Şəhid xanımı ölkə Prezidentinə-MÜRACİƏT ETDİ VƏ…

Mingəçevir şəhər sakini, Şəhid xanımı Rəxşəndə Məmmədova Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə, o cümlədən Mərkəzi Bankın sədri Taleh Kazımova, millət vəkilləri Aydın Mirzəzadə və Sahid Alıyevə müraciət ünvanlayıb.

Etikxeber.az müraciəti təqdim edir:

“Cənab Prezident!

Yazıb Sizə bildirmək istəyirəm ki, mən-Rəxşəndə Məmmədova Mingəçevir şəhər sakiniyəm, Şəhid xanımıyam. Həyat yoldaşım İlham Mütdəlif oğlu Abdullayev Birinci Qarabağ Savaşının Şəhididir. Ağdaş rayonunun Malay kənd qəbiristanlığında uyuyur. İki övlad anasıyam. Yoldaşım bir ata kimi övladlarının üzünə həsrət qaldı, övladlarım da atalarının üzünə…Övladlarımı təkbaşına, minbir çətinliklərlə böyüdüb boya-başa çatdırdım. Qızım hazırda ailəlidir, həyat yoldaşı da əlildir. Oğlum isə 30 yaşını keçməsinə baxmayaraq, hələ də subaydır. Çünki maddi durumumuz oğlumun ailə qurmasına, toy etməsinə imkan vermir.

Bir xeyli müddət öncə KapitalBankdan kredit götürmüşəm, ayda 700 manat (qazancımın, gəlirimin az qala yarıdan çoxunu) kredit ödəyirəm. Vaxtlı-vaxtında da ödənişimi etmişəm və edirəm. Ancaq çox təəssüflər olsun ki, cüzi gecikməyə görə adımın qarşısına “X” işarəsi qoyulub, heç bir bankdan yenidən kredit götürə bilmirəm. Yenə də qeyd edirəm ki, oğlumu evləndirmək, ailə-uşaq sahibi etmək istəyirəm. Buna isə maddi durumumuz imkan vermir. Bu səbəbdən yenidən kredit götürmək istəyirəm, amma ona da imkan, icazə verilmir.

Eyni zamanda, yoldaşımın-Şəhidimin məzarı çox bərbad, baxımsız vəziyyətdədir. İmkanımız çatmır ki, onun məzarını təmir edək. Ağdaş rayon rəhbərliyindən də kömək, dəstək yoxdur.

Müzəffər Ali Baş Komandanımız!

Bir Şəhid xanımı, iki övlad anası kimi Sizə müraciət etməklə, hər iki məsələ ilə bağlı ailəmizə dəstək olmağınızı xahiş edirəm. Xahiş edirəm ki, səlahiyyətləriniz daxilində yenidən kredit götürməyimə icazə verilməsi üçün aidiyyatı bank qurumlarına göstəriş və tapşırıqlarınızı verəsiniz. Eləcə də yoldaşımın, Şəhidimin məzarının təmiri üçün Ağdaş rayon İcra Hakimiyyətinin məsul şəxslərinə müvafiq göstəriş və tapşırıqlarınızı verəsiniz. Sizdən dönə-dönə xahiş və rica edirəm ki, bizə bu iki məsələinin həllində dəstək olasınız.

İnanıram ki, belə də olacaq, müraciətim nəzərə alınacaq və hər iki məsələ öz müsbət həllini tapacaq.

Öncədən də Sizə dərin minnətdarlığımı bildirirəm. Allah Sizi və Qalib Azərbaycanımızı qorusun!”

Etikxeber.az

Read Previous

İkinci Vətən Müharibəsinin 13 noyabr Şəhidləri-HƏLƏ DƏ ORDEN HAQLARI TANINMAYAN MAYOR, ŞƏHİD VƏ QAZİ QARDAŞI EMİN SÜLEYMANOV VƏ AİLƏNİN ÜÇ ÖVLADINDAN BİRİ, ALİ TƏHSİLLİ VÜSAL TEYMUROV… – FOTOLAR – YENİLƏNİB – (3)

Read Next

Leyla Əliyeva Mingəçevirdə oldu-ŞƏHİD ƏLİ VƏ İSLAM ƏHMƏDOV QARDAŞLARININ OCAĞINI, ANASINI ZİYARƏT ETDİ… – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir