Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Müşərrəf Akay: Soruşdular ki, subaysan, dedim ki, xeyr, sənətçiyəm
Tez-tez soruşurlar ki, səndə Azərbaycana olan bu qədər sevgi nədəndir, haradandır, niyə Azərbaycanı, Azərbaycan mahnılarını bu qədər sevirsən…Cavab verə bilmirəm, söz tapmıram…Çünki Azərbaycanı, sizləri çox sevirəm.
Etikxeber.az xəbər verir ki, bunu Türkiyənin korifey sənətçilərindən olan müğənni Müşərrəf Akay iyunun 9-da “Yaşıl Teatr”da tanınmış bəstəkar, Xalq artisti Aygün Səmədzadənin təxminən 4 saat davam edən möhtəşəm “Azərbaycan” adlı sənət gecəsində çıxışı zamanı deyib.


Azərbaycan sevgisinin ruhunda olduğunu bildirən ünlü sənətçi qeyd edib ki, bu sevgi sonsuzdur.
Sonra Azərbaycanla Türkiyənin dost-qardaş dövlət olduğunu bildirən M. Akay iki dövlət arasında münasibətlərin bugünkü səviyyəsinə hər iki ölkənin prezidentlərinə minnətdarlığını idafə edib:
“Mən Azərbaycan prezidenti İlham Əliyevə və Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğana minnətdarlığımı bildirirəm. Onlar iki xalqın və dövlətin qardaş olduğunu bəyan etdilər. Təbii ki, biz qardaşıq, dostuq, amma iki dövlət başçısı bu qardaşlığı dünyaya bəyan etdilər. Bundan çox sevincliyəm, çox qürurluyam”.
Azərbaycana ilk səfərindən 30 ildən artıq bir vaxt keçdiyini deyən xanım Akay ilk vaxtlar Azərbaycan türkcəsini yaxşı bilmədiyini də qeyd edib və maraqlı bir əhvalatı xatırladıb:
“Bir dəfə məndən soruşdular ki, Müşərəf xanım, siz subaysınız, mən də dedim ki, yox, sənətçiyəm. Təkrar soruşdular ki, subaysınız, yenə cavab verdim ki, xeyr, sənətçiyəm, subay deyiləm…Mənim təəccüb və çaşqınlıq içində olduğumu görən bir nəfər dedi ki, Müşərrəf xanım, bekarsınız, yoxsa, yox? Dedim ki, xeyr, ərimi boşadım. Sən demə “subay” “bekar” demək imiş. O zaman ilk dəfə Azərbaycana gələndə də soyadım Tezcan idi, həyat yoldaşımın soyadını daşıydırdım, sonra həyat yoldaşımı boşadım, yenidən Akay oldum (ürəkdən gülür). Həmin vaxtdan da söz verdim ki, Azərbaycan türkcəsini yaxşı öyrənim. Artıq Azərbaycan türkcəsini yaxşı, gözəl bilirəm, mahnılarım arasında da Azərbaycan mahnıları çoxluq təşkil edir”.
M. Akay artıq repertuarına A. Səmədzadənin də mahnısı daxil etdiyini bildirib:
“Bir gün avtomobilimlə gedirdim. Yolda “Ruhumuz qovuşacaq” mahnısını dinlədim, avtomobilimi kənara çəkib saxladım, təkrar-təkrar dinlədim, mahnı möhtəşəm idi, məni bərk tutmuşdu, xüsusilə də, “qiyamət qopacaq” sözləri. Sonra həmin mahnını repertuarıma daxil etdim, studiyada yazdırdım. Artıq radioda, “KanalD”-də də səslənib. İnanıram ki, bu mahnı da mənə uğur gətirəcək. Ancaq mən mahnını “Əzab” adlandırdım. Mahnını ifa etsəm də, onun bəstəçisinin kim olduğunu bilmirdim. Bu məsələdə mənə yenə 30 illik qədim və əziz dostum Etibar Babayev kömək etdi. Ondan sonra bildim ki, bu-son dərəcədə möhtəşəm mahnının bəstəkarı Aygünn xanım imiş…”.
A. Səmədzadə öz növbəsində M. Akaya öz minnətdarlığını bildirib və əməkdaşlıqlarının bundan sonra davamlı olacağını, birgə albom buraxacaqlarını sözlərinə əlavə edib.
Daha sonra M. Akay “Əzab” adlandırdığı “Ruhumuz qovuşacaq” mahnısını ifa edib və gur alqışlarla qarşılanıb.
Davamı olacaq…
Kamil HƏMZƏOĞLU
Etikxeber.az





