Səməd Seyidov: “Təklif edirəm ki, Ermənistan Azərbaycanın quberniyası olsun” – YENİLƏNİB

Deputatlar plenar iclasda ən müxtəlif məsələləri qaldırdılar

MM-in komitə sədri: “Təklif edirəm ki, Ermənistan  Azərbaycanın quberniyası olsun

Parlamentin fevralın 14-də keçirilən növbəti plenar iclasında cari məsələlərin müzakirəsi zamanı ilk öncə Fransa prezidenti Fransua Ollandın emənilərə dəstək bəyanatı verməsinə münasibət bildirilib.

Azay Quliyev: “XİN tərəfindən Fransaya etiraz notası göndərilməlidir

Etikxeber.az-ın məlumatına görə,  millət vəkili Azay Quliyev deyib ki, Fransanın bu hərəkəti beynəlxalq hüquq normalarına ziddir və cavabsız qalmamalıdır: “Müəyyən diplomatik addımlar atılımalıdır. Ollandın prezidentliyinin başa çatmasına iki ay qalmış belə bəyanat səsləndirməsi təsadüfi deyil. Bizim XİN tərəfindən Fransaya etiraz notası göndərilməlidir.  Fransa ATƏT-in Minsk qrupunun üzvüdür və ancaq bu cür bəyanatlarla çıxış edir.   Bu, yolverilməzdir” 

Spiker Oqtay Əsədov isə cavabında deyib ki, Fransa prezidentinin çıxışı tam tərkibdə verilməyib: “Əsas mövzuları erməni mətbuatından götürülüb. Fransa mətbuatına baxıldı. Təhriflər var. Amma onunla razıyam ki, Fransa prezidenti ərazi bütövlüyü məsələsinə toxunmayıb, yəni orada Madrid prinsipinin adı çəkilsə də, ərazi bütövlüyü məsələsindən danışılmayıb”.

Səməd Seyidov: “Təklif edirəm ki, Ermənistan  Azərbaycanın quberniyası olsun

Millət vəkili Səməd Seyidov çıxışı zamanı Rusiya Liberal Demokrat Partiyasının lideri Jirinovskinin Azərbaycanın və Ermənistanın quberniya olması ilə bağlı səsləndirdiyi fikrə sərt reaksiya verib. S. Seyidov qeyd edib ki,

Xocalı soyqırımının  25 illiyi ərəfisində bunu etmək olmazdı : “Mən də buna sakit yanaşa bilməzdim. “Azərbaycanın müstəqilliyi dönməzdir” deyən Heydər Əliyev ən alt qatlara belə toxunmuşdur. Bunlar bizim qan  yaddaşımızdır. Çingiz Qurbanov, Mübariz İbrahimovumuzdur. O ki qaldı Azərbaycanın quberniya olması məsələsinə, əslində Yeravan bu statusa  daha çox uyğun gəlir. Çünki Ermənistan həmişə quberniya olub. Təklif edirəm ki, Ermənistan  Azərbaycanın quberniyası olsun, çünki qondarma dövlətdir, Azərbaycan ərazisində yaranıb”.

O, daha sonra  çıxışının sonunda rus dilində Rusiya vətəndaşlarına müraciət ünvanlayıb.

Siyavuş Novruzov:Bu da  onların bir daha xəyanətkar olmasının sübutudur”

Millət vəkili Siyavuş  Novruzov çıxışında bu günlərdə Ermənistandan sığınacaq alan Şahin Mirzəyevin məsələsinə münasibət bildirib. Millət vəkili bunu vətənə xəyanət kimi qiymətləndirib: “ Şahin Mirzəyev bir zaman Azərbaycanda prezident seçkiləri keçirilən ərəfədə dərnək səviyyəsində olan bir qurumun- Milli Şuranın üzvü idi. O, həmin qurumun bir növ ruporuna çevrilmişdi. İndi görün ki belə xəyanətkarları öz sıralarına cəlb edən qurumun rəhbərləri ölkəyə rəhbərlik etmək iddiasında olublar. Bu da  onların bir daha xəyanətkar olmasının sübutudur”.

Məlahət İbrahimqızı: “Azərbaycanın müxtəlif kanallarında çəkilən seriallarda ailə institutuna zidd olan məqamlar var”

“Şəhərimizdəki kino salonlarda uşaqlar üçün verilən filmlər rus, ingilis dilindədir. Hətta, aparılan montorinqlər nəticəsində məlum olub ki, çox az hallarda belə filmlərin altında Azərbaycan dilində tərcümə gedir”. Bunu da millət vəkili Məlahət İbrahimqızı deyib.  Azərbaycan dili ilə bağlı qanunvericliliyin olduğunu xatırladan millət vəkili söyləyib ki, biz öz dilimizi unutmamalı, belə hallara yol verməməliyik. Millət vəkili müxtəlif kanallarda çəkilən seriallar haqqında da fikirlərini bildirib. Onun sözlərinə görə, Azərbaycanın müxtəlif kanallarında çəkilən seriallarda ailə institutuna zidd olan məqamlar var: ” Buna yol verməmək üçün təklif edərdim ki, belə seriallar çəkildikdən sonra hansısa şura tərəfindən baxıldıqdan sonra kanallara buraxılsın”.

Əli Məsimli: “Manat ucuzlaşıb dollar bahalaşanda işbazlar bəhanə gətirirdilər ki…

Millət vəkili Əli Məsimli öz növbəsində qiymət artımı məsələsinə toxunub:“Neçə gündür ki, manat bahalaşır, dollar isə ucuzlaşır. Bəs niyə ərzaq məhsullarının qiymətləri gün-gündən qalxır? !” O, bu məsələdə işbazları və monopolistləri ittiham edib. Onun sözlərinə görə, qiymət bahalaşması Azərbaycan dövlətinin qarşıya qoyduqları hədəfə ziddir: “ Mən dəqiq məlumatlar bildirirəm ki, manat bahalaşsa da yağın, şəkərin, qəndin, ətin qiyməti ucuzlaşmır, əksinə qalxır. Manat ucuzlaşıb dollar bahalaşanda işbazlar bəhanə gətirirdilər ki, bu onlara ciddi zərbə olur, ona görə qiymət artımına gedirlər. Bəs indi nə baş verir?  Bu  məsələyə ciddi müdaxilə edilməlidir və təcili tədbirlər görülməlidir”.

Etikxeber.az

Read Previous

“Azəriqaz” indi də Binəqədini qazsız qoyur…

Read Next

Qobunun “dərdi” Milli Məclisi də dilə gətirdi…Qənirə Paşayeva da Qobudan danışdı…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir