Şəhid anası və Şəhid-Qazi bacısı Zərqələm Kazımova ölkə rəhbərliyinə müraciət etdi: “ÖVLADIMIN ORDEN, QARDAŞIMIN İSƏ QAZİLİK HAQQININ TANINMASINI İSTƏYİRƏM”

Goranboy rayonunun Tatarlı kəndinin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Səməd Füzuli oğlu Rzayevin anası Zərqələm Hidayət qızı Kazımova Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə, o cümlədən, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Birinci xanım Mehriban Əliyevaya, Milli Məclisin sədri Sahibə Qafarovaya, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyevə, Azərbaycan Respublikası Prezidentinin köməkçisi, general-polkovnik Məhərrəm Əliyevə, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyevə, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərova və Müdafiə naziri, general-polkovnik Zakir Həsənova müraciət ünvanlayıb.

Etikxeber.az-ın xəbərinə görə, müraciətdə deyilir:

“Hörmətli cənab Prezident!

Yazıb Sizə bildirmək istəyirəm ki, mən-Zərqələm Hidayət qızı Kazımova əslən Goranboy rayonunun Qızılhacılı qəsəbəsindən (keçmiş Süleymanov-indiki Aşağı Ballıqaya) olsam da, ailə vəziyyətimlə bağlı illərdir Tatarlı kəndində yaşayıram. İkinci Vətən Müharibəsi Şəhidi, MAXE-çavuş Səməd Füzuli oğlu Rzayevin anasıyam. Mənim 3 övladım olub-2 oğlum, 1 qızım. Həyat yoldaşımı illər öncə, vaxtsız itirmişəm. 2010-cu ildən övladlarıma minbir əzab-əziyyətlərlə, zəhmətlərlə həm analıq, həm də atalıq etmişəm, onları milli vətənpərvərlik ruhunda böyütmüşəm. Məhz bunun nəticəsidir ki, böyük oğlum Səməd hərb yolunu seçdi, hərbçi oldu, Vətəninin keşiyində dayandı. Vətənini ailəsindən, anasından üstün tutdu. İkinci Vətən Müharibəsinin ilk saniyəsindən qanlı döyüşlərə atıldı və sentyabrın 29-da Ağdərə istiqamətində qəhrəmancasına Şəhid oldu.

Ancaq onu nəşini 2 ay 1 gündən sonra tapa, dəfn edə bildik. Cavan həyat yoldaşımdan sonra övladımı-evimin dirəyi olan oğlumu itirdim. Dərdimin üstünə bu dəfə dəhşətli bala dərdi gəldi. Bu dərd, bu acı azmış kimi, Şəhidimin bir ili çıxmamış evli-ailəli olan tək qızımı-Şəbnəmimi də itirdim. Bir ilin içində iki dəhşətli faciə, acı, kədər yaşadım. Allah heç kimin başına belə müsibət gətirməsin!

Hələ də özümə gələ bilmirəm, güclə, balalarımın ruhunun, xatirəsinin yaşaması xatirinə ayaq üstə dayanmağa çalışıram. Tək-yeganə övladım Bəxtiyar da bir müddət öncə Əsgərlikdən qayıldıb. Onu da deyim ki, mən həm də Şəhid və Qazi bacısıyam. Qardaşım Cuma Kazımov Birinci Qarabağ Savaşının Şəhidi, hazırda Bakıda yaşayan, Qazilik Haqqını hələ də ala bilməyən qardaşım Tahir Kazımov isə Birinci Vətən Müharibəsinin iştirakçısı, Vətən sevdalısı olub. Yəni, mən Şəhidlər, İgidlər ailəsinin üzvüyəm, onların təmsilçisiyəm. Nə qədər ağır və dözülməz olsa da, Şəhidlərimlə, İgidlərimlə Fəxr edir, Qürur duyuram! Qürur duyur, Fəxr edirəm ki, Səməd kimi İgidin anası, Cuma və Tahir kimi Qəhrəmanların bacısıyam!

Allah Şəhidlərimin, Şəhidlərimizin məkanlarını cənnətlik, İgidlərimin, İgidlərimizin, Qazilərimin, Qazilərimizin isə canlarını sağ, ömürlərini uzun etsin!”

Müraciətdə sonra qeyd olunur:

“Cənab Ali Baş Komandan!

Sizə müraciət etməkdə məqsədim övladımın və Qazi qardaşımın Haqqının hələ də tam tanınmaması ilə bağlıdır. Qeyd etdiyim kimi, övladım hərbçi, MAXE-çavuş olub və İkinci Qarabağ Savaşında Şəhidlik məqamına ucalıb. Düzdür, övladım Şəhidliyindən sonra medallarla təltif olunsa da, ancaq halal Haqqı olan ali ordenlərimizdən biri ilə təltif edilməyib. Bu isə məni bir Dərdli, Yaralı Ana kimi çox üzür, çox məyus edir, çox incidir. Ona görə Sizdən xahiş və rica edirəm ki, övladımı ali ordenlərimizdən biri ilə təltif edəsiniz. Övladımın da orden Haqqı Sizin mübarək imzanızla, Sərəncamınızla tanınsın, ruhu şadlansın. İnanıram və əminəm ki, belə də olacaq, müraciətim nəzərə alınacaq və övladımın orden Haqqı tanınacaq.

Eyni zamanda, üstündən 30 ilə yaxın bir vaxt keçsə də, qardaşım Tahir Kazımovun hələ də Qazilik Haqqı tanınmayıb. Bu məsələdə süründürməçiliyə yol verilir. Odur ki, bu məsələnin də həll olunması, qardaşımın da Qazilik Haqqının tanıması üçün öz səlahiyyətlərinizdən istifadə edib, müvafiq qurumlara və şəxslərə göstəriş və tapşırıqlar verməyinizi rica və xahişl edirəm. Və əmin olduğumu bildirirəm ki, bu məsələ də nəhayət, öz müsbət, ədalətli tapacaq.

Oncədən də Sizə öz dərin minnətdarlıq və təşəkkürlərimi bildirirəm. Allah Sizi, gözəl ailənizi, Qalib Azərbaycanımızı qorusun!

Amin!”

Etikxeber.az

Read Previous

Sıxlıq olan yollar-BAKIDA

Read Next

Daha 71 yeni yoluxma-DAHA 4 ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir