Şəhid Kərəm Veyisovun anası nəyə görə Müdafiə nazirinə-MÜRACİƏT ÜNVANLADI?

Xaçmaz rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Kərəm Veyisovun anası Nərgiz Şahbaz qızı Veyisova Müdafiə naziri Zakir Həsənova müraciət ünvanlayıb.

Etikxeber.az-ın xəbərinə görə, müraciətdə deyilir:

“Cənab, nazir!

Yazıb Sizə bildirmək istəyirəm ki, mən-İkinci Vətən Müharibəsi Qəhrəmanlarından, İgidlərindən və Şəhidlərindən olan idmançı, məşqçi, üçqat dünya, dördqat Azərbaycan çempionu, kiçik çavuş Kərəm Veyisovun anasıyam. Oğlum İkinci Vətən Müharibəsinə öz istəyi ilə yollananlardan, könüllü döyüşənlərdən, vuruşanlardan olub. Müharibənin ilk günlərindən son günlərinə, Şəhidliyinəcən də uzun və şərəfli döyüş yolu keçib. Oğlum o qədər İgid, Cəsur və Qorxmaz olub ki, döyüş, silah yoldaşları ona “Canavar” ləqəbi veriblər.

Oğlum Füzilidən tutmuş ta ki, Şuşayacan döyüşüb, vuruşub və noyabrın 8-ində, Şuşamız işğaldan azad olunduğu gün qəhrəmancasına həlak olub, Şəhidlik Zirvəsinə ucalıb. Nəşi 3 gün sonra gətirilərək, noyabrın 11-ində, 22 yaşının tamamına bir ay qalmış Xaçmazdakı Qaraqurdlu kənd qəbiristanlığında torpağa tapşırılıb. Ölümündən sonra da Müzəffər Ali Baş Komandanımız tərəfindən 5 medalla təltif olunub. Övlad itkisi nə qədər dözülməz və ağrılı olsa da, oğlumla Fəxr edir,

Qürur duyuram. Fəxr edir, Qürur duyuram ki, belə bir oğulun anasıyam. Allah Kərəmim də daxil olmaqla, cəmi Şəhidlərimizin məkanlarını cənnətlik etsin!”

Sonra “Sizə müraciət etməkdə də məqsədim odur ki, oğlumun, İgidimin, Şəhidimin adının, xatirəsinin əbədiləşdirilməsini istəyirəm. Bu, həm Şəhidimin, həm də bir Şəhid anası kimi mənim Haqqımıdır. İstəyirəm, istəyirik ki, oğlumun, Şəhidimizin adı Xaçmazdakı 9 saylı məktəbə verilsin, çünki bu məktəbin adı hələ də yoxdur. Elə bilirəm ki, bu məktəbə Kərəmimin adı verilərsə, həm onun ruhu sevindirilmiş, həm də bizə mənəvi dəstək, təsəlli verilmiş olar“-deyə, müraciətində qeyd edən Şəhid anası bildirir ki, məsələ ilə əlaqədar dəfələrlə Xaçmaz rayon rəhbərliyinə, bütün ali dövlət instansiyalarına, ölkə rəhbərliyinə şəxsən öz adından yazılı və şifahi müraciətlər edib.

“Bu məsələ ilə bağlı Xaçmaz rayon rəhbərliyi də hər zaman öz müsbət mövqeyini ortaya qoyub, amma bununla belə, bəzi prosedur qaydaların da həllini tapmasının vacibliyi bildirilib. Bilirəm ki, bu məsələ Sizin, nazirliyinizin səlahiyyətində olan bir məsələ də deyil. Sizdən bir Şəhid anası kimi, sadəcə, ricam və xahiş ondan ibarətdir ki, oğlumun müharibədə könüllü olaraq, döyüşdüyü, kiçik çavuş rütbəsini daşısa da, hərbçi olmadığı barədə aidiyyatı qurumlara müvafiq rəy göndərəsiniz.

Çünki yenə də qeyd edirəm ki, oğlum Vətəninin müdafiəsinə, sadəcə və sadəcə, öz qəlbinin hökmü, öz istəyi ilə qalxıb və öz borcunu da qanı, canı ilə yerinə yetirib, Allahın ən Uca qatına-Şəhidlik mərtəbəsinə ucalıb. Ona görə də çox istərdim ki, müraciətimi nəzərə alaraq, həm Xaçmaz rayon İcra Hakimiyyətinə, həm Təhsil Nazirliyinə, həm də digər aidiyyatı qurumlara bu barədə yazılı rəyinizi bildirəsiniz. Öncədən də Sizə dərin minnətdarlığımı bildirirəm!”-deyə, müraciətdə daha sonra qeyd olunur.

Etikxeber.az

Read Previous

“Bakını Abşeronsuz, Abşeron yarımadasız təsəvvür etmək mümkün deyil…Bakı və Abşeron tamdır, vahiddir, ayrılmazdır…”-ZİYAD SƏMƏDZADƏ – MÜSAHİBƏ

Read Next

“Nə oldu, Paşinyan, pardon, Jirinovski?”-MİLLƏT VƏKİLİ YAZDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir