Şəmkirdə 120-yə yaxın toxucu martın sonunu niyə gözləyir? – FOTO

“Azərxalça” ASC-nin sədri Vidadi Muradov tədris-hazırlıq kursunun toxucuları ilə görüşüb

“Azərxalça”ASC-nin respublikanın ayrı-ayrı rayonlarında təşkil etdiyi xalçaçılıq üzrə tədris-hazırlıq kursları fəaliyyətini davam etdirir.

Etikxeber.az xəbər verir ki, bu günlərdə “Azərxalça”ASC-nin İdarə Heyətinin Sədri Vidadi Muradov Cəmiyyətin Şəmkir rayonunda fəaliyyət göstərən tədris-hazırlıq kursunun toxucuları ilə görüşüb.

Görüşdə bir sıra mühüm təşkilati işlər, kadr məsələləri müzakirə edilib. Toxucuların bacarıqları yoxlanılıb, onların istehsalat təcrübəsi sınaqdan keçirilib.

Qeyd edək ki, ötən ilin avqust ayında fəaliyyətə başlamış kursda indiyədək rayonun müxtəlif kəndlərindən, həmçinin Şəmkir şəhərindən olan 120-ə yaxın toxucu hazırlıq keçib. Onlar Azərbaycan xalçaçılıq sənətinə dair nəzəri və praktiki biliklər qazanmış, qədim xalça çeşniləri əsasında xalça toxumaq vərdişlərinə yiyələnmişlər. Cəmiyyətin İdarə Heyətinin sədri Vidadi Muradovun Şəmkir toxucularından gözləntiləri böyükdür:

“Şəmkir Gəncəbasar bölgəsinin zəngin xalçaçılıq ənənələrinə malik rayonlarından biridir. Burada bir çox kəndlərdə tarixən xalçaçılıqla yanaşı, boyaqçılıq sənəti, xalça ticarəti işi də geniş miqyas alıb.  “Azərxalça”nın Şəmkir rayon filialının, o cümlədən burada tədris-hazırlıq kurslarının təşkili də bu ənənələrin uğurlu davamı olacaq. Kurslarda peşəkar xalçaçılar, xalça rəssamları toxuculara Azərbaycan xalçalarının bütün qruplarına aid nümunələr, xüsusilə qədim Gəncəbasar çeşniləri əsasında xalçaların rəng, naxış xüsusiyyətlərini, toxuma texnologiyasını tədris ediblər. Nəticə qənaətbəxşdir. Hal-hazırda “Azərxalça”nın Şəmkir fililının tikinti-quraşdırma işləri yekunlaşmaq üzrədir. Hesab edirik ki, bu toxucular mart ayının sonlarında fəaliyyətə başlaması nəzərdə tutulan Şəmkir filialında uğurla fəaliyyət göstərə biləcəklər”.

Etikxeber.az

Read Previous

İngilis dili üzrə fənn müəllimlərinin forumu keçiriləcək

Read Next

Bu ölkənin əhalisinin sayı 1,45 milyard nəfərə çatacaq

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir