Şəmkirin İkinci Vətən Müharibəsi Şəhidləri: Ailənin iki oğlan övladı, peşəkar hərbçi, Gizir, hər ikisi iki övlad atası olan Şəhid qardaşlar-Cavid və Çingiz Məmmədovlar VƏ EVİN TƏK OĞLU, 3 YAŞINDA ATASINI İTİRƏN, 19 YAŞINDA VƏTƏN YOLUNUDA CANINI FƏDA EDƏN ZAUR NƏBİYEV – CAVİD MƏMMƏDOV VƏ ZAUR NƏBİYEVİN BU GÜN ƏBƏDİYYƏTDƏ UĞURLANMASINDAN İKİ İL ÖTDÜ…-FOTOLAR

Bu gün daha iki Şəhid ailəsində olduq, daha iki İkinci Vətən Müharibəsi Şəhidinin Anım Günündə, ikinci ildönümündə iştirak etdik…

Goranboylu Şəhid ailələri ilə birlikdə Şəmkir rayonundan olan Şəhidlər – Şəhid qardaşlar-Cavid və Çingiz Məmmədov qardaşlarının və Zaur Nəbiyevin Anım mərasimlərinə qatıldıq…

Qeyd edək ki, bu gün Şəhid qardaşlardan Cavid Məmmədovun Əbədiyyətə uğurlanmasının, torpağa tapşırılmasının iki ili tamam olurdu.

Azərbaycan Ordusunun peşəkar hərbçisi, Gizir Cavid Məmmədov 1990-cı ildə Şəmkirin Yeniabad kəndində sadə bir ailədə-Faya və İlham Məmmədovların ailəsində dünyaya gəlib.

Ailənin iki oğlan övladından, iki hərbçi qardaşdan biri olub.

İkinci Vətən Müharibəsinin ikinci günündə, sentyabrın 28-də Tərtər-Ağdərə-Suqovuşan istiqamətində qanlı döyüşlərindən birində qəhrəmancasına həlak olub, Şəhidlik məqamına ucalıb.

Ancaq nəşi 6 gün sonra əldə edilib və oktyabrın 4-də Yeniabad kənd qəbiristanlığında dəfn edilib, torpağa tapşırılıb.

Ailəli və iki övlad atası olan Cavid Məmmədov Şəhidliyindən sonra bir neçə medalla təltif edilib.

Onu da qeyd edək ki, Cavid Əbədiyyətə uğurlanan gün- oktyabrın 4-də digər qardaşı, peşəkar hərbçi, Gizir Çingiz Məmmədov da Şəhidlik məqamına yüksəlib.

1992-cil təvəllüdlü Çingiz isə Kəlbəcər-Murovdağ istiqamətində Şəhid olub.

Ancaq uzun müddət, 78 gün onun nəşini əldə etmək mümkün olmayıb.

Nəşi yalnız dekabr ayında tapılıb və Yeniabad kənd qəbiristanlığında, qardaşının yanında Əbədiyyətə uğurlanıb.

Çingiz də ailəli, iki övlad atası olub.

Çingiz Şəhidliyindən sonra bir orden və bir neçə medalla təltif olunub.

***

Bu gün günorta saatlarında ailə üzvləri, yaxınları, Şəmkirli Şəhid ailələri və digər şəxslər tərəfindən Şəhid qardaşların məzarları ziyarət olundu, məzarları üzərinə gül dəstələri düzüldü, ruhlarına dualar edildi.

Sonra Cavid Məmmədovun yaşadığı evdə Anım mərasimi keçirildi, adına ehsan süfrəsi açıldı.

Çıxışlar edildi, Şəhid qardaşların ailəsinə, valideynlərinə Allahdan səbr və dözüm arzulandı.

Eyni zamanda, Şəhid qardaşların anası Faya Məmmədovaya “Vətən Naminə” Şəhid ailələrinə Dəstək İctimai Birliyinin təsis etdiyi “Şəhid anası” medalı və vəsiqəsi təqdim olundu.

Medal və vəsiqəni Şəhid anasına adıçəkilən təşkilatın təmsilçisi, jurmalist Kamil Həmzəoğlu təqdim etdi.

Şəhidin anası da öz növbəsində “Vətən Naminə” təşkilatına və təşkilatın rəhbəri-Qubalı Şəhid anası Tünzalə Abduləlimovaya minnətdarlığını bildirdi.

22:00

***

Daha sonra Goranboylu Şəhid ailələri ilə Şəmkir rayonunun (Şəmkir şəhərinin) digər İkinci Vətən Müharibəsi Şəhidi Zaur Ələddin oğlu Nəbiyevin Anım Gününə, Anım mərasiminə, ikinci ildönümü ilə bağlı təşkil edilən məclisə qatıldıq.

Şəhid Zaur Nəbiyev ailənin 3 övladından biri və evin tək oğlu olub.

O, 2001-ci ilin iyulun 1-də Şəmkirin Ələsgərli kəndində-sadə bir ailədə dünyaya göz açıb.

3 yaşında olarkən atasını vaxtsız itirib.

Və anası Lamiyə xanım ona-onlara həm ana, həm də ata olub.

Orta məktəbi bitirdikdən bir müddət sonra isə hərbi xidmətə yollanıb və İkinci Vətən Müharibəsində 1 il 3 ayın Əsgəri kimi iştirak edib.

Və Suqovuşan istiqamətində qanlı döyüşlərdən birində qəhrəmancasına Şəhidlik zirvəsinə ucalıb.

Nəşi oktyabrın 4-də Ələsgərli kənd qəbiristanlığında dəfn edilib.

Şəhidliyindən sonra 3 medalla təltif olunub.

Zaur həm də subay olub.

Şəhidimizin ailəsinə, əzizlərinə, anası Lamiyə xanıma (Ləman Nəsib qızı Məmmədovaya) başsağlığı verdik, ona Allahdan səbr və dözüm dilədik, “Şəhidimizin məkanı cənnətlik olsun! Ruhu qarşısında baş əyirik!”-dedik.

Şəhidimizin anası ilə qısa da olsa, söhbətləşdik, dərdləşdik.

Eyni zamanda, “Vətən Naminə” təşkilatının təsis etdiyi “Şəhid anası” medalı və vəsiqəsini Lamiyə xanıma təqdim etdik.

Şəhid ailəsini ziyarətimiz, Anım mərasimində iştirakımız təxminən bir saat çəkdi.

Hər üç Şəhidimizin məkanları bir daha cənnətlik, məqamları bir daha Uca olsun!

Nur içində yatsınlar!

Kamil HƏMZƏOĞLU (HƏMZƏOĞLU)

Etikxeber.az

Read Previous

22 yaşının tamam olmasına 4 gün qalmış və anasının doğum günündə Şəhid olan-EVİN TƏK OĞLU, 3 MEDALLI ELDAR BAXŞIYEV – ƏBƏDİYYƏTƏ UĞURLANMASININ İKİNCİ İLİNDƏ ANASI VÜSALƏ BAXŞIYEVAYA “ŞƏHİD ANASI” MEDALI TƏQDİM OLUNDU… – FOTOLAR – YENİLƏNİB

Read Next

Bayden Rusiya və Belarusa dollar satmağı-QADAĞAN ETDİ…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir