Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
27 sentyabr 2024-cü il tarixində, səhər saatlarında, İkinci Vətən Müharibəsi Şəhidlərinin Anım Günündə Beyləqan rayonunda, Bahar qəsəbə Şəhidlər Xiyabanında oldum.
Bahar qəsəbə Şəhidlərinin-İkinci Vətən Müharibəsi Şəhidlərinin və Antiterror Şəhidinın məzarlarını ziyarət və ruhlarına dualar etdim.
Şəhidlərimizin müqəddəs ruhları qarşısında baş əydim, Şəhidlər Xiyabanında olan Şəhid valideynlərinə, o cümlədən Vaqif Vüqar oğlu İsmayılzadə və Ruslan Vəli oğlu Hüseynovun valideynlərinə, Bəhruz Rüstəmlinin qardaşına Allahdan səbr və dözüm arzuladım.
Eyni zamanda, Bahar qəsəbə məktəbinin kollektivi tərəfindən təşkil edilən Anım Günü tədbirində iştirak etdim.
Tədbirdə Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi, Dövlət himni səsləndirildi.
Hərbi geyimli şagirdlər, məktəblilər tərəfindən Vətənə, Şəhidlərə həsr olunmuş şeirlər və mahnılar səsləndirildi.
Anım Günü tədbirindən iştirakdan, Şəhidlər Xiyabanını ziyarətdən sonra Beyləqanlı İkinci Vətən Müharibəsi Şəhidi, ailənin iki övladından biri, evin tək və ailəli oğlu, iki oğlan övladı Vətənə əmanət qalan, hərbi polis, ata tərəfdən əslən Cəbrayıllı olan və babasının adını daşıyan Vaqif İsmayılzadənin ocağını, doğmalarını ziyarət etdim.
1996-cı ilin noyabr ayının 6-da Daşburun qəsəbəsində dünyaya gələn və babasının adını daşıyan Vaqif İsmayılzadə 2002-2013-cü illərdə orta məktəbdə oxuyub.
18 yaşını tamamladıqdan sonra isə Əsgərliyə, Vətənin keşiyinə yollanıb.
Əsgərliyini başa vurduqdan sonra yenidən evinə-ailəsinə qayıdıb və son üç il ərzində, yəni, Şəhidliyinə kimi hərbi polisdə çalışıb.
Ana tərəfdən qohumu olan Samirə xanımla ailə həyatı qurub.
Atasının adını daşıyan Vüqarı və Renatı dünyaya gəlib.
İki övladı Vətənə, ailəsinə əmanət qalıb.
Vüqar hazırda birinci sinifdə oxuyur, Renat isə uşaq bağçasına gedir.
Bir Vətən sebvdalısı kimi İkinci Vətən Müharibəsinə qatılan Vaqif oktyabr ayının 21-də Xocavənd istiqamətində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.
Ancaq nəşi beş gün sonra əldə edilib və 26 oktyabr tarixində Bahar qəsəbə qəbiristanlığında-Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb.
Şəhidliyindən sonra dörd medalla təltif olunub.
Şəhidimizin ailəsini, ocağını ziyarətim zamanı valideynləri-anası Simnarə xanıma, atası Vüqar İsmayılova, babası Vaqif kişiyə, həyat yoldaşı Samirə xanıma bir daha başsağlığı verdim, onlara bir daha Allahdan səbr, dözüm, güc-qüvvət arzuladım.
“Şəhidimizin ruhu şad, məkanı cənnətlik olsun! Ruhu qarşısında baş əyirəm!”-dedim.
Bir ömür boyu Şəhidlərimizə, Vətən sevdalılarımıza borclu olduğumu, borclu olduğumuzu bildirdim.
Valideynləri, babası ilə təxminən bir saata yaxın söhbətləşdim, dərdləşdim.
Babası, gözlərinin yaşı çöhrəsindən sel kimi axan 78 yaşlı Vaqif kişi “Vaqif başqa oğul idi…Mənim adımı daşıyırdı…Nəvə olduğum üçün demirəm, gerçəkdən gözəl, ağıllı, tərbiyəli, Vətənpərvər bala idi…Şəhidliyi, yoxluğu belimi qırdı…”-deyə, bildirdi.
Ziyarətimin sonunda Şəhidimizin valideynləri, doğmaları, o cümlədən Şəhid Bəhruz Rüstəmlinin tək qardaşı, keçmiş hərbçi Mövlan Rüstəmli ilə xatirə fotoları çəkdirdim.
Məqamı Uca olsun!
Nur içində uyusun!
***
FOTOLAR:
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az