Şəhid Oruc Nəfəclinin anası ölkə rəhbərliyinə müraciət etdi: “SON ÜÇ İLDƏ BALAMIN ORDEN HAQQI TANINMAYIB, İSTƏYİRƏM Kİ, ORUCUM DA HAQQI OLAN ALİ ORDENLƏRİMİZDƏN BİRİ İLƏ TƏLTİF EDİLSİN”

Mingəçevir şəhərindən olan İkinci Vətən Müharibəsi Şəhidi Oruc Rövşən oğlu Nəcəflinin anası Flora İlyas qızı Məmmədova Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə, o cümlədən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, ölkənin Birinci xanımı Mehriban Əliyevaya, Müdafiə naziri, polkovnik-leytenant Zakir Həsənova və Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevə müraciət ünvanlayıb.

Etikxeber.az-a daxil olan müraciətdə deyilir:

“Cənab Prezident, cənab Ali Baş Komandan!

Yazıb Sizə bildirmək istəyirəm ki, mən-Flora İlyas qızı Məmmədova Mingəçevir şəhərində yaşayıram. İkinci Vətən Müharibəsi Şəhidi Oruc Rövşən oğlu Nəcəflinin anasıyam. Oruc mənim tək və ailəli oğlum idi. Bir övladı Vətənə əmanət qalıb. Tək oğlum Vətən, Qarabağ yolunda Şəhid oldu. Vətənini, Torpağını ailəsindən, tək övladından, xəstə anasından üstün tutdu, Qələbə, Zəfər Şəhidi kimi adını Tarixə yazdırdı.

Orucun Şəhidliyindən öncə də səhhətimdə problemlər var idi, ancaq onun Şəhidliyindən sonra səhhətim tamam pisləşdi, iki ildən çoxdur ağır müalicə və müayinələr alıram. Orucdan sonra həyat mənə əzab, zülm oldu. Çünki o mənim hər şeyim-havam, nəfəsim, varlığım idi. Mən yaşadım, biz yaşadıq, kimsə yaşamasın, Allah kimsəyə bala, övlad, oğul acısı yaşatmasın. Heç bir ana bala dərdi, bala həsrəti ilə alışıb-yanmasın, yanıb-qovrulmasın. Çox çətindir, çox dözülməzdir, çox çəkilməzdir.

Övlad, tək oğul dərdi nə qədər ağır, əzalı olsa da, balamla, Şəhidimlə, Orucumla Fəxr edir, Qürur duyuram. Fəxr edir, Qürur duyuram ki, belə bir Oğulun, belə bir İgidin anasıyam. Hər gün onun haqqında gözəl sözlər eşidirəm və Qürurlanıram, İftixar hissi keçirirəm. Biz Qəhrəman, Mələk böyütmüşük, xəbərimiz olmayıb…

Bu yerdə qeyd edim ki, Oruc Şəhidliyindən sonra Ali Baş Komandan olaraq, Sizin tərəfinizdən medallarla təltif olunub. Buna görə də Sizə minnətdarlığımı ifadə edirəm”.

Müraciətdə sonra qeyd olunur:

“Çox hörmətli İlham Heydər oğlu!

Bu müraciəti ünvanlamaqla, Sizə iki xahişimi, diləyimi, ricamı çatdırmaq istəyirəm. Birinci xahişim odur ki, övladım da, Orucum da ölkəmizin ali ordenlərindən biri ilə təltif olunsun. Çox təəssüflər olsun ki, övladım son üç ildə ordenlə təltif edilməyib. Hansı ki, orden balamın halal Haqqıdır. Orucum keçdiyi şərəfli döyüş yolu və ən əsası Şəhidliyi ilə ordenlərimizdən birini Haqq edir. Ona görə Sizdən rica və xahiş edirəm ki, qarşıdakı sərəncamlarınızdan birində övladımı da ali ordenlərimizdən biri ilə təltif edəsiniz. Bununla həm Şəhidimin ruhu sevindirilmiş olar, həm tək oğlunu Şəhid vermiş Dərdli, Yaralı, həm də Qəhrəman bir ana kimi mənə mənəvi təsəlli, təskinlik verilmiş olar.

İkinci xahişim isə mənzil məsələsi ilə bağlıdır. Ötən 3 ildə bir çox Şəhid ailələri, bir çox Mingəçevirli Şəhid ailələri, Şəhid anaları balalarının Haqqı olan evlə, mənzillə təmin olunublar. Kaş balam sağ olaydı, mənə heç nə lazım deyildi. Dünya malında da gözüm yoxdur, bunu Mingəçevirdəkilər də yaxşı bilir. Amma bir Şəhid anası və bir xəstə insan kimi mənim də mənzilə çox ciddi ehtiyacım var. Bu günə kimi mənzillə təmin olunmamışam. Odur ki, bu məsələdə də mənə kömək, dəstək olmağınızı, aidiyyatı qurum və şəxslərə tapşırıq və göstərişlər verməyinizi Sizdən xahiş və rica edirəm.

İnanıram ki, müraciətim həssaslıqla qarşılanacaq, diqqətlə nəzərdən keçiriləcək və öz müsbət həllini tapacaq.

Öncədən də Sizə öz minnətdarlığımı ifadə edirəm. Allah Sizi, ailənizi və Qalib Dövlətimizi qorusun!”

Etikxeber.az

Read Previous

Mingəçevirli İkinci Vətən Müharibəsi Şəhidi, ailənin üç övladından biri-TƏRXAN QURBANOVUN BU GÜN ANIM GÜNÜDÜR…

Read Next

“Azərbaycan ilə Bosniya və Herseqovina arasında dostluq və əməkdaşlıq münasibətləri xoş ənənələrə malikdir…”-AZƏRBAYCAN PREZİDENTİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir