Deputat su israfçılığından şikayətləndi
“Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında” qanun layihəsinin may ayında müzakirələrə çıxarılması gözlənilir
Milli Məclisin (MM) Aqrar siyasət komitəsinin parlamentin qarşıdan gələn 2018-ci il yaz sessiyası ilə bağlı yanvarın 26-da ilk iclası keçirilib.
Oxu.Az xəbər verir ki, adıçəkilən komitənin sədri Eldar İbrahimov bildirib ki, hesabat dövründə komitənin 5 iclası olub, 17 məsələ, o cümlədən, 13 qanun layihə müzakirə olunaraq, plenar iclaslara tövsiyə edilib.Onun sözlərinə görə, hesabat dövründə vətəndaşlardan komitəyə 70 şikayət, ərizə və müraciət daxil olub və onlardan bir çoxu həllinin tapması üçün aidiyyatı qurumlara göndərilib. Komitə sədri bildirib ki, 2018-ci il qanunvericilik işləri planında “Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında” qanun layihəsi var ki, onun may ayında müzakirələrə çıxarılması gözlənilir:”Əslində bu sənəd ötən ilin dekabr ayında başa çatdırılıb, müzakirələrə təqdim olunmalıydı. Amma bu, mümkün olmadı. Kənd Təsərrüfatı Nazirliyi bu sənədi həmin müddətdə hazırlayıb, başa çatdıra bilmədi. Odur ki, bu sənədin tam şəkildə hazırlanıb, may ayında müzakirələrə çıxarılması nəzərdə tutulur”.
***
Eldar Quliyev: “Sudan bəzən başqa sahələr və məqsdələr üçün istifadə edilir, fermerlər, sahibkarlar isə çıxılmaz durumda qalırlar. “
E. İbrahimov eyni zamanda, iclasın gündəliyinə salınan “Meliorasiya və irriqasiya haqqında” qanuna dəyişikliklər barədə məlumat verərək deyib ki, burada “pullu” sözünün “ödənişli” sözü ilə əvəzlənməsi təklif olunur.
Adıçəkilən komitənin sədr müavini Eldar Quliyev də çıxışında məlum dəyişikliyə toxunaraq deyib ki, bu, su ilə bağlı məsələdə israfçılığa son qoyacaq:“Çünki özümüz də şahidik ki, məhsul-yığım mövsümü zamanı su ilə bağlı hansı problemlər yaranır və yarandı. Sudan bəzən başqa sahələr və məqsdələr üçün istifadə edilir, fermerlər, sahibkarlar isə çıxılmaz durumda qalırlar. Ona görə də bu dəyişiklik su israfçılığının qarşısını alacaq”.
***
Aydın Hüseynov: “Bəzi ölkələrdə hətta, sığorta sekroru o qədər inkişaf edib ki, bank sektorunu da üstələyib…”
Komitənin üzvü Aydın Hüseynov isə çıxışında bank sektoru qədər sığorta sektorunun da çox mühüm önəm daşıdığını bildirib:
“Bəzi ölkələrdə hətta, sığorta sekroru o qədər inkişaf edib ki, bank sektorunu da üstələyib. Bu baxımdan, kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında qanun layihəsi olduqca vacib sənəddir. Yəni, kənd təsərrüfatında da sığortanın stimullaşdırılması tətbiq olunmalıdır və bunu üçün də ilk növdədə güclü qanunvericilik bazası olmalıdır. Odur ki, yeni qanun bu məsələyə öz töhfəsini verə bilər və verəcək”.
Kamil HƏMZƏOĞLU
Etikxeber.az