfər Şəhidlərindəndir. Övlad, oğul itkisinin də nə demək olduğunu elə bilirəm ki, geniş şəkildə anlatmağa ehtiyac yoxdur. Allah heç bir anaya övlad acısı yaşatmasın! Mən yaşadım, biz yaşadıq, kimsə yaşamasın!

Övladımın Şəhidliyindən öncə də səhhətimdə ciddi problemlər var idi və mənə əlillik təyin olunmuşdu. Övladımın Şəhidliyindən sonra isə səhhətim daha da ağırlaşdı, pisləşdi. Başqa nə ola bilərdi ki…Ancaq çox təəssüflər və əfsuslar olsun ki, səhhətim, vəziyyətim nəzərə alınmadan bu ilin əvvəllərindən əlilliyim dayandırıldı, kəsildi. Heç bir əsas, tutarlı səbəb olmadan. Hələ də mənim bu yöndə müraciətlərimə doğru-düzgün cavab verilmir. Bu isə mənim onsuz da normal olmayan səhhətimi daha da pisləşdirir. Az qala hərəkətsiz bir hala gəlmişəm.

Çox hörmətli Müzəffər Ali Baş Komandanımız!

Ona görə əlacım kəsildiyi üçün birbaşa Sizə müraciət etmək qərarına gəldim. Çünki göydə Allahdan, yerdə də Sizdən savayı ümidim, dayağm yoxdur. Bir Allahıma, bir də Sizə güvənirəm. Çox xahiş edirəm ki, mənə-Şəhid anasına qarşı bu haqsızlığın, ədalətsizliyin aradan qaldırılması üçün əlinizdən gələni əsirgəməyəsimiz. Mənim əlilliyimin yenidən bərpa olunması üçün aidiyyatı qurumun rəhbərliyinə göstəriş və tapşırıqlarınızı verəsiniz, bu problemin müsbət həllinə yardımçı olasınız.

İnanıram və əminəm ki, belə də olacaq, müraciətim nəzərə alınacaq, ədalət bərpa olunacaq, əlilliyim təmin və yenidən təyin ediləcək.

Öncədən də Sizə öz minnətdarlığımı ifadə edirəm! Allah Sizi, ailənizi və rəhbəri olduğunuz Qalib Azərbaycanımızı qorusun!”

Etikxeber.az

Read Previous

Əfsanəvi Milli Qəhrəman Fred Asifin Anım Günüdür, Əbədiyyətə uğurlanmasından 32 il keçir-MƏZARI İZDİHAMLI ŞƏKİLDƏ ZİYARƏT OLUNDU, MƏCLİS DÜZƏNLƏNDİ, İGİDLİYİ VƏ QƏHRƏMANLIĞINDAN SÖZ AÇILDI – FOTOLAR – YENİLƏNİB – (2)

Read Next

“Tez-tez “mən Şəhid olacağam…”-deyirdi…”-ƏSLƏN KƏLBƏCƏRLİ, ÖZÜ İSƏ SAMUXLU OLAN İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ, AİLƏNİN DÖRD ÖVLADINDAN BİRİ SEYMUR SƏLYƏDDİN OĞLU BƏYLƏROVUN VALİDEYNLƏRİ…- FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir