Şəhidlər və Şəhid ailələri ilə bağlı qanunlara, normativ-hüquqi aktlara yenidən baxılmalı, Şəhid ruhlarının incidilməsinə son qoyulmalıdır!!!-KAMİL HƏMZƏOĞLU YAZDI

Şəhidlər və Şəhid ailələri…çox həssas, çox ağrılı, çox incə bir mövzudur…

Bu barədə yazmaq, danışmaq, fikir yürütmək…hər bir kəsdən son dərəcədə həssaslıq, duyarlılıq və böyük məsuliyyət tələb edir…

Çox həssas və son dərəcədə ehtiyatlı olmalısan ki, kimsənin, ən əsası Şəhidlərimizin müqəddəs ruhları incidilməsin, narahat edilməsin…

Təəssüflər olsun-elə məqamlar, elə “reallıqlar”… var ki, yazmaya, susmaya bilmirsən…

Qanunvericilik də, qanunlar da, müvafiq təlimatlar…filanlar da bəzən məsələlərin, ortaya çıxan problemlərin və bir çox hallarda dilə gətirmək istəmədiyimiz xoşagəlməzliklərin yaranmasına, Şəhid ruhlarının incidilməsinə…gətirib çıxarır…

Hələlik ad çəkmək istəmirəm, iri şəhərlərimizdən birində yaşayan Şəhid ailəsi tanıyıram ki, Şəhidin valideynləri ilə gənc həyat yoldaşı (öhdəsində də iki uşaq) arasında ciddi münaqişə var və bu münaqişə də gündən-günə alovlanmaqdadır…

Şəhidin valideynləri Şəhidin xanımına gün verib işıq vermirlər…İş məhkəməyəcən gedib çıxıb…

Şəhidin həyat yoldaşına nə 11 min manatlıq sığorta pulundan, nə də Heydər Əliyev Fondu tərəfindən verilən 10 manatlıq puldan bir manat çatıb…

Şəhidin valideynləri iki körpəsi ilə ortada qalan cavan gəlinə bir manat belə verməyiblər…Bunlar bir yana qalsın, neçə dəfə insanların gözü önündə Şəhidin yoldaşını döyüb, təhqir, xəstəxanalıq…ediblər…

Hətta çox yerdə deyiblər ki, oğlumuz subay olub və beləliklə, Şəhidin adına gələn bütün yardımları özlərinə götürüblər…Hətta körpələr üçün yardım kimi verilən “pampers”lərə belə göz tikiblər…

Gəlin qalıb iki uşaqla ortada, hələlik atasıgildə yaşamağa məcburdur, onların da durumları, şəraitləri də çox bərbad…

Və yaxud, Hacıqabulda ataları tərəfindən imtina edilən, analarını erkən itirən, xalalarının qəyyumluğunda yaşayan (artıq qəyyumluq müddəti də bitib) iki qardaşdan biri-Eləməddin Nurzalıyev Şuşa uğrunda döyüşlərdə Şəhid olub, ailəsindən tək qardaşı-20 yaşlı tələbə Məhəmməd qalıb…

Onu da qeyd edim ki, həm Şəhidimiz, həm də qardaşı ana familiyası-Nurzalıyev soyadını daşıyıblar…

Bugünlərdə məhkəmə prosesi olub, Şəhid atasının S. olduğu təsdiqlənib, yaxın günlərdə də Məhəmmədlə bağlı analoji məhkəmə prosesi olacaq…

Şəhid qardaşı da bu günə kimi, nə 11 min manatı, nə 10 min manatı alıb, nə ona Şəhid ailələri üçün nəzərdə tutulan müavinət təyin olunub…

Tək uşaq qalıb ortada, yaşadığı “ev” də, ev adına belə təhqirdir…Ona ev demək belə günahdır…

Sabah məhkəmə ata kimi, S-i təsdiq etsə (və edəcək), qanunvericiliklə, müvafiq normalarla, qaydalarla…, nə bilim nələrlə həmin şəxs avtomatik həm müavinət hüququna sahiblənəcək, həm də 11 min və 10 min manata yiyələnəcək…

Kim qarantiya verə bilər və verir ki, övladlarına sahib çıxmayan ata həm pullardan, müavinətdən imtina edəcək və onları kimsəsiz, sahibsiz qalan Məhəmmədə verəcək?!…

Təki mən yanılım, günaha da batmaq istəmirəm…Amma və lakin…

Yenə ortada qalan tək, kimsəsiz Məhəmməd olacaq…

Bu isə həm Şəhid ruhunun incidilməsi, həm də Məhəmmədin növbəti dəfə mənən sındırılması… demək olacaq…

Odur ki, artıq hansısa şəkildə bu məqamlara, açıq qalan məsələlərə əl gəzdirməli, qanunvericiliyə dəyişikliklər edilməli, ən əsası Şəhid ruhlarının incidilməsi və Şəhid adının müqəddəsliyinə xələl gətirilməsinə son qoyulmalıdır!!!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Bu, Ermənistanı daha ciddi problemlərlə üz-üzə qoyacaq, erməni xalqının vəziyyətini daha da ağırlaşdıracaq və…”-MM-İN KOMİTƏ SƏDRİ

Read Next

Daha 2144 yeni yoluxma-DAHA 33 ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir