Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Müqəddəs Qurban bayramı ilə əlaqədar bu gün, 21 iyul tarixində baş tacımız olan üç Şəhidimizin ailəsini ziyarət etdik.
Ziyarətin təşəbbüsçüsü və təşkilatçısı yenə dəyərli yaradıcı ziyalımız Fərid Nəsibzadə idi.
Ziyarətdə Fərid Nəsibzadənin dostları-həmfikirləri – Araz Məmmədov və Huseyn Xudatov da iştirak edirdi.
Budəfəki ziyarətimizin ünvanı-ünvanları Bakı şəhərinin Səbail rayonunun Bayıl qəsəbəsi, Buxta küçəsində yaşayan Şəhid Cəmil Məmmədlinin ailəsi-valideynləri, Bakı şəhərinin Nərimanov rayonunun Aşıq Qərib küçəsində illərdir kirayədə qalan Şəhid Rəşid Həmidovun anası və hazırda iki körpəsi ilə Bakıda kirayədə olan Şəhid Pərvin Həmidovun həyat yoldaşı və övladları idi.
Ziyarətə öncə Şəhid Cəmil Məmmədlinin ailəsindən başladıq.
Şəhidimizin valideynləri-anası Aygün xanım və atası Habil Məmmədovu ziyarət etdik.



Sonra Şəhid Rəşid Həmidovun anası Tənzilə xanımı, daha sonra isə Şəhid Pərvin Həmidovun həyat yoldaşı Günay xanımı, onun iki körpə övladını və Günay xanımın onlarla birgə yaşayan məcburi köçkün valideynlərini ziyarət etdik.
Ziyarət zamanı bir daha Qələbə və Zəfər Şəhidlərimizin keçdikləri qısa, lakin mənalı, şərəfli döyüş, ömür yolundan, İkinci Vətən Müharibəsindən danışdıq, söhbətləşdik, bəhs etdik.



Bir daha Şəhid ailələrinə başsağlığı verdik, “başınız, Vətən sağ olsun!” söylədik, bir daha səbr dilədik, bir daha Şəhidlərmizin məkanları cənnətlik, məzarları nurla dolsun dedik.
Ziyarət zamanı Şəhid ailələrinə həm də bayram sovqatları təqdim olundu.
Şəhid ailələri də mənəvi dəstək və diqqət üçün Fərid Nəsibzadə, Araz Məmmədov və Hüseyn Xudatova öz minnətdarlıqlarını ifadə etdilər.
Bildirdilər ki, Şəhid ailələrinə xüsusilə, mənəvi diqqət və mənəvi dəstək göstəriləndə, həm Şəhidlər yaşayır, həm də Şəhid ailələri.
Saat 11:00-11:30 radələrindən başlayan ziyarətimiz təxminən 4 saat çəkdi.
15:00
***







Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az