“Sənan 22 yaşında Şəhid oldu və bizim yaddaşımızda da elə 22 yaşında qalacaq…”-DOĞUM GÜNÜNDƏ ƏBƏDİYYƏTƏ UĞURLANAN İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ, BU GÜN ANIM VƏ CƏNNƏTDƏKİ BEŞİNCİ DOĞUM GÜNÜ OLAN SƏNAN ABDULLAYEVİN ATASI ŞAHİN ABDULLAYEV – FOTOLAR – YENİLƏNİB – (1)

Anım və Cənnətdəki beşinci doğum günü, 27 yaşının tamam olması ilə bağlı əslən Zəngilanlı, özü isə Bakılı olan Sənan Şahin oğlu Abdullayevin bu gün-1 noyabr 2025-ci il tarixində, səhər saatlarında Hərbi Memorial Məzarlıqdakı məzarı ziyarət olunub.

Ailənin üç övladından, iki qardaşdan biri və subay olan 1 noyabr 1998-ci il təvəllüdlü Sənan Abdullayevin məzarı üzərinə gül dəstələri düzülüb, əklillər qoyulub.

İkinci Vətən Müharibəsi zamanı oktyabrın 5-də Füzuli istiqamətində Şəhid olan və nəşi doğulduğu gündə, 22 yaşının tamamında, 2020-ci ilin 1 noyabr tarixində Əbədiyyətə uğurlanan Şəhidin ruhuna dualar olunub, “Quran” oxunub.

Bir neçə medallı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenli Sənan Abdullayevin məzarı önündə qısa çıxışlar edilib.

Etikxeber.az xəbər verir ki, çıxışlarda 44 günlük İkinci Vətən Müharibəsindən, tarixi Qələbə və Zəfərimizdən, Sənan Abdullayev də daxil olmaqla, cəmi Şəhidlərimizin İgidlik və Qəhrəmanlıqlarından söz açılıb.

Ailəsinə, valideynlərinə-anası Gülbəniz xanıma və atası-Şəhid qardaşı, həm də müharibə veteranı Şahin Abdullayevə Allahdan səbr və dözüm arzulanıb.

Cənnətdəki beşinci doğum günü təbrik olunub.

Şəhidin atası Şahin Abdullayev isə ziyarət iştirakçılarına minnətdarlığını ifadə edib:

“Şəhidlərimiz, burada uyuyan İgidlərimiz bizim dəyərlilərimiz, seçilmişlərimizdir. Bura gələn hər bir insan da dəyərlidir. Çünki Şəhidinə dəyər verən hər kəs dəyərlidir. Ona görə hər kəsə öz adımdan və ailəmin adından minnətdarlığımı bildirirəm.

Bu gün Sənanın 27 yaşı tamam olur. Amma, o, 22 yaşında Vətən yolunda Şəhid oldu. Bizim qəlbimizdə, yaddaşımızda da elə 22 yaşında qalır və qalacaq…”.

Şəhidin məzarını ziyarətdən sonra isə Hərbi Memorial Məzarlıqda yerləşən Mərasim zalında Anım məclisi düzənlənib, adına çay-ehsan süfrəsi açılıb.

Öncə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib.

Bir daha Şəhidin ruhuna dualar olunub, bir daha çıxışlar edilib.

Cəlilabadlı məktəblillər tərəfindən Vətənə, Şəhidlərə həsr olunmuş şeirlər səsləndirilib.

Bu zaman kövrək, təsirli anlar yaşanıb.

Məclis iştirakçıları göz yaşlarına hakim ola bilməyiblər.

Qeyd edək ki, Şəhidin əmisi Eynur Abdullayev də Şəhiddir.

O, Birinci Qarabağ Savaşı zamanı Şəhid olub.

Onu da qeyd edək ki, Şəhidin məzarını ziyarətdə və Anım məclisində ailə üzvləri, doğmaları, Şəhid ailələri, Qazilər, İcra başçısı Elgin Həbibullayev başda olmaqla, Nərimanov rayon İcra Hakimiyyətinin rəhbər və məsul şəxsləri, Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatının təmsilçiləri, din xadimləri və digər şəxslər iştirak ediblər.

***

FOTOLAR:

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Sabah Anım günləri olan İkinci Vətən Müharibəsi Şəhidləri-VƏTƏN MÜHARİBƏSİ QƏHRƏMANI VÜQAR AĞAYEV, QAZİ OĞLU VƏ QAZİ QARDAŞI ELMƏDDİN YUSİFOV VƏ İKİ YAŞLI QIZINI İTİRƏN ORXAN ƏLİYEV…

Read Next

Polkovnik-leytenant, Vətən Müharibəsi Qəhrəmanı Vüqar Ağayevin-ANIM GÜNÜNDƏ MƏZARI ZİYARƏT OLUNDU, ANIM MƏCLİSİ DÜZƏNLƏNDİ… – FOTOLAR – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir