Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
İki övladım var idi. İkisini də Vətən, Qarabağ yolunda Şəhid vermişəm. Oğulsuz, övladsız qalmışam. Son 4 il yarımda həm də həyat yoldaşımı, nəvəmi, digər doğmalarımı itirmişəm…Müsibət müsibət dalınca…Onsuz da əvvəlldən səhhətim yaxşı deyildi, qan təzyiqindən, şəkərdən əziyyət çəkirdim. Xüsusilə, övladlarımı itirdikdən, Şəhid verdikdən sonra səhhətim daha da pisləşib, hər gün az qala ölümlərdən dönürəm.
Komaya belə düşmüşəm, ürək əməliyyatı olunmuşam və sairə…Bir neçə gündür səhhətim yenidən və daha da pisləşib, bədənimdə ağrımayan yer yoxdur. “Semaşko” xəstəxanası kimi tanınan Kliniki Tibbi Mərkəzdə yatıram.
Bunu Etikxeber.az-a açıqlamasında Mingəçevirli Şəhid qardaşlar-Tural və Musa Həsənovların anası Nəhayət Həsənova deyib.
Şəhidlər anası deyib ki, bu Mərkəzə gəlməyindən peşman olub.
“Bir neçə gündür buradayam, “Modul” adlanan korpusda, birinci mərtəbədə, 202-ci palatda yatıram, müalicə alıram…Amma…Çox təəssüflər olsun ki, burada heç nə nəzərə alınmır…Burada kimsənin, xəstələrin-ifadəmə görə üzr istəyirəm, çöp, milçək qədər dəyəri yoxdur…Kimsənin vecinə deyil…Hər şeyin dalınca özün getməlisən…
Mərkəzin rəhbərliyi də, əməkdaşları da xəstələrə, buraya üz tutanlara çox laqeyd, biganə yanaşırlar…Mən bu insanlardan ötrü övladlarımı Şəhid vermişəm, oğulsuz, övladsız, kimsəsiz qalmışam…Şəhid, özü də iki Şəhid anasına beləmi münasibət olmalıdır? Şəhidlərin ruhlarından qorxmurlarmı? Çox xahiş edirəm ki, mənim harayımı, üsyanımı “TƏBİB”-ə və Səhiyyə Nazirliyinə çatdırın…Bu qədər də olmaz!!!”-deyə, N. Həsənova sözlərinə əlavə edib.
Etikxeber.az olaraq, qarşı tərəf(lər)in də fikrini, mövqeyini işıqlandırmağa hazırıq.
Diqqətdə saxlayacağıq!


K. HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az





