“Şəhidlərimizin ruhu əziz olduğu kimi, onların anası-atası da bizim üçün əzizdir…”-QƏNİRƏ PAŞAYEVA ŞƏHİD FUAD XANKİŞİYEVİN ANASI İLƏ GÖRÜŞDÜ – FOTOLAR

Milli Məclisin (MM) Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Vətən Müharibəsinin şəhidi Fuad Xankişiyevin anası Saqibət Xankişiyeva ilə görüşüb.

Etikxeber.az-ın xəbərinə görə, Q.Paşayeva şəhid anasını dinləyib, qayğıları ilə maraqlanıb, ürək sözlərini bölüşüb.

Q. Paşayeva bildirib:

“Əziz şəhid anası, biz sizinlə “8 Mart – Beynəlxalq Qadınlar Günü” ərəfəsində görüşürük. Bayramlarda anılmaq, təbrik edilmək ən çox sizin haqqınızdır. Sizi və ailənizin xanım üzvlərini 8 Mart, bütün doğmalarınızı qarşıdan gələn əziz Novruz Bayramı münasibəti ilə ürəkdən təbrik edir, ən xoş diləklərimi yetirirəm! Fuad evin tək oğlu idi. İdmançı idi, kollec təhsili almışdı.

Oğlunuz hələ Mingəçevir şəhər Mehdi Hüseynzadə adına 3 saylı tam orta məktəbdə təhsil aldığı illərdə böyük həvəs göstərdiyi cüdo idman növü ilə məşğul olmuş, sonra Bakı Olimpiya İdman liseyində cüdo üzrə təhsilini davam etdirmiş və 2011-ci ildə uğurla məzun olmuşdur. 2011-2014-cü illərdə Mingəçevir Turizm Kollecində Bədən tərbiyəsi fakültəsinə oxuyan Fuad, bütün bunlarla yanaşı, həvəskar dizayn-dekor işləri ilə də məşğul olmuşdur. Oğlunuz 2014-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət keçmişdir.

O, Azərbaycan Vətən Müharibəsi zamanı Füzuli, Xocavənd və Şuşa istiqamətindəki döyüşlərdə iştirak etmiş, öz cəsurluğu ilə seçilmişdir. Fuad Şuşa istiqamətində – Daşaltıda gedən döyüşlərdə, 1553 metr yüksəklikdə qəhrəmancasına şəhid olmuşdur. Fuad Xankişiyev Azərbaycan Prezidentinin Sərəncamlarına əsasən “Vətən uğrunda” (15.12.2020), “Xocavəndin azad olunmasına görə” (25.12.2020), “Füzulinin azad olunmasına görə” (25.12.2020), “Şuşanın azad olunmasına görə” (24.06. 2021), “Cəsur döyüşçü” (24.06.2021) medalları ilə təltif olunmuşdur.

Şəhidlərimiz bizim müqəddəs and yerimizdir. Şəhidlərimizin ruhu əziz olduğu kimi, onların anası-atası da bizimçün əzizdir. Şəhid ailələri hər zaman böyük ehtirama layiqdir. Şəhid ailələrimizə ali dövlət rəhbərliyinin göstərdiyi yüksək diqqət-qayğı bizlər üçün mühüm örnəkdir. Bir daha sizi qarşıdan gələn bayramlar münasibəti ilə təbrik edir, ən xoş diləklərimizi yetirirəm. Xahiş edirəm, bizim salam-sayğılarımızı bütün doğmalarınıza yetirin”.

Görüşdə “NƏFƏS” İB sədri Firəngiz Balakişiyeva və “EtikxeberAz” saytının baş redaktoru Kamil Həmzəoğlu iştirak edib.

Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Fuad Şöhrət oğlu Xankişiyev (12.04.1996, Mingəçevir – 03.11.2020, Daşaltı) 06.11.2020-ci ildə Mingəçevir şəhərinin Şəhidlər Xiyabanında izdihamla dəfn olunub.

Ruhu şad olsun!

Etikxeber.az

Read Previous

Ərdoğanla Putin arasında telefon danışığı oldu-TÜRKİYƏ LİDERİ PUTİNİ TƏCİLİ ATƏŞKƏSƏ SƏSLƏDİ -YENİLƏNİB

Read Next

Ataları Birinci Qarabağ Savaşının iştirakçısı olan, eyni bölgələrdə, eyni istiqamətlərdə döyüşən, vuruşan qardaşlar-Elməddin və Məhəbbət Yusifovlar-BİRİ ŞƏHİD, BİRİ QAZİ… – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir