Sərhəd Qoşunlarımız revanş xəyalına düşəcəyi halda düşmənin belini yenidən qırmağa kafidir-BƏHRUZ MƏHƏRRƏMOV YAZDI – (ÖZƏL)

Ötən il dekabrın 23-də prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva işğala son qoyulmasından sonra Qubadlıya ilk dəfə səfər etmişdilər.

Münaqişə artıq başa çatsa da, etiraf edək ki, o zaman müharibənin ab-havası davam edirdi.

Xaricdən aralarında hətta, ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri də olmaqla Azərbaycana İrəvanın mənafeləri naminə ciddi təzyiq cəhdləri hökm sürürdü, eyni zamanda da təəssüf ki, daxildən də bu cəhdlərə ucuz məqsədlər naminə dəstək verənlər tapılırdı.

Azərbaycanın isə məqsəd və hədəfləri bəlli idi, lakin, prosesin gedişatının ən azı müharibənin özü qədər çətin olacağı da aydın idi.

Təsadüfi deyil ki, dövlətin başında dayanan şəxs və  müavininin hərbi geyimdə, hərbçilərin əhatəsində baş tutan görüşü də bu ritorikanın formatına uyğun idi.

 Üzərindən 10 ay keçdi və ötən gün prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva yenidən Qubadlıya səfər etdilər və bu gediş əslində mürəkkəb bir periodun arxada qaldığı mesajını verirdi.

Bu dəfə ali rəhbərliyin əhatəsində Qubadlı sakinləri var idi.

Demək ki, Azərbaycan nəinki, 10 aylıq keşməkeşli və süni maneələrlə dolu sınaqdan öz milli maraqlarını tam şəkildə müdafiə etməyi bacarmaqla çıxa bilib, üstəlik, Azərbaycanın yaratdığı yeni reallığın dəyişə biləcəyi ehtimalını da sıfıra endirib.

Demək ki, cənab İlham Əliyev Qubadlıdakı müharibə ab-havasını 10 ay ərzində köklü olaraq inkişaf və tərəqqi formatına kökləyib ki, nəticədə oktyabrın 25-də gəncindən ağsaqqalına, tələbəsindən professoruna qədər qubadlılar Qubadlıya böyük qayıdış üçün hazırlığa start verdilər.

Burada bir məqama xüsusi diqqət yetirmək istəyirəm ki,  gedişatın Azərbaycanın diqtəsində saxlanması və üstünlüyümüzün davamlılığı üçün güclü olmaq şərtdir.

Bu mənada Prezidenti və Birinci xanımın  Qubadlı rayonunda Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksinin açılışında iştirakı xüsusi diqqətə alınmalıdır.

İlk öncə ona görə ki, “Dəmir yumruq”-un daim hazır saxlanması bizim arzu etdiyimiz hədəflər naminə əsas təminatdır.

İkinci diqqət yetirəcəyimiz məqam,  Müzəffər Ali Baş Komandan Ermənistanla sərhəd rayonumuz olan Qubadlıda Milli ordu hissələri üçün yox, məhz Sərhəd Qoşunlarının hərbi hissə kompleksini açmaqla dünyaya iki ciddi mesaj verdi: 

Bir, müharibə sonrası Ermənistanla sərhəddə ordu hissələri yox məhz sərhədçilərin yerləşdirilməsi  rəsmi Bakının hədəfinin öz sərhədlərini mühafizə etmək olduğunu, başqa dövlətlərə qəsd vasitəsi və problemlərin həlli üsulu kimi müharibəni rədd etdiyini əməli olaraq göstərdi.

İkincisi isə, Azərbaycan elə bir gücə sahib olduğunu nümayiş etdirdi ki, bizim Silahlı Qüvvələrin yalnız bir növü, Sərhəd Qoşunlarımız revanş xəyalına düşəcəyi halda düşmənin belini yenidən qırmağa kafidir.

Bəhruz MƏHƏRRƏMOV,

Millət vəkili

Etikxeber.az

Read Previous

Əliyevlə Ərdoğan Zəngilanda “Dost Aqropark”ın-TƏMƏLİNİ QOYDU… – FOTOLAR

Read Next

Mehriban Əliyeva Zəngilan rayonunun Ağalı kəndindən fotolar-PAYLAŞDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir