Bu gün-25 may 2023-cü il tarixində, axşam saatlarında Bərdəli Şəhid anaları-təkbaşına böyütdüyü tək övladını Şəhid vermiş, tək-tənha yaşayan Arzu Hüseynova və bir övladı Vətənə əmanət qalmış tək oğlunu Şəhid vermiş Hicran Süleymanova ilə Bakılı, Sabunçulu İkinci Vətən Müharibəsi Şəhidi Telman Ələkbərovun anası Səmayə xanımı ziyarət etdik…
11 övlad anası olan anasına məxsus, daha doğrusu, anasının hədiyyə etdiyi evdə təkbaşına, minbir çətinliklərlə böyütdüyü ali təhsilli, subay övladını İkinci Qarabağ Savaşında Vətən yolunda qurban vermiş və 2 il 7 aydır tək-tənha yaşayan Səmayə xanıma baş çəkdik…
Bir saata yaxın çəkən ziyatərimiz zamanı Şəhidimizin anası ilə söhbətləşdik, dərdləşdik…
Ona bir daha Allahdan səbr və dözüm arzuladıq…
Bir daha “Şəhidimizin ruhu şad olsun, ruhu qarşısında baş əyirik!”-dedik…




Qeyd etdiyim kimi, Səmayə xanımın yaşadığı ev uzun illər öncə mərhum anası tərəfindən ona hədiyyə edilib və illər keçdikcə şəraitsiz, yaşayış üçün yararsız olan bir vəziyyətə gəlib…
Düzdür, sonradan “əl gəzdirilsə” də, yenə də yaşayış üçün münasib deyil…
Ancaq təəssüflər olsun ki, ötən iki il ərzində Şəhid anası Səmayə xanıma Bakı şəhərində Şəhid ailələri üçün inşa edilmiş binlardan (sosial evlərdən) birində mənzil verilməsi çox görülür…
Hər dəfə mənzil verilməsindən imtina edilir…
Səbəb də o göstərilir, əslində bəhanə də o gətirilir ki, Şəhid anasının yaşadığı ev sən demə, MÜLKmüş…
“Mülk” də ki, nə mülk…Mülk adına təhqir… Mülkün “m” hərfindən belə söhbət gedə bilməz…
Və “mülk” olduğu üçün Şəhid anasına yeni ev-mənzil düşmür…
O Ana ki, təkbaşına böyütdüyü subay, ali təhsilli övladını cəmi 29 yaşında Vətən yolunda Şəhid verib…
O Ana ki, 2 il 7 aydır acılar, göz yaşları içində qıvranır, tək-tənha yaşayır, övladının divardan boylanan şəkilləri, fotoları ilə təsəlli tapmağa, ovunmağa çalışır…
Bəli, gerçəkdən də sözün bitdiyi, kəlmələri aciz qaldığı yerdir!!!
Bəli, səlahiyyət sahiblərinin “məntiqi” qarşısında sözlər, kəlmələr yetmir, aciz qalır…
Necə deyərlər, məntiqinizi yeyəsiniz, məntiqizini yesinlər səlahiyyət sahibləri!!!
Bəli, artıq bu məntiqsizliyə, bu məsuliyyətsizliyə, bu süründürməçiliyə bir an son qoyulmalı, tək övladını itirmiş Dərdli, Yaralı Ana balasının-Şəhidinin Haqqı olan evlə-mənzillə təmin edilməlidir!!!
Həm də Şəhid ruhundan və Şəhid anasından üzr istənilməlidir!!!
FOTOLAR:





Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az