Şəhidlərimiz…Qəhrəman Goranboylular-Vüsallar, Bəxtiyarlar, Farizlər, Elmanlar, Nofəllər, Kənanlar, İlkinlər, Elşənlər, Hidilər…Başqışlaq həsrət ilə yaşayan Buzluqlular…Ruhun dincəlidiyi yer-BUZLUQ! – FOTOLAR

Yenə rayonumuzda, yenə Qəhrəman Goranboyumdayam…

Həm Birinci Qarabağ Savaşının, həm də İkinci Vətən Müharibəsinin Qalibi Goranboyumda…

Birinci Qarabağ Savaşında torpaq, ərazi itirməyən, əksinə, 1992-ci ilin yayında torpağına torpaq, ərazisinə ərazi qatan, 10-dan artıq kəndi (keçmiş Şaumyankəndi) ermənilərdən, düşmənlərdən azad edən, onu axıradək qoruyan Oğuz yurdundayam…

Hər gəlişimdə də Şəhid məzarlarını, xüsusilə, Birinci və İkinci Qarabağ Savaşında 30-dan artıq Şəhid verən, 3 Şəhid Milli Qəhrəman, 1 Vətən Müharibəsi Qəhrəmanı (mayor Saleh Valeh oğlu Həsənov) olan Qızılhacılımın (Balakürdümün) qəbiristanlığındakı Şəhidlər Xiyabanını ziyarət edirəm…

Bu gün də səhər tezdən Şəhidlər Xiyabanını, Aprel döyüşlərinin və İkinci Vətən Müharibəsinin Şəhidləri-Bəxtiyarın, Farizin, Elmanın, Şaməddinin, Mübarizin, Nofəlin, İlkinin, Kənan, Elşənin, eləcə də, Buzluqlu (Başqışlaqlı) balası Vüsalın, Naftalanlı (Şuşalı) balası Bəxtiyarın və Tap Qaraqoyunlu balası Hidinin məzarlarını ziyarət etdim, ruhlarına dualar oxudum, Allahdan hər birinə rəhmət dilədim…

Ziyarət etmək, məzarlarına baş çəkmək borcumdur, vəzifəmdir…

Və neçə ki, sağam, əlim-ayağım tutur-hər zaman da məzarlarını ziyarət edəcəyəm, müqəddəs ruhları qarşısında ehtiramla baş əyəcəyəm…

Onlar bizlər, Vətən üçün canlarından keçiblər, gözlərini qırpmadan canlarını fəda ediblər…

Baş tacım, baş tacımızdırlar…

Ruhları qarşısında bir daha baş əyirəm, baş əyirik!

***

Şəhidlər Xiyabanını ziyarətdən sonra öncədən vədələşdiyimiz kimi, İkinci Vətən Müharibəsinin Şəhidi, Buzluqlu balası Vüsal Nağıyevin atası (həm də rəhmətlik atamın yaxın dostu) Əmirastan kişi, Əmirastan dayı ilə bir araya gəlirəm…

Əmirastan kişi sözün əsl mənasında Mərd, Qorxmaz, Vətənpərvər bir insan, bir Goranboyludur…

Özü də müharibənin odundan-alovundan keçib, Birinci Qarabağ Savaşında can qoyub, ad-san çıxarıb…

Atalarımız da boşuna deməyiblər ki, ot kökü üstə bitər…

Əmirastan KİŞİnin övladları da özü kimi, Mərd, Qorxmaz, Vətənpərvər olmalıydı və belə də oldu…

3 oğlundan birini-Arzumanı hələ illər öncə, 20 yaşında faciəli şəkildə itirən Əmirastan dayının böyük oğlu Tural və ikinci oğlu Vüsal həyatlarını hərblə, Ordu ilə bağlayıblar…

3 övlad atası olan Tural hələ də Ordudadır, hazırda Kəlbəcər istiqamətindədir, İkinci Qarabağ Savaşının da ilk günündən son günüdək (eləcə də sonrakı aylarda) ağır döyüş bölgələrindən birində olub…

Vüsal da peşəkar hərbçi-gizir kimi İkinci Vətən Müharibəsinin ilk günündən döyüşlərə atılıb, döyüşüb, vuruşub, qəhrəmanlıqlar göstərib…Ad-san qazanıb və ağır döyüşlərdən birində qəhrəmancasına həlak olub, Şəhidlik məqamına ucalıb…Və Qızılhacılı qəbiristanlığındakı Şəhidlər Xiyabanında dəfn olunub…

İki oğul atası olan Vüsalın atasının adını daşıyan Əmirastan və Əmirxan adlı övladları bizlərə, Vətənə əmanət qalıb…

Balaca Əmirastanın 8, Əmirxanın 7 yaşı var…

Vüsal ölümündən sonra Ali Baş Komandan tərəfindən “Vətən uğrunda” medalı ilə təltif olunub…

Ancaq elə igidliklər, elə qəhrəmanlıqlar göstərib ki, nəinki iki medala, daha çoxuna layiqdir, daha çoxunu Haqq edir…

Ailəsi də Vüsala Vətən Müharibəsi və ya Milli Qəhrəman adının verilməsini istəyir…

Və buna çox ümidlidirlər…İnşallah, bir gün ümidləri də doğrular!

***

Əmrastan dayı ilə bir araya gəldikdən sonra onların 1992-93-cü ildən yaşadıqları, nəinki Goranboyun, nəinki Azəbaycanın, dünyanın cənnət-məkanlarından biri olan Buzluq kəndinə yol alırıq…

Onu da qeyd edim ki, Əmirastan dayıgil əslən Goranboyun Başqışlaq kəndindəndirlər…

Birinci Qarabağ Savaşı başlayandan kəndləri ermənilərin mütəmadi hücumlarına məruz qalıb, ancaq Başqışlaqlılar onların-mənfurların qabağından qaçmayıb, axıradək müqavimət götəriblər…

Amma 1991-ci ilin payızına yaxın erməni barbarlarının növbəti hücumuna- amansızlığına, vəhşiliyinə məruz qalıblar…Kəndləri bir anın içindəcə yandırılıb, odlara qalanıb, xarabazarlığa çevrilib…Xeyli sayda yaralanan, hətta həlak, Şəhid olanlar da olub…

Başqışlaqlıılar həmin vaxtdan sonra öz evlərindən-eşiklərindən didərgin, köçkün düşüblər, bir ilə yaxın Goranboyun özündə və başqa bölgələrində yaşamaq məcburiyyətində qalıblar…

1992-ci ilin uğurlu Goranboy (Ağcakənd) əməliyyatından sonra ermənilərdən təmizlənən Buzluq kəndinə köçüblər, Buzluqda yurd-yuva salıblar və 29 ilə də yaxındır Buqzluqda yaşayırlar…

Amma hələ də Başqışlağa dönmək, orada yenidən yaşamaq həsrəti, arzusu ilə yaşayırlar…

İnşallah, bir gün o arzularına da qovuşarlar, erməni faşistləri tərəfindən 30 il öncə xarabazarlığıa çevrilən Başqışlağa, Başqışlaqlarına dönərlər!

***

Bəli, üzü Buzluğa gedərkən Meşəli kəndi ilə Aşağı Ağcakəndin birləşdiyi nöqtədə, dağların ətəyində ucaldılan Bayraq meydanının yaxınlığında dayanırıq, maşından düşüb İkinci Vətən Müharibəsində həlak olmuş bir neçə Şəhidimizin xatirəsinə qoyulan dəmir lövhələri, plakatları necə deyərlər, ziyarət edirik, Şəhidlərimizə bir daha Allahdan rəhmət diləyirik…

Sonra yenə üzü Buzluğa doğru yol alırıq…

Buzluq kəndi də üç dağla-Dod, Murov və Kəpəz dağı ilə əhatələnib…

Murovun başı yenə qarlıdır və Əmirastan dayı Murova baxaraq, dərindən köks ötürür…

Deyir ki, Vüsal bax o dağda, o istiqamətdə Şəhid olub və bir gün imkan tapıb o yerlərə, Vüsalımın Şəhid olduğu yerə gedəcəyəm…

Sonra bir anlıq susuruq, danışmırıq…

İki İgid, iki Qəhrəman atası olan Əmirastan dayı oğlunun-Vüsalın Şəhidliyi ilə fəxr edir, qürur duyur…

Bildirir ki, ata, valideyn üçün övlad itirmək nə qədər çətin, nə qədər ağır olsa da, Şəhid valideyni olmaq da bir o qədər qürurludur, bir o qədər şərəflidir…

“Mən də oğlumla, Vüsalımla fəxr edir, qürur duyuram… Fəxr edirəm, qürur duyuram ki, Vüsal kimi oğulun atasıyam”-deyə, sonra sözlərinə əlavə edir…

Sonra Buzluğa çatırıq…

Necə deyərlər, dünyanın cənnətinə…

Sözün əsl və həqiqi mənasında cənnət, kəşf edilməmiş, əsl turizm bölgəsi olan bir cənnət…

Buzluğun gözəlliyini, füsunkarlığını, ecazkarlığını sözlə ifadə etmək gerçəkdən çox çətindir, kəlmələr belə yetmir…

Sadəcə, doyunca seyr et, mənən, ruhən dincəl…

Belə, demək mümkünsə, ruhun dincəldiyi yer…

Allah cənnət Azərbaycanımızı, qəhrəmanlar və gözəlliklər diyarı Goranboyumuzu, Buzluğumuzu qorusun!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV),

17.05.2021

Etikxeber.az

Read Previous

Daha 515 yeni yoluxma-DAHA 13 ÖLÜM

Read Next

Bakı Baş Gömrük İdarəsində əməliyyat keçirildi-SAXLANILANLAR VAR…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir