Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bakı şəhərinin Yasamal rayonunda yerləşən Milli Qəhrəman Aytəkin Məmmədov adına 38 nömrəli tam orta ümumtəhsil məktəbində Vətən uğrunda canından keçən Şəhid Rafiq Aydəmir oğlu Aydəmirovun əziz xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.
Tədbir yüksək vətənpərvərlik ruhunda təşkil olunaraq şəhidlərin unudulmadığını, onların əziz xatirəsinin daim qəlblərdə yaşadığını bir daha nümayiş etdirib.
Etikxeber.az xəbər verir ki, Anım mərasimində Şəhid ailələri, məktəbin pedaqoji kollektivi, şagirdlər, ictimaiyyət nümayəndələri, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, yazar Raziyə Kamilqızı iştirak ediblər.
Sözügedən məktəbin direktoru İmanbəyli İradə Loğman qızı bildirib ki, Azərbaycan xalqı öz qəhrəman övladlarını heç zaman unutmur.
Qeyd edib ki, məktəb Azərbaycanın Milli Qəhrəmanı Aytəkin Məmmədovun adını daşıyır və bu təhsil ocağında vətənpərvərlik ruhunun aşılanmasına xüsusi önəm verilir.
Direktor həmçinin vurğulayıb ki, məktəbin səkkiz şəhidi var və həmin igidlərin hər biri məktəbin qürur mənbəyidir. Şəhidlərin keçdiyi şərəfli döyüş yolundan danışaraq onların Vətənə, torpağa bağlılığının gənc nəslə örnək olduğunu bildirib.
Sonra mərhum dövlət başçısı Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda edən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Dövlət Himni səsləndirilib.
Tədbir çərçivəsində şəhid Rafiq Aydəmir oğlu Aydəmirovun həyat və döyüş yoluna həsr olunmuş videoçarx nümayiş etdirilib.
Videoçarx iştirakçılar tərəfindən böyük duyğularla izlənilib, şəhidin keçdiyi şərəfli ömür yolu tədbir iştirakçılarında qürur və kövrək hisslər yaradıb.
Məktəbin Sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri üzrə təşkilatçı müavini Gülnarə Vəliyeva İsmayıl qızının təşkilatçılığı ilə məktəblilərin hazırladığı ədəbi-bədii kompozisiyalar təqdim olunub.
Şagirdlər tərəfindən vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib, şəhidlərin qəhrəmanlığını əks etdirən səhnəciklər nümayiş etdirilib. Şagirdlərin çıxışları tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.
Tədbirdə çıxış edən yazar Raziyə Kamilqızı Vətən uğrunda canından keçən şəhidlərin xalqımızın qürur mənbəyi olduğunu bildirib.
O, gənclərin vətənpərvər ruhda böyüməsinin vacibliyindən danışaraq, şəhidlərin həyat yolunun hər zaman örnək olacağını vurğulayıb.
Yazıçı öz müəllifi olduğu kitabları məktəbə və şəhid ailələrinə hədiyyə edib.
Eyni zamanda, tədbirin yüksək səviyyədə təşkilinə görə məktəb rəhbərliyinə, müəllim kollektivinə və bütün iştirakçılara sonsuz təşəkkürünü bildirib.
Anım tədbiri boyunca şəhidlərin əziz xatirəsinə böyük ehtiram nümayiş olunub, onların qəhrəmanlığı minnətdarlıq hissi ilə yad edilib.
Məktəbin şəhid məzunlarının xatirəsinin yaşadılması istiqamətində görülən işlərin gənc nəslin milli ruhda formalaşmasında mühüm rol oynadığı qeyd olunub.
Tədbirin sonunda iştirakçılarla birlikdə xatirə fotoları çəkdirilib.


Etikxeber.az




