“Sənəd Azərbaycanın maraqlarına tam uyğundur” – ZİYAFƏT ƏSGƏROV

İyunun 19-da parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında “Beynəlxalq Hərbi Tibb Komitəsinin Nizamnaməsi”nə qoşulmaq haqqında” qanun layihəsinə baxıldı. 

Etikxeber.az-ın xəbərinə görə, gündəlikdəki məsələni təqdim edən Milli Məclis (MM) Sədrinin birinci müavini, adıçəkilən  komitənin sədri Ziyafət Əsgərov öncə deputatlara bu qurumun yaranma tarixi barədə məlumat verdi.

Bildirdi ki, ötən əsrin 20-ci illərində, I Dünya müharibəsindən sonra təsis olunan bu qurum müxtəlif ölkələrin hərbi tibb xidmətləri arasında əməkdaşlıq əlaqələri yaratmaq məqsədi daşıyıb:

“Həm müharibə şəraitində, həm də sülh dövründə əməkdaşlıq vasitəsilə ölkələrin qarşılıqlı olaraq bir-birinin təcrübəsindən bəhrələnməsi vacib bilinib. 1920-ci ildə ABŞ Tibb Xidməti Zabitlər Assosiasiyasının toplantısında bu məsələnin nizamlanması təklif edilib. Belçika hökuməti konsepsiyanın praktiki inkişafını dəstəkləyib və 1921-ci ildə Brüsseldə 1-ci Beynəlxalq Hərbi Tibb və Əczaçılıq Konqreslərinin Daimi Komitəsinin əsası qoyulub”. 

ziyafat

Həmçinin, bildirildi ki, fəaliyyətə başladığı gündən etibarən Daimi Komitə “missiyası sülh və ya münaqişə zamanı Silahlı Qüvvələrin xəstə və yaralı heyətinin qayğısına qalmaq, onların vəziyyətini yaxşılaşdırmaq və ağrılarını azaltmaq yollarını araşdırmaqdan ibarət olan dünya üzrə şəxslər arasında davamlı peşəkar əməkdaşlıq əlaqələrini qoruyub saxlamaq və gücləndirmək” məramı ilə çalışıb. Bütün bunlar müharibə qurbanlarının müdafiəsinə dair Cenevrə konvensiyasının prinsiplərinə və ruhuna da  uyğundur.

İclasda 32 maddədən ibarət olan “Beynəlxalq Hərbi Tibb Komitəsinin Nizamnaməsi”ni ətraflı şərh edən Z Əsgərov vurğuladı ki, sənəd Azərbaycanın maraqlarına tam uyğundur.

Komitə baxılan qanun layihəsini MM-in plenar iclasına tövsiyə etdi.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az 

 

Read Previous

Milli Məclis, paytaxt Bakı daha bir tədbirə ev sahibliyi edəcək – SABAH

Read Next

Hakimlərin maaşları artırılır, 2019-cu ilin büdcəsinə dəyişiklik edilir

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir