Şəmsəddin Xanbabayev – İSTEFA VERDİ VƏ YERİNƏ ELNUR RZAYEV GƏLDİ – YENİLƏNİB – (2)

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev də istefa ərizəsi yazıb.

Bu barədə Etikxeber.az-a məlumatlı mənbə bildirib.

Qeyd edilib ki, Ş. Xanbayev yaşı ilə əlaqədar dövlət başçısına müraciət edib və vəzifədən getmək istədiyini bildirib.

Həmçinin, bildirilib ki, bu gün (yaxın saatlarda) Ş. Xanbabayevin yerinə təyinat olacaq, dövlət başçısı tərəfindən Sərəncam imzalanacaq.

Ş. Xanbabayevin yerinə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının  birinci müavini Rzayev Elnur Şahbaz oğlunun təyin olunacağı deyilir.

Qeyd edək ki, Ş. Xanbabayev 1939-cu il aprelin 1-də Naxçıvan MR-nın Ordubad rayonunun Aşağı Əndəmic kəndində anadan olub. Orta təhsilini doğulduğu kənddə almışdır. 1959-cu ildə Azərbaycan Kommunal və Tikinti Texnikumunu bitirib. 1964-1969-cu illərdə Azərbaycan Politexnik İnstitutunda təhsilini davam etdirib.

Əmək fəaliyyətinə 1963-cü ildə Bakı şəhərindəki Ağac Emalı Kombinatında başlayıb. 1965-ci ilədək II dərəcəli dəzgahçı, yığma sexinin ustası işləmişdir. 2 il Abşeron Rayon Kommunal Təsərrüfatı şöbəsində mühəndis olub. 1967-ci ildən Abşeron Rayon Təmir-tikinti idarəsində iş icraçısı, baş mühəndis, 1968-ci ildən həmin idarənin rəisi, 1976-cı ildən Naxçıvan MR Kommunal Təsərrüfatı nazirinin müavini, 1977-ci ildən Ordubad Rayon İcraiyyə Komitəsinin sədri, 1980-ci ildən Ordubad Rayon Partiya Komitəsinin birinci katibi, 1983-cü ildən Naxçıvan Şəhər Partiya Komitəsinin birinci katibi, 1990-1992-ci illərdə Naxçıvan MR Dövlət Plan Komitəsinin sədri, Naxçıvan MR Baş nazirinin müavini, 1992-ci ildən Naxçıvan Muxtar Respublikasının baş naziri, 2000-2004-cü illərdə isə Azərbaycan Respublikası Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifələrində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 23 oktyabr 2004-cü il tarixli Sərəncamı ilə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

30 mart 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Şöhrət” ordeni, 04 aprel 2014-cü il tarixli sərəncamı ilə “Şərəf” ordeni ilə təltif olunub.

Ailəlidir, iki övladı var.

***

Ş. Xanbabayev özü də istefa verdiyini təsdiqləyib.

“Artıq yaşlıyam. Ölkədə ciddi islahatlar gedir.

Mən də Prezidentin çağırışına səs verərək istefa verməyi qərara aldım” – deyə, Ş. Xanbabayev  “Yenisabah.az”-a  bildirib.

***

elnur

Saytımıza daxil olan məlumata görə, artıq Xaçmaza yeni icra başçısının təyinatı baş verib.

Yeni icra başçısı yuxarıda adıçəkilən Elnur Rzayevdir.

Qeyd edək ki, E. Rzayev bir müddət öncə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.

O, 1980-ci ildə Qərbi Azərbaycanın Aşağı Şorca kəndində anadan olub. 1996-2000-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində “Biznes üzrə menecment” ixtisası üzrə bakalavr, 2000-2002-ci illərdə həmin Universitetdə “İstehsal sistemlərinin idarəedilməsi” ixtisası üzrə magistr, 2010-2013-cü illərdə Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasında “Dövlət və Bələdiyyə idarəetməsi” ixtisası üzrə təhsil alıb.

2004-2009-cu illərdə DSMF-nun Gəncə şəhər Nizami rayon şöbəsində məsləhətçi, 2009-2013-cü illərdə Daşkəsən rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru olub. 

Gəncə “Asan xidmət”in rəhbəri vəzifəsində çalışıb.

Son iş yeri  isə Gəncə İcra Hakimiyyəti (başçının birinci müavini) olub.

***

Hazırda Xaçmaz Rayon İcra Hakimiyyətində E. Rzayev yeni icra başçısı kimi təqdim olunur.

K. HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Ayı ətini satan “ovçu” saxlanılıb və o, cəmiyyətə, dövlətə cavab verməli olacaq” – NAZİR – YENİLƏNİB – (1)

Read Next

Eldar Əzizovun kürəkəni – YEVLAXA BAŞÇI GEDİR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir