2016-cı ildə, 6 ayın içində 53 yaşlı anasını və iki övlad atası olan 33 yaşlı tək qardaşını itirdi, 2023-cü ilin 19 sentyabr tarixində isə ali təhsilli bacısı oğlu əlindən ağır yaralandı, özü isə nişanına 9 gün qalmış Şəhidlik məqamına ucaldı-BU GÜN CƏNNƏTDƏKİ İLK DOĞUM GÜNÜ OLAN BAKILI ANTİTERROR ŞƏHİDİ, ALİ TƏHSİLLİ, LEYTENANT ŞƏHRİYAR BƏXTİYAR OĞLU ƏLİYEVİN KƏDƏRLİ HƏYAT HEKAYƏTİ – FOTOLAR – YENİLƏNİB

Bu gün daha bir Antiterror Şəhidinin doğum günüdür…

Antiterror Şəhidlərindən biri olan Şəhriyar Bəxtiyar oğlu Əliyevin bu gün 27 yaşı tamam olur.

Bu, həm də Şəhidin Cənnətdəki ilk doğum günü, mövlududir.

Etikxeber.az xəbər verir ki, əslən Astara rayonunun Şiyəkəran kəndindən olan Şəhriyar Bəxtiyar oğlu Əliyev 1997-ci ilin 5 avqust tarixində Bakı şəhərinin Sabunçu rayonunun Bakıxanov qəsəbəsində dünyaya gəlib…

Sonra-2000-ci ildə ailəsi ilə birlikdə Zabrat qəsəbəsinə köçüblər…

Ailənin üç övladından, iki qardaşdan biri, evin sonbeşiyi olub…

Şəhriyar 2003-2014-cü illərdə Zabrat qəsəbəsində yerləşən 307 saylı tam orta məktəbdə oxuyub…

1978-ci il təvəllüdlü, üç övlad-iki oğlan və bir qız anası olan bacısı Sənubər xanım və iki övlad-bir qız və bir oğlan atası olan mərhum qardaşı Ümüd Əliyev isə Bakıxanov qəsəbəsində yerləşən 252 saylı tam orta məktəbdə oxuyublar…

Orta məktəbi bitirdikdən sonra-2014-cü ildə Azərbaycan Texniki Universitetinə (AzTU) daxil olub və 2018-ci ildə ali təhsilini (bakalavr pilləsini) başa vurub…

Sonra magistrarurada təhsilini davam etdirib, ancaq ilyarımdan sonra təhsilini yarımçıq qoyub, həqiqi hərbi xidmətə, Əsgərliyə yollanıb, Daxili Qoşunların Bərdə rayonunda yerləşən “N” saylı hərbi hissəsində qulluq edib…

2021-ci ildə Əsgərliyini başa vuraraq, evinə dönüb, Zabitlik kursuna gedib, yenidən-2022-ci ilin iyulundan həyatını Ordu, hərb ilə bağlayıb…

Leytenant hərbi rütbəsini daşıyıb…

Həmin vaxt-2022-ci ilin iyulunda tək bacısının oğlu, ali təhsilli İlkin Füzuli oğlu Musazadədə həqiqi hərbi xidmətə yollanıb, Xocavınd istiqamətində “N” saylı hərbi hissədə qulluq edib…

Azərbaycan Ordusunun peşəkar hərbçisi olan Şəhriyar axırıncı dəfə ailəsi, atası ilə 2023-cü ilin sentyabr ayının 18-dən 19-na keçən gecə danışıb…

Cəmi saatlar sonra, 2023-cü ilin 19 sentyabr tarixində isə Azərbaycan Ordusu tərəfindən həyata keçirilən lokal xarakterli antiterror əməliyyatında iştirak edib…

sentyabrın 19-dan 20-nə keçən gecə Ağdərə istiqamətində qəhrəmancasına Şəhidlik məqamına ucalıb…

Nəşi 20 sentyabr 2023-cü il tarixində Bakıxanov qəsəbə Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb…

Şəhidliyindən sonra “Vətən uğrunda” medalı 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub…

Hazırda ailəsinin yaşadığı küçə Onun adını daşıyır…

Yeri gəlmişkən, Əsgərlikdə olan bacısı oğlu, 22 yaşlı İlkin Musazadə isə 19 sentyabr 2023-cü il tarixində Xocavənd istiqamətində döyüşlər zamanı sol əlindən ağır yaralanıb, güllə əlini deşib keçib…

16 günə yaxın müxtəlif hospital və xəstəxanalarda müalicə alıb və sonra yenidən hərbi xidmətini davam etdirib…

8 mart 2001-ci il təvəllüdlü, Azərbaycan Dövlət Aqrar Universitetinin tələbəsi olmuş İlkin Musazadə 2024-ci ilin yanvar ayında Ordudan təxris olunub…

Müdafiə naziri tərəfindən “Şücaətə görə” medalı ilə təltif olunub…

Bu yerdə qeyd edək ki, Şəhriyarın ailəsi, Əliyevlər ailəsi son 8 ildə üç böyük faciə yaşayıb…

8 il öncə, 2016-cı ilin yanvar ayında 53 yaşlı anası xəstəlikdən, həmin ilin iyun ayının 1-də isə iki övlad atası olan 33 yaşlı tək qardaşı vaxtsız və faciəli şəkildə dünyasını dəyişib…

Cəmi 6 ayın içində Əliyevlər ailəsi iki doğmasını itirib…

7 il sonra, 2023-cü il sentyabrında isə Əliyevlər ailəsi daha bir itki ilə üzləşib, bu dəfə ailənin tək və yeganə oğlu, 26 yaşlı Şəhriyar Vətən yolunda Şəhadətə ucalıb…

Bir ailə və üç itki, üç faciə…

Eyni zamanda qeyd edək ki, 2023-cü ilin sentyabrın 28-də Şəhriyarın nişanı olacaqmış…

Gəncə tərəfdən ali təhsilli bir qızı sevirmiş…

Elə axırıncı dəfə atası ilə danışanda da nişanın tarixi, nişan günü müəyyənləşdirilibmiş…

Amma…

Cəmi saatlar sonra Şəhidliyi ilə ömrü kimi arzuları, xəyalları da yarımçıq qalıb…

Və sözün bitdiyi yer!!!

***

“Odlar yurdu” qrupunun üzvü Azər Hüseynov və “Dəmir Yumruq Alfa-A” Cəmiyyətinin sədri Ülviyyə Vasifqızı ilə bu gün Şəhidimizin ocağını ziyarət və mövludunda iştirak etdik…

Şəhidimizin əzizlərinə, atası Bəxtiyar Əliyevə, üç övlad anası olan Sənubər xanıma başsağlığı verdik, onlara Allahdan səbr və dözüm dilədik…

Şəhriyar Əliyevin atasına “Şəhidimizin, hər iki övladınızın və həyat yoldaşınızın məkanları cənnətlik, ruhları şad olsun!”-dedik…

Ruhları qarşısında baş əydiyimizi bildirdik…

Sonra Şəhidimizin atası və bacısı ilə söhbətləşdik, dərdləşdik…

Sonda Azər Hüseynov tərəfindən “Odlar yurdu” qrupu və tanınmış iş adamı Mübariz Mənsimovun adından Şəhidin atasına, ailəsinə “Xarıbülbül” simvolu təqdim edildi və xatirə fotoları çəkdirildi.

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Azərbaycan XİN-dən İsrail və Fələstinə səfərlərlə bağlı-XƏBƏRDARLIQ

Read Next

Bu yollarda sıxlıq var-BAKIDA…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir