Şəhid xanımı İradə Abbasova Mehriban Əliyevaya müraciət etdi: “AYLARDIR BƏRBAD VƏZİYYƏTDƏ OLAN MƏNZİLİMİZİN TƏMİRİ MƏSƏLƏSİ YUBALIDIR, KİRAYƏDƏ YAŞAMAQ MƏCBURİYYƏRİNDƏ QALMIŞIQ, BİZƏ KÖMƏK EDİN”

Bakı şəhərinin Qaradağ rayonunun Qobustan qəsəbəsində yaşayan Şəhid xanımı İradə Abbasova Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, ölkənin Birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya, o cümlədən Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərova və Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizova müraciət edib.

Etikxeber.az xəbər verir ki, müraciətdə deyilir:

“Hörmətli Mehriban xanım!

Yazıb Sizə bildirmək istəyirəm ki, mən-İradə Abbasova Şəhid ailəsinin üzvüyəm, Şəhid xanımıyam. Həyat yoldaşım Nizami Bağır oğlu Birinci Qarabağ Savaşının Şəhidlərindəndir. 1994-cü ilin fevral ayında, cəmi 26 yaşında Vətən yolunda canını fəda etdi. Həyat yoldaşım Şəhid olan vaxt biz cəmi bir il 4 ay idi ki, ailəliydik. Tək övladımız-qızımız da yoldaşımın Şəhidliyindən günlər sonra dünyaya gəldi. Nə qızım atasının üzünü gördü, nə də yoldaşım balasının. Vətənini ailəsindən üstün tutan həyat yoldaşım tək balasının üzünü görmədən, nəfəsini duymadan bu dünyaya “əlvida” dedi. Həmin vaxtdan da təkbaşına-minbir çətinliklərlə tək övladımı böyüdüb boya-başa çatdrdım.

20 ildir qızımla Qobustan qəsəbəsində, Salyan yolu küçəsində yerləşən bina 25, mənzil 24-də yaşayırıq. Ötən 20 il ərzində də maddi imkansızlıq üzündən yaşadığımız mənzilə əl vurmamışıq. Mənzilimiz çox bərbad gündə idi. Odur ki, məzilimizin təmir olunması ilə bağlı ötən ilin yayından Qaradağ rayon İcra Hakimiyyətinə, Prezident Administrasiyasına müraciət etdim, iki dəfə  Azərbaycan Respublikası Prezidentinin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi-şöbə müdiri Zeynal Nağdəliyevin həm özünün, həm də köməkçisinin qəbulunda oldum. Qəbulda olarkən, Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılova mənzilimizin təmiri ilə bağlı tapşırıq və göstəriş verildi.

Üstündən az qala bir ilə keçməsinə baxmayaraq, mənzilimizin təmiri ilə bağlı heç bir addım atılmayıb, hər şey uçulub, tökülüb, ortaya qoyulub. Aylardır qızımla Bakı şəhərində baha qiymətə-qazancımızın az qala 70 faizi edir-kirayədə qalırıq. Qalan pulumuz dolanışığımıza güclə və güclə çatır. Dəfələrlə Qaradağ rayon İcra Hakimiyyətinə müraciət etsəm də, məsul şəxslərlə görüşsəm də, sayğısız, hörmətsiz münasibətdən başqa heç nə görməmişəm. Az qala hər dəfə təhqiramiz münasibətlə qarşılaşmışam. Bu isə ilk növbədə Vətən yolunda canını fəda edən yoldaşımın, Şəhidimizin ruhuna, sonra isə onun Vətənə əmanəti olan yoldaşına və qızına, Şəhid ailəsinə hörmətsizlikdir. Bir Şəhid ailəsi olaraq, biz bunu qətiyyən Haqq etmirik. Belə münasibət yolverilməzdir və kimsəyə başucalığı gətirmir.

Həyat yoldaşım həyatda olsaydı və ya maddi imkan çatsaydı, ömründə kiməsə, hansısa məsuliyyətsiz vəzifə sahibinə, kürsüsündən başqa heç nəyi düşünməyən hansısa məmura ağız açmazdım. Ancaq məcbur qaldığımız üçün belə bir addıma getməli oldum. Əgər köməklik göstərilməyəcəkdiksə, mənzilimiz təmir edilməyəcəkdiksə, o zaman niyə söz, vəd verilirdi? Əgər söz, vəd verildisə, niyə bu günə qədər heç bir addım atılmır, niyə Şəhid ailəsi aylardır evinə, mənzilinə həsrət qalır, baha qiymətə kirayədə qalmaq məcburiyyətinə məhkum edilir? Nəyə görə, hansı səbəbdən? Günahımız nədir? Adi bir mənzili təmir etmək bu qədərmi çətindir?”

Müraciətdə daha sonra deyilir:

“Dəyərlimiz və əzizimiz Mehriban xanım!

Müraciət etməkdə məqsədim nəinki Azərbaycanın, dünyanın şəfqət və mərhəmət simvolu kimi Sizdən bu məsələdə bizə dəstək, yardımçı olmağınızdır. Siz hər zaman Şəhidlərimizə böyük ethiram göstərmisiniz, hər daim Şəhid ailələrinin yanında olmusunuz, onlarla gülmüsünüz, onlarla ağlamısınız. Bütün fəaliyyətiniz boyu diqqət və nəzərlərinizi Şəhid ailələrinin üzərindən çəkməməsiniz, hər zaman onları diqqət və qayğınızla, şəfqətinizlə əhatələmisiniz. Onların arxa və dayağı olmsunuz.

Ona görə bir Şəhid xanımı olaraq, Sizdən xahiş və rica edirəm ki, mənzilmizin təmiri məsələsinə səlahiyyətləriniz daxilində köməkliyinizi, yardımınızı əsirgəməyəsiniz. Bu məsələ ilə bağlı aidiyyatı qurum və şəxslərə göstəriş və tapşırıqlarınızı versəniz, mənzilmizin təmirinin başa çatdrılmasına nail olasanız və bizi aylardır yaşadığmız bu əziyyətdən xilas edəsiniz. İnanır və əminəm ki, belə də də olacaq, müraciətim tərəfinizdən nəzərə alınacaq və öz müsbət həllini tapacaq, Şəhid ailəsi sevindiriləcək.

Öncədən Sizə öz dərin minnətdarlığımı bildirirəm. Allah Sizi, gözəl ailənizi, Azərbaycanımızı qorusun!”

Etikxeber.az

Read Previous

“Lazım gəlsə, ehtiyac olsa, yenə də tərəddüd etmədən, gözümü qırpmadan Vətənimizin keşiyində dayanmağa, övladlıq borcumu yerinə yetirməyə hazıram…”-BƏRDƏLİ İKİNCİ VƏTƏN MÜHARİBƏSİ QAZİSİ, ÜÇ MEDALLI, VALİDEYNLƏRİ İLƏ BİRLİKDƏ KİRAYƏDƏ YAŞAYAN, BİR ÇOX HAQQI HƏLƏ DƏ TANINMAYAN XANKİŞİ İLHAM OĞLU YUSİFOV – FOTO-VİDEO – YENİLƏNİB

Read Next

Ermənistan silahlı qüvvələri döyüş PUA-ları tətbiq edib-MN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir