Şəhidlər ailəsi-Ələkbərovlar ailəsi…Şəhid əmi və Şəhid qardaş oğlu…Biri subay, biri nişanlı…Qəhrəman Qızılhacılılar-CABBAR VƏ KƏNAN… – FOTOLAR

Bu gün, cəmi bir neçə saat öncə daha bir Şəhid ailəsində oldum, daha bir Şəhid ailəsini ziyarət etdim…

İkinci Vətən Müharibəsinin Şəhidlərindən, Qəhrəman Goranboyun Qəhrəman Qızılhacılı qəsəbəsinin-qəsəbəmizin İgidlərindən, Qəhrəmanlarından olan Kənan Müşfiq oğlu Ələkbərlinin ailəsində…

Qeyd edim ki, Ələkbərovlar (Ələkbərlilər) ailəsi həm də Şəhidlər ailəsidir…

Ələkbərovlar ailəsi Vətən, Qarabağ uğrunda bir yox, İKİ ŞƏHİD veriblər…

Həm Birinci Qarabağ Savaşında, həm də İkinci Vətən Müharibəsində…

1994-cü ilin yanvarında Cabbar Ziyəddin oğlu Ələkbərovu və 2020-ci ilin oktyabrın 10-unda Kənan Müşfiq oğlu Ələkbərlini

Şəhid əmi və Şəhid qardaş oğlu…

Cabbar idmançı, həm də subay olub və 1994-cü ilin qarlı qışında keçmiş Ağdərənin Akop-Kamari kəndi istiqamətində döyüşlərdə qəhrəmancasına həlak olub, Şəhidlik Zirvəsinə ucalıb…Və nəşi uzun müddətdən sonra Qızılhacılı (Balakürd) qəbiristanlığında dəfn olunub…

İkinci Vətən Müharibəsinin ilk anlarından döyüşlərə atılan evin-ailənin tək, həm də nişanlı oğlu Kənan isə 2020-ci ilin oktyabrın 10-unda, müharibənin 14-cü günündə Şəhidlik məqamına yüksəlib…

Suqovuşan istiqamətində ağır döyüşlərdən birində Şəhid olan Kənan bir gün sonra, oktyabrın 11-ində Qızılhacılı qəbiristanlığındakı Şəhidlər Xiyabanında torpağa tapşırılıb…

Qeyd etdiyim kimi, ailədə iki övladdan biri, bir bacı-bir qardaş olan Kənan müharibəyə gedəndə nişanlı olub və yaxın zamanlarda da toyu olacaqmış…

Amma…Həm Şəhidimizin, həm də ailəsinin arzusu gözlərində qalıb…Bəyliyi ağ kəfəni olub Nur üzlü Şəhidimizin…

Bu gün ailəsini ziyarət edərkən Kənanın bəylik otağı ilə də tanış oldum…

Və həmin anlar hansı hisslər keçirdiyimi, nələr, hansı sarsıntılar yaşadığımı heç cür sözlərlə, kəlmələrlə ifadə edə bilmirəm…

Mənim üçün çox ağır, çox çətindir bunları ifadə etmək, sətirlərə köçürmək…

Sözlər də, kəlmələr də acizdir…

Necə deyərlər, sözün bitdiyi, tükəndiyi yer!

Və bir saatdan artıq davam edən ziyrətim zamanı, Şəhidimizin valideynləri- Fəxriyyə xanım Müşfiq bəylə söhbətdə də bu barədə bir kəlmə olsun heç nə soruşmadım, soruşa bilmədim…

Həm də soruşub qaysaq bağlamayan yaralarını yenidən qanatmaq, onları incitmək istəmədim…

***

Yaşadıqları küçə də Şəhidlərdən, Ələkbərovlardan birinin-Cabbar Ələkbərovun adını daşıyır…

Amma çox təəssüflər olsun ki, Qızılhacılının bir çox ara küçələri kimi, bu küçə də bərdab vəziyyətdədir, təmirə, asfatlaşdırmaya ehtiyacı var…Hətta aidiyyatı qurumlardan söz verilsə də, hələ də irəliyə, müsbətə doğru bir addım yoxdur və Şəhidlər ailəsi bu küçənin asfatlaşdırılmasını istəyirlər…

Eyni zamanda, bu ilin mayın 15-ində Kənanın Cənnətdəki ilk doğum günündə özünün və əmisinin adını daşıyan, küçələrində yerləşən “Şəhidlər bulağı”nın açılışından 3 aya yaxın vaxt keçsə də, hələ də bulağın işıqlandırılması baş tutmur…Bu yöndə Şəhid ailəsinin müraciətlərinə “bu gün-sabah”-deyə, cavab verilir… Şəhidlər ailəsi bu məsələnin də həllini tapmasını arzulayırlar…

Ona görə çox yaxşı olar ki, Kənanın Şəhidliyinin bir ilinin tamamına qədər (yaxın iki ay ərzində) hər iki məsələ öz müsbət həllinin tapardı, bununla həm Şəhidlərin ruhları sevindirilərdi, həm də Şəhidlər ailəsinə bir təsəlli, mənəvi dəstək verilərdi.

İnanmaq və əmin olmaq istərdim, istərdim ki, belə də olacaq, Goranboyun aidiyyatı qurumları və məsul şəxsləri bu iki məsələyə daha  həssas yanaşma nümayiş etdirəcək, onları yoluna qoyacaq, müsbət həllinə nail olacaqlar.

Allah hər iki Şəhidimizin məzarını nurlu, məkanını cənnətlik etsin, Ələkbərovlar ailəsinə, Fəxriyyə xanıma və Birinci  Qarabağ Savaşının iştirakçılarından olan Müşfiq bəyə səbr, dözüm, güc, qüvvət versin!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV),

11.08.2021, Qızılhacılı

Etikxeber.az

Read Previous

Yoluxmada növbəti artım-2396 nəfər – DAHA 11 ÖLÜM…

Read Next

Ali təhsilli…Evin tək və subay oğlu..3 medallı Şəhid…NİCAT ŞÜKÜRLÜNÜN ŞƏHİDLİYİNDƏN, TORPAĞA TAPŞIRILMASINDAN 10 AY KEÇİR – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir