Şəhid Turan Məhərrəmovun anası Ənisət Məhərrəmova: “Dedi ki, ana, istəmirsən zəng edim…Dedim, ay oğul, nə danışırsan, elə şey olar…Yaxşı ki, zəng etmisən…”
***
Bu gün-12 sentyabr 2023-cü il tarixində, səhər saatlarında Zaqatala rayonunun sonuncu-2022-ci il Qanlı sentyabr Şəhidi Turan Tərlan oğlu Məhərrəmovun ocağını ilk dəfə ziyarət etdim…
İlk dəfə Şəhidimizin ailəsində, ocağında oldum…
Şəhidimizin valideynləri, ailə üzvləri ilə bir araya gəldim…
Şəhidimizin məzarını ziyarət, ruhuna dualar etdim…
Ruhundan halallıq istədim, ruhunun bizləri bağışlamasını dilədim…

Valideynlərinə, doğmalarına Allahdan səbr və dözüm dilədim, “Şəhidimizin ruhu şad olsun!”-dedim, ruhu qarışında baş əydiyimi bildirdim…
Tək və nişanlı oğullarını Şəhid vermiş Yaralı, Dərdli, həm də Qəhrəman valideynləri ilə dərdləşdim, söhbətləşdim, az da olsa, onları ovundurmağa, təsəlli verməyə çalışdım…
Ovundurmaq, təsill etmək mümkündürmü?…
Çətin, çox çətin…
Sözün bitdiyi yer, kəlmələrin aciz qaldığı, boğazda düyünlənib qaldığı an idi…
***
Şəhidin anası Ənisət xanımın, Ənisət Məhərrəmovanın dediklərindən:
“Turanla axırıncı dəfə sentyabrın 12-də, səhər tezdən danışdım…Həmin vaxt sübh namazına durmuşdum…Dedi ki, ana, istəmirsən zəng edim…Dedim, ay oğul, nə danışırsan, elə şey olar…Yaxşı ki, zəng etmisən…Xeyli danışdıq, bacılarını-qızımın birinin səhhətində problemlər var idi-bizə, bizi Allaha əmanət elədi…Dedi ki, 2-3 gün zəng edə bilməyəcəyəm, natahat olmayın, özüm zəng vuracağam…Bu, onun son zəngi, onunla son danışığımız oldu( Gözləri dolur)…Sən demə, balamın ürəyinə Şəhid olacağı damıbmış…Şəhid olacağını bilirmiş… Həmin gün, 12-dən 13-nə keçən gecə balam Şəhid oldu…”
***

Qeyd edim ki, Turan 27 may-2001-ci ildə Zaqatalanın Qımır kəndində, sadə bir ailədə dünyaya gəlib…
Ailənin 4 övladından biri, 3 bacının tək qardaşı olub…
2007-2018-ci illərdə orta məktəbdə oxuyub…
Uşaq vaxtlarından idmanla məşğul olub, hətta 2018-ci ildə Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş açıq kubokda 2-ci yerə layiq görülüb…
2019-cu ildə həqiqi hərbi xidmətə yollanıb, Xüsusi Təyinanlı olub…
Və Azərbaycan Ordusunun Əsgəri-Xüsusi Təyinatlı kimi İkinci Vətən Müharibəsində iştirak edib…
Cəbrayıldan Şuşayacan uzun və şərəfli döyüş yolu keçib…
Döyüşüb, vuruşub, qəhrəmanlıqlar göstərib…
Müharibədən, tarixi Qələbəmizdən sonra İgidliyinə, Qəhrəmanlığına görə 6 medalla təltif olunub…
Əsgərliyini başa vurduqdan sonra yenidən həyatını Ordu, hərb ilə bağlayıb, Azərbaycan Ordusunda Xüsusi Təyinatlı-MAXE kimi fəaliyyət göstərməyə başlayıb…
2022-ci ilin Qanlı sentyabr döyüşləri zamanı isə Kəlbəcər istiqamətində qəhrəmancasına Şəhidlik məqamına ucalıb…
Ayın 13-də Şəhid olan Turanın nəşi iki gün sonra, 15 sentyabr tarixində Qımır kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb…
Şəhidliyindən sonra, 5 noyabr 2022-ci il tarixində 3-cü dərəcəli “Rəşadət” ordeni və daha bir medalla-“Vətən uğrunda” medalı ilə təltif olunub…
21 yaşında Şəhidlik məqamına ucalan Turan həm də nişanlı idi, öz kəndlərindən, öz elindən olan Sayıb adlı qızla nişanlanmışdı…
Şəhid olmasaydı, 2022-ci ilin oktyabr ayının 9-da toyu olacaqdı…
***
Qarşıdan Əbədiyyətə uğurlanmasının ilk ili, Anım Günü gəlir…
Cəmi 4 gün sonra, 16 sentyabr tarixində Anım Günü olacaq…
Anım Günü ilə bağlı öncə Zaqatala rayon Heydər Əliyev Mərkəzində tədbir düzənlənəcək, tədbirdən sonra isə məzarı ziyarət olunacaq, məzarı üzərinə gül dəstələri düzüləcək, ruhuna dualar oxunacaq, şeirlər səsləndiriləcək çıxışlar ediləcək…
Və sonra ailəsinin yaşadığı evdə Anım mərasimi düzənlənəcək, adına ehsan veriləcək…
Məkanı cənnətlik olsun, məzarı nurla dolsun!
Nur içində uyusun!
11:20
***
FOTOLAR:















11:30
***






Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az