Şəkidə baş vermiş hadisə ilə bağlı iki dövlət qurumu yeni açıqlama yaydı…

İyulun 15-də Azərbaycan Respublikasının Baş Prokurorluğu ötən gün Şəki Xan Sarayının ərazisindəki ağacın budaqlarının qırılması nəticəsində çoxlu sayda insanın xəsarət alması ilə bağlı yeni məlumat yayıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Etikxeber.az-a daxil olan məlumatda bildirilir ki, iyulun 14-də saat 12 radələrində Şəki Xan Sarayının ərazisində ağacın budaqlarının qəflətən qırılaraq insanların üzərinə düşməsi nəticəsində 19 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq dərhal Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlardan 13 nəfərə ilkin tibbi yardım göstərilərək evə buraxılıb. Digər 2 nəfərin Şəki Rayon Mərkəzi Xəstəxanasında, 4 nəfərin isə Bakıdakı Mərkəzi Klinik Xəstəxanada yüksəkixtisaslı mütəxəssislərin cəlb olunması ilə intensiv müalicələri davam etdirilir.

Baş vermiş hadisə ilə əlaqədar rayon prokurorluğunun əməkdaşları, eləcə də aidiyyəti nazirliklərin mütəxəssisləri dərhal həmin ünvana gedərək, ilk növbədə, xəsarət alan şəxslər təcili-tibbi yardım maşınları ilə xəstəxanaya çatdırılıblar. Hadisə yerinə baxış keçirilib, qırılmış budaqlardan nümunələr, habelə digər əhəmiyyət kəsb edən maddi sübutlar və izlər götürülüb, mütəxəssislərin ilkin rəyləri alınıb.

Aparılmış ilkin araşdırmalarla müəyyən edilib ki, hündürlüyü 34 metr olan Xan çinarının 21 metr hündürlükdə yerləşən 0,5 metr diametrli budağı qəflətən qoparaq aşağıda – 17 metr hündürlükdə olan nisbətən kiçik diametrli budağı da qırıb, nəticədə hər iki budaq insanların üzərinə düşüb.

Mütəxəssislərin ilkin rəyinə əsasən, budaqların qırılmasına əlverişsiz hava şəraiti səbəb olub. Belə ki, iyulun 12-də başlayan və sürəti saniyədə 8-12 metr olan küləklə müşayiət olunan, xüsusilə iyulun 14-də səhər saatlarından başlayaraq 3 saat ərzində aylıq normanın 54 faizi miqdarında (32 mm) aramsız yağış yağıb.

İlkin müayinələrə əsasən müəyyən edilib ki, qırılmış əsas budaq sağlam olub, qurumağa və hansısa fiziki təsirlərə məruz qalmayıb. Həmin budaqlarda virus və ya bakterioloji proseslərin gedib-getməməsinin müəyyən edilməsi üçün budaqlardan nümunələr götürülərək bioloji tədqiqatın keçirilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri cəlb olunmaqla məhkəmə-bioloji və məhkəmə-trasoloji ekspertizaları təyin edilib. Ekspertizaların keçirilməsi Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə olunub.

Hazırda araşdırmalar davam etdirilir.

Həmçinin, Dövlət Turizm Agentliyinin rəhbərliyinin qərarı ilə “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunda yerləşən Şəki Xan Sarayının ərazisinə giriş bir müddət bağlı olacaq.

Agentlikdən bildirilib ki, müvafiq araşdırma və bərpa işlərdən sonra ictimaiyyətə əlavə məlumat veriləcək və sarayın ərazisi turistlərin üzünə açıq olacaq.

İyulun 14-də saat 12 radələrində Şəki Xan Sarayı ərazisində 1530-cu ilə aid ağacın təxminən 50 santimetr diametrində olan budağı qəflətən qırılaraq həmin vaxt sarayın həyətində olan turistlərin üzərinə düşüb.

Hadisədən zərər çəkmiş 13 nəfər ilkin tibbi yardımdan sonra evə buraxılıb, digər 6 nəfərin müalicəsi xəstəxanalarda davam etdirilir.

Səhiyyə Nazirliyinin məlumatına əsasən, Şəki Mərkəzi Rayon Xəstəxanasında müalicəsi davam edən Xatirə Ağamalıyevanın (sağ baldır sümüyünün çox qəlpəli sınığı, travmatik şok) vəziyyəti ağırdır. Həmin xəstəxanada müalicə alan digər yaralı Elxan Məmmədovun (onurğanın qapalı travması) vəziyyəti isə orta-ağır olaraq qiymətləndirilir.

1 saylı Kliniki Tibbi Mərkəzdə olan İlkin Məmmədovun (ağır dərəcəli kəllə beyin travması, sağ ayaqda sınıq), Sara Hasanın (sağ bud sümüyünün qapalı travması çanaqda), Farik Hasanın (sol incik sümüyünün sınığı), Al Hasan Samirənin (sağ baldır sümüyünün yerdəyişən sınığı) vəziyyətləri ağır stabil olaraq qalır, həyati təhlükələri yoxdur.

Şəki Xan Sarayı ərazisində baş vermiş hadisənin səbəblərinin müəyyənləşdirilməsi məqsədilə Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Dövlət Turizm Agentliyi və Baş Prokurorluğun məsul şəxsləri Şəki şəhərinə ezam olunublar.

Hadisə ilə əlaqədar Baş Prokurorluğun 492 55 40, FHN-in 112 və Səhiyyə Nazirliyinin 498 78 46 saylı qaynar xətt əlaqə mərkəzləri yaradılıb.

Baş vermiş hadisə və xəsarət alan şəxslərin müalicəsi dövlətimizin başçısının xüsusi nəzarətindədir.

Etikxeber.az

Read Previous

Azərbaycanla Qazaxıstanın “beyin” mərkəzləri anlaşdı – FOTOLAR

Read Next

Sabah hava necə olacaq?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir