Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Akademik Ramiz Mehdiyevin nəvəsinin toyu ətrafında yaranan qalmaqaldan, məlum olaylardan sonra da müzakirələr, mübahisələr bitmək bilmir.
Əksinə, hər saat, hər gün müzakirələr daha da qızışır, necə deyərlər, müzakirələrə yeni çalarlar, yeni ştirxlər əlavə olunur, yeni faktlar, yeni məlumatlar ortaya çıxır və ya dövriyyəyə buraxılır.
Bunlar bir daha onu göstərir ki, məsələ göründüyündən də, mürəkkəb və qəlizdir, sadəcə, toy, karantin qaydalarının pozulması deyil, alt qatlarda daha dərin və daha mübhəm mətləblər gizlənir.
Bu baxımdan, bu yöndə müzakirələrin, qarşılıqlı ittihamların, yeni və növbəti istefaların, ifşaların…hələ uzun müddət davam edəcəyi, baş verəcəyi gözlənilir və istisna edilmir.
Bu yerdə həmçinin, qeyd etmək gərəkir ki, hələ də məsələyə ehtiyatkarlıqla yanaşanlar, gözləmə mövqeyində dayananlar, nəbz yoxlaması aparanlar var.
Olaylara dərindən yanaşanlar da, üstündən keçməklə, səhthi yanaşanlar da var.
Səmimi, birmənalı mövqeyi olanlar da, qeyri-səmimi, fürsətcil mövqe sərgiləyənləri, ikrah doğranları da var.
Bunlara həm millət vəkilləri, həm iqtidar və müxalifyönlü siyasilər, həm media, həm QHT təmsilçiləri, həm də rəsmi şəxslər arasında rast gəlmək mümkündür.
Qeyd edək ki, toy məsələsi sosial şəbəkələrin və medianın gündəminə çevrildiyi ilk anlardan baş verənlərə birmənalı, sərt, xüsusilə, adlar çəkməklə, münasibət bildirənlər arasında Milli Məclisin (MM) İntizam komissiyasının sədr müavini, Mehdiyevlə az qala 25 ilə yaxındır düşmənçilik münasibətlərində olan, ona hər zaman mənfi münasibətini ifadə etməkdən çəkinməyən Fəzail Ağamalı ilk sıralarda gəlir.
Eyni zamanda, ilklər sırasında daim hər kəslə, xüsusilə, “boz kardinal”la məsafəli mövqe sərgiləyən, saxlayan Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev ( o, məlum olaylarla bağlı yazısında həm Mehdiyevi, həm Məhərrəmovu, həm də Novruzovu açıq və sərt şəkildə tənqid etmişdi), gənc və fəal millət vəkillərindən olan Bəhruz Məhərrəmov, hər zaman müstəqil, məsafəli mövqeyi ilə seçilən, heç bir qruplaşmaya qoşulmayan professor, MM-in İntizam komissiyasının sədri Eldar İbrahimov, Mehdiyev və onun komandası ilə daim münasibətləri gərgin olan vitse-spiker Adil Əliyev və daha bir neçə siyasi, millət vəkili var.
Bununla yanaşı, olaylara ilk günlərdən çevik, operativ və səmimi reaksiya göstərənlər arasında millət vəkillərindən-Birinci vitse-spiker Əli Hüseynli, MM-in Ailə, qadın və uşaq problemləri komitəsinin sədr müavini Jalə Əliyeva, Eldəniz Səlimov, Naqif Həmzəyev, Ramin Məmmədov, parlamentin Elm və təhsil komitəsinin sədr müavini Musa Qasımlı və başqa bir neçə siyasinin, millət vəkilinin adlarını qeyd etmək olar.
Köhnə, uzun illərin münasibətlərini, həmkarlığı bir qələmlə silmək istəməyib, səmimicəsinə orta mövqe sərgiləyənləri və qeyd etdiyimiz kimi, zamanında “toy qalmaqalı”nda iştirakı olanlarla çox yaxın və sıcaq münasibətləri olub, ancaq sonradan valı bir andaca fırladan, cəmiyyətdə, mediada, sosial şəbəklərdə istehzaya, mənfi reaksiyalara səbəb olanları da var.
Həmçinin, yenə də qeyd etdiyimiz kimi, məsələyə münasibətdə seyrçi, gözləmə mövqeyində dayananlar da az deyil…
Ancaq proses bitməyib, davam edir və davam etdikcə də, hələ çox məqamlar üzə çıxacaq, aşkarlanacaq, kimlərin əsl və səmimi mövqeyinin nədən ibarət olduğu məlum olacaq.
İzləməkdə davam edəcəyik.
Etikxeber.az