Şərqi Anadolu ermənilərin qədim yurdu sayıla bilərmi? VƏ YA ƏSASSIZ ERMƏNİ İDDİALARI VƏ TARİXİ FAKTLAR – (BİRİNCİ HİSSƏ)

AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu yaranan gündən türkoloji tədqiqatlara böyük önəm verir, Osmanlı İmperiyası və Türkiyə Cümhuriyyətinin tarixini, ictimai-siyasi, sosial-iqtisadi və mədəni inkişafını ətraflı araşdırır.

Tarix problemlərinə həsr olunmuş tədqiqatlar, istər orta əsrlər, istərsə də yaxın tarixi keçmiş və Türkiyə tarixinin ən yeni dövrünü əhatə etmişdir. Tarixçi alimlərimiz Türkiyədə milli-azadlıq hərəkatı, Türkiyə Respublikasında dünyəvilik prinsipinin bərqərar edilməsi, millətçilik ideologiyasının formalaşması, ictimai və bədii-estetik fikrin yaranması, maarif və mədəniyyətin inkişafı, islam, müasir Türkiyədə müxtəlif ictimai-siyasi hərə­katlar problemlərinin öyrənilməsinə xüsusi diqqət yetirmişlər.

Türkiyə inqilabı və milli-azadlıq hərəkatı mövzusu üzrə yerinə yetirilmiş və elmi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilmiş tədqiqatlar içərisində, ilk növbədə, H.Əliyevin “Турция в период правления младотурок (1908-1918)” (“Türkiyə gənc türklərin hakimiyyəti dövründə (1908-1918)” (Мoskva, “Наука”, 1972) adlı monoqrafiyası, Y.Bağırovun “Türk xalqının imperialist işğalına və sultanlığa qarşı respublika uğrunda mübarizəsi (1917-1924-cü İillər)” adlı tədqiqatı, habelə həmin müəllifin “Türkiyə Lozan konfransında” (Bakı, “Elm”, 1957) kitabı, N.Əfəndiyevanın “Борьба турецкого народа против французских оккупантов на юге Анатолии” (“Anadolunun cənubunda fransız işğalçılarına qarşı türk xalqının mübarizəsi”) (Bakı, “Elm”, 1966) adlı əsəri qeyd olunmalıdır.

H.Əliyevin “Türkiyə birinci dünya müharibəsi dövründə” (Bakı, Azərb.SSR EA nəşriyyatı, 1965) kitabında Osmanlı İmperiyasının tam iflası dövründə Türkiyədə daxili vəziyyət və s. məsələlər tədqiq olunmuşdur.

XX əsrdə Türkiyənin ictimai-siyasi inkişafının ideoloji əsaslarının araşdırılması İnstitutun mühüm elmi istiqamətlərindən biri olmuşdur. Kamalist dünyəvilik (laikizm) prinsipi, onun mahiyyəti, Türkiyənin dövlət quruluşu, ictimai-siyasi və mədəni həyatının dünyəvi prinsiplər əsasında yenidən qurulması, dünyəvilik və islam dəyərləri və s. problemlər türkoloq alimlərimiz tərəfindən ciddi şəkildə və uğurla öyrənilmiş məsə­lə­lərdəndir. Laikizm mövzusunda institutda xüsusi tədqiqatlar yerinə yetirilmişdir: Ş.Tacıbov. “Türkiyə Respublikasında laikizmin bərqərar edilməsi” (1966), E.Həsənova. “Лаицизм и ислам в республиканской Турции” (“Cumhuriyyət dövründə Türkiyədə dünyəvilik və islam”) (Bakı, 2002). E.Həsənovanın gənc türklərin ilk ictimai-siyasi mətbu orqanı olan “Türk yurdu” jurnalının materialları əsasında hazırladığı “Идеология буржуазного национализма в Турции” (“Türkiyədə burjua mil­lətçiliyi ideologiyası”) (Bakı, “Elm”, 1966) əsərində Türkiyədə 1908-ci il gənc türklər inqilabı dövründə vüsət tapmış millətçilik cərəyanı tədqiq edilmişdir. Türkiyənin ictimai-siyasi fikrində “islam sosializmi” ideyaları eyni müəllifin 1994-cü ildə nəşr etdirdiyi monoqrafiyasında («Идеи «исламского социализма» в общественно-политической мысли Турции») ətraflı təhlil edilmişdir. 2006-cı ildə müəllifin “XX əsr Türkiyəsində din və islam mistisizmi-təsəvvüf sosiologiyası (ideya mənbələri, əsas problemləri, yeni meyllər)” kitabı nəşr olunur.

İnstitut əməkdaşları Türkiyə Respublikası ilə keçmiş SSRİ arasında münasibətlərin öyrənilməsinə də xeyli əmək sərf etmişlər. Bu baxımdan Y.Bağırovun 1965-ci ildə çap olunmuş sovet-türk münasibətləri tarixindən” (1920-1922-ci illər) adlı əsəri diqqəti cəlb edir. Başlıca olaraq Azərbaycan SSR materialları əsasında yazılmış bu kitab yeni Türkiyənin varlığının ilk çağlarında Sovet-türk münasibətlərinin tərkib hissəsi kimi Azərbaycan-Türkiyə əlaqələrinin öyrənilməsi sahəsində Sovet tarixşünaslığında edilmiş ilk uğurlu təşəbbüs olmuşdur.

Türkiyənin XX əsrdə xarici ölkələrlə siyasi-diplomatik münasibətləri, daxili siyasi vəziyyəti və digər tarixi problemlərinə dair yerinə yetirilmiş tədqiqatlar içərisində aşağıdakıları da qeyd etmək olar: “30-cu illərdə Türkiyə Respublikasının daxili vəziyyəti” (M.Səidov), “İkinci dünya müharibəsi illərində Türkiyə hökumətinin daxili siyasəti” (V.Hüseynov), “60-80-ci il­lərin əvvəllərində Türkiyənin Yaxın və Orta Şərqdəki siyasətinin əsas istiqamətləri” (S.Məcidova), “ABŞ və Türkiyə: Trumen doktrinasından Atlantik İttifaqına (1947-1952)” (A.Rəsizadə), “İnqilabdan əvvəlki Azərbaycan dövri mətbuatında Türkiyəyə dair materialların qısa şərhli göstəricisi” (Z.Sultanova) və s.

İnstitutun türkoloq alimləri (H.Əliyev, İ.Əlibəyov, F.Şabanov) Moskvada “Nauka” nəşriyyatı tərəfindən 1967-ci ildə nəşr edilmiş “Новейшая история Турции” (“Türkiyənin ən yeni tarixi”) monoqrafiyasının hazırlanmasında fəal iştirak etmişlər. Türkiyə tarixinin müxtəlif məsələləri şərqşünaslarımız tərəfindən hazırlanıb nəşr edilmiş “Türkiyənin tarixi məsələləri” (Bakı, “Elm”, 1972)  toplusunda da öz əksini tapmışdır. 1988-ci ildə alimlərimizin nəşr etdirdikləri “Müasir Türkiyənin aktual problemləri” məqalələr toplusunda Türkiyənin siyasi, iqtisadi, sosial və mədəni inkişafının bəzi mühüm aspektləri üzrə institutda aparılmış tədqiqatların nəticələri işıqlandırılmışdır.

Müstəqillik illərində də İnstitut əməkdaşları Yaxın Şərq bölgəsində yaranmış yeni vəziyyət və Türkiyənin bu sahədə siyasəti ilə əlaqədar tədqiqatlara xüsusi diqqət yetirmişlər. Belə ki, Y.Məsimov “Səddam rejimi devrildikdən sonra Şimali İraqda etnik münasibətlər və Türkiyənin siyasəti”, A.Məhərrəmzadə “Türkiyə və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi” problemləri üzrə maraqlı tədqiqat işləri aparmışlar. Türkiyə ilə Azərbaycanın tarixi əlaqələri sahəsində M.Quliyevin “1918-ci ildə Qafqaz islam ordusunun Naxçıvan əyalətində və Quba qəzasında xilaskarlıq missiyası” mövzusunda son illərdə hazırladığı elmi araşdırması da əhəmiyyətli əsərdir.

İnstitutda yeni dövrdə Türkiyənin ictimai-siyasi inkişafı məsələlərinin hərtərəfli öyrənilməsi sahəsində də xeyli iş görülmüşdür. Burada ilk növbədə F.Şabanovun “Государс­твен­ный строй и правовая система Турции в период Танзимата” (“Tənzimat dövründə Türkiyənin dövlət quruluşu və hüquq sistemi”) (Баку, «Элм», 1967) adlı sanballı tədqiqatı qeyd olunmalıdır. Əsərdə sovet şərqşünaslığında ilk dəfə olaraq XIX əs­rin ortalarında Türkiyədə dövlət  hakimiyyəti və idarə siste­minin təşkili, tənzimatın hüquqi aktları və institutları hərtərəfli işıqlandırılmışdır.

Orta əsrlər Türkiyə tarixi məsələləri alimlərimizi daim maraqlandıran mövzulardandır. Bu sahədə türkoloq tarixçilərimiz Səlcuqilər dövrü, bəyliklər dövrü və Osmanlı imperiyası dövrü Anadolu tarixinin müxtəlif aspektlərinin öyrənilməsi sahəsində önəmli nəticələr əldə etmiş və bir sıra dəyərli tədqiqat əsərləri hazırlamışdılar. Bu qəbildən olan əsərlər içərisində R.Hüseynovun “Suriyalı Mixailin “Salnamə”si Ön Asiyada türklərin XI-XII əsrlər tarixinin öyrənilməsinin mənbəyi kimi” və “Səlcuqlar Zaqavqaziyada”, H.Musayevin “İbn-Bibinin “Əl avamir əl-əlaiyyə fil-umur əl-əlaiyyə” əsəri Anadolu Səlcuqlarının tarixi üzrə mənbə kimi”, Ş.Mustafayevin “Ağqoyunludan Osmanlı İmperiyasına qədər Şərqi Anadolu” (Мoskva, “Наука”, 1994) (“Восточная Анатолия: от Ак-Коюнлу к Османской Империи”) və həmin müəllifin “Ana­dolunun türk mühitində etno-siyasi proseslər (XI-XV yüzilliklər)” (Bakı, “Elm”, 2010) adlı tədqiqatları diqqəti cəlb edir.

Azərbaycanın və Cənubi Qafqazın sosial-iqtisadi tarixinin öyrənilməsi üçün mühüm mənbə olaraq Osmanlı təhrir (vergi) dəftərlərinin xüsusi əhəmiyyəti var. Azərbaycan şərqşünaslıq elmində bu istiqamətin başlanması, ilk növbədə, akademik Z.M.Bünyadovun adı ilə bağlıdır. Bu dəftərlərin tədqiqi, tərcüməsi və nəşri son illərdə Şərqşünaslıq İnstitutunun əsas elmi istiqamətlərindən birinə çevrilmişdir. Nəşr edilən mühüm mənbələrdən aşağıdakıların adlarını çəkmək lazımdır:  “İrəvan əyalətinin icmal dəftəri” (hazırlayanlar akad. Z.Bünyadov və H.Məmmədov; Bakı, 1996), “Naxçıvan sancağının müfəssəl dəftəri” (hazırlayanlar akad. Z.Bünyadov və H.Məmmədov; Bakı, 1997), “Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri” (hazırlayan H.Məmmədov; Bakı, 2000), “1728-ci il Tiflis əyalətinin müfəssəl dəftəri (Borçalı və Qazax)” (hazırlayan Ş.Mustafayev; Bakı, 2001), “Lori vilayətinin icmal dəftəri” (hazırlayan Ş.Mustafayev; Bakı, 2004), “Ərdəbil livasının müfəssəl dəftəri” (hazırlayan E.Arıklı; Bakı, 2004). Hal-hazırda şöbənin mediyevistləri Ş.Mustafayev, Y.Nəsirova, F.Məm­mə­dova tərəfindən qeyd edilən istiqamətdə bir neçə Osmanlı dəftəri üzərində iş davam edir.

Qarabağ tarixinə aid Osmanlı sənədlərinin tərcüməsi və nəşrə hazırlanması da mühüm elmi iş olaraq Z.Vəliyeva tərəfindən aparılmaqdadır. Son illərdə C.Qasımovun Osmanlı imperiyasında ictimai-siyasi islahatlar layihələri və M.Ənsərlinin dünya türkologiyasının mühüm simaları mövzuları üzərində apardıqları tədqiqat işləri də təqdirə layiqdir. B.Bəşirovanın “Övliya Çələbinin “Səyahətnamə” əsərinin tərcüməsi və tədqiqi”, M.Ənsərlinin “Ə.Zəki Vəlidi Toğan və Türkiyə tarixşünaslığı” şərqşünaslıq elmimizdə müvafiq boşluqları doldurmaq məqsədini izləyir.

Türkiyə iqtisadiyyatının şərqşünas alimlərimiz tərəfindən əhatəli şəkildə tədqiq olunan problemləri sırasında ilk öncə “etatizm” (dövlətçilik yaxud dövlət kapitalizmi) problemi qeyd olunmalıdır. Türkiyənin təsərrüfatçılıq praktikasının başlıca xüsusiyyətlərindən birini təşkil edən etatizm problemi institutda yerinə yetirilmiş bir neçə tədqiqat işinin obyekti olmuşdur. Bunlardan İ.Əlibəyovun “Государственный капитализм в Турции” (Moskva, “Наука”, 1966) (“Türkiyədə dövlət ka­pitalizmi”) adlı monoqrafiyasında Türkiyədə ictimai tərəqqinin müxtəlif mərhələlərində dövlətçilik siyasətinin həyata keçiril­məsinin forma və metodları, dövlət kapitalının banklar, nəqliyyat və sənaye sahələrində fəaliyyəti, Türkiyənin sosial-iqtisadi inkişafında etatizmin rolu və s. məsələlər ətraflı təhlil olunmuşdur.

İqtisadçı şərqşünas alimlərimiz Türkiyənin hakim siyasi partiyalarının iqtisadi platformaları və iqtisadi siyasətinin öyrənilməsinə ciddi əhəmiyyət verirlər. Bu mövzu “Türkiyədə Cümhuriyyət Xalq Partiyası hökumətinin iqtisadi siyasəti (1923-1939-cu illər)” (Ə.Şirinov), “1980-ci il dövlət çevrilişindən sonra Türkiyə hökumətinin iqtisadi siyasəti” (B.Hacıyev), “Türkiyə Ədalət Partiyası hökumətinin iqtisadi siyasəti (1965-1971)” (T.Qurbanov) adlı tədqiqatlarda öz əksini tapmışdır.

Türkiyə Respublikasının xarici iqtisadi əlaqələri, xüsusilə xarici ticarət və xarici ticarət siyasəti, Türkiyənin sosialist ölkələri və başlıca olaraq SSRİ ilə iqtisadi və texniki əməkdaşlığı məsələləri ətraflı öyrənilmişdir. Bu istiqamətdə aparılmış tədqiqatlar sırasında Ə.Bijenin “Türkiyənin xarici ticarət siyasəti (1920-1980)”, (Bakı, “Elm”, 1987), “Sovet-Türkiyə iqtisadi münasibətləri (1923-1939-cu illər)”, İ.Əlibəyovun “Sovet İttifaqının inkişaf etməkdə olan ölkələrlə iqtisadi-texniki əməkdaşlığı” (Bakı, “Azərnəşr”, 1974) kitabları, K.Səmədovun “İkinci dünya müharibəsindən sonra Türkiyənin xarici ticarəti və xarici ticarət siyasəti” araşdırmaları qeyd edilə bilər.

Alimlərimiz müasir Türkiyənin iqtisadiyyatında xarici kapitalın fəaliyyəti ilə bağlı məsələlərin öyrənilməsinə böyük maraq göstərirlər. Bu mövzuda iki sanballı tədqiqat hazırlanıb çap olunmuşdur: H.Əliyev “Müasir Türkiyədə xarici kapital” (Bakı, Azərb.SSR EA nəşriyyatı, 1962) və İ.Əlibəyov “Инос­транный капитал в Турции” (Bakı, “Elm”, 2002) (“Türkiyədə xarici sərmayə”).

Türkiyənin iqtisadi inkişaf problemləri ilə əlaqədar elmi araşdırmalar son illərdə də davam etdirilmişdir. Bu sahədə İ.Əlibəyovun “Türkiyə iqtisadiyyatının dövlət sektorunda bazar islahatları”, A.Şimiyevanın “Müasir Türkiyənin xarici iqtisadi siyasəti (1980-ci ildən müasir dövrədək)”,  N.Məmmədovun “Müasir Türkiyənin neft problemi” adlı monoqrafik tədqiqatlarını qeyd etmək lazımdır.

Ümumiyyətlə, türkoloqlarımızın son illərdəki araşdırma­la­rının tematikası müxtəlif mövzuları əhatə edir. Bu sıraya Osmanlı dövründə Anadolunun tarixi inkişafı, Türkiyə, Azərbaycan və Orta Asiya respublikaları arasındakı münasibətlər, Türkiyə və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, iqtisa­diyyatın dövlət tənzimlənməsinin Türkiyə təcrübəsi, Türkiyə iqtisadiyyatının dövlət bölməsində bazar islahatları və sairə bu kimi problemlər daxildir.

İnstitutda aparılan tədqiqatlarda türk ədəbiyyatı tarixinin bir çox dövrləri və sahələrinə aid araşdırmalar aparılmış, elmi təhlillər verilmişdir. Ədəbi və nəzəri tədqiqin müxtəlif formalarından istifadə edərək aparılan araşdırmalarda Türkiyənin folkloru, klassik ədəbiyyatı və əsasən XIX-XX əsr mütərəqqi ideyalı şairlərinin, yazıçılarının həyatı, yaradıcılığı, sənətkarlıq xüsusiyyətləri, ədəbi aləmdə gedən inkişaf prosesləri, ədəbi-tənqidi jurnalların ədəbiyyatın tərəqqisinə göstərdiyi təsir, ədəbiyyatlarımız arasındakı əlaqələrin öyrənilməsi və s. əsas tədqiqat obyekti olmuşdur. Dissertasiya mövzularının çoxunun XIX əsrdən sonrakı dövrü əhatə etməsi, bu əsrdən başlayaraq türk ədəbiyyatında, xüsusilə türk nəsrində baş verən yenilikləri, ic­timai-siyasi, ədəbi prosesdəki inkişafı tədqiq etmək, aydınlaşdırmaq zərurətindən irəli gəlirdi.

Aparılan tədqiqat işləri Türkiyənin özündə də böyük maraq doğuran, nəzəri cəhətdən araşdırmaya ehtiyacı olan mövzulara həsr olunmuşdur. Ə.Əhmədovun Rəşad Nuri Güntəkinin romanlarının təhlilinə, G.Quliyevanın II Dünya müharibəsindən sonra türk nəsrində kəndli məsələsinə, V.Nəsiboğlunun Orxan Xən­cərlioğlunun yaradıcılığına, A.Abıyevin Ömər Seyfəddinin həyat və yaradıcılığına, A.Qurbanovun Əbdülhaq Hamidin dramaturgiyasına, M.Gülmalıyevin «Sərvəti-fünun» jurnalına, X.Quliyeva-Qafqazlının Qaracaoğlanın yaradıcılığına, Məhəm­məd Hatəminin sehrli türk nağıllarına, B.Osmanovanın Məlih Cövdət Anday yaradıcılığına, S.Qasımlının Haldun Tanerin bədii nəsrinə, Ə.Nəhmədovun türk xalq teatrlarının tədqiqinə, Z.Haşımovun heca vəznində yazıb-yaradan şairlərin yaradıcılığına həsr etdikləri namizədlik dissertasiya işləri istər Azərbaycanda, istərsə də Türkiyədə öz aktuallığı ilə seçilən mövzularda yazılmışdır.

F.ü.e.d., prof. A.Abıyev şöbədə çalışdığı illərdə Türkiyə ədəbiyyatının müxtəlif problemləri və Azərbaycan-Türkiyə ədəbi əlaqələri məsələləri ilə mütəmadi məşğul olmuşdur. Ən çox “Türkiyə teatrı və dramaturgiyası tarixi məsələləri”, “Milli hekayə və novellanın banisi Ömər Seyfəddinin həyat yolu və yaradıcılığı”, “Türkiyə ədəbiyyatında satirik janrların inkişafı və Azərbaycan ədəbiyyatı ilə əlaqələri”, “İbrahim Şinasinin yaradıcılıq yolu” və s. mövzularda elmi əsərlər yazan A.Abıyev “Türk ədəbiyyatında satira”, “Füzuli və Türkiyə poeziyası”, “Türk şəxs adları (Türk mənşəli şəxs adları sözlüyü), “Türkiyə ədəbiyyatı tarixi” (I, II cild) “Ziya Gökalp” və “Sərvətifünun” kitablarının müəllifidir.

F.ü.f.d. X.Quliyeva-Qafqazlı türk aşıq ədəbiyyatı üzərində tədqiqat aparır. Türk aşıq ədəbiyyatının “altun dövrü” hesab olunan XVII əsrin görkəmli aşıqlarından Qaracaoğlan yaradıcılığına həsr etdiyi monoqrafiyası çapdan çıxmışdır (Bakı, “Qaracaoğlan”, 1985).

İnstitutda aparılan elmi tədqiqatlar arasında ədəbi əlaqələrlə bağlı mövzular da mühüm yer tutur. Məhz bu mövzuda B.Osmanova ilə S.Qasımlının birgə hazırladıqları “XX əsrin 20-ci illərində Azərbaycan mətbuatında Türk ədəbiyyatının tədqiqinə aid materiallar” adlı kitab nəşr olunmuşdur. B.Osmanova, S.Qasımlı və E.Xəlilova 1998-2004-cü illər ərzində Əbül-Xeyr Ruminin XV əsrdə yazıya alınmış “Saltuknamə” dastanının tərcüməsi üzərində işləmişlər. Üç cilddən ibarət dastan 2007-2008 illərdə çap olunmuşdur. B.Osmanova S.Qasımlı ilə birlikdə “1920-ci illər Azərbaycan mətbuatında Türkiyə ədəbiyyatının tədqiqinə dair materiallar” kitabını nəşr etdirmişdir. Cari ildə  isə B.Osmanovanın “Çar Rusiyasının Türkiyə siyasəti” adlı kitabı nəşr edilmişdir.

İnstitutun əməkdaşları tərəfindən “Haldun Tanerin bədii nəsri” (S.Qasımova), “Nazim Hikmət poeziyasında Şərq” (R.Quliyev), “Mehmet Akif Ərsoy yaradıcılığında sosial problemlərin bədii təcəssümü” (S.Gündoğdu)  adlı monoqrafiyalar və s. kitablar hazırlanaraq çap edilmişdir.

Xüsusi qeyd olunmalıdır ki, Osmanlı imperiyası və Türkiyə Cümhuriyyətinin tarixinin mühüm əhəmiyyət kəsb edən dövrlərinin, Birinci Dünya müharibəsi zamanı burada və bütövlükdə regionda baş verən hadisələrin müfəssəl araş­dırıl­masına İnstitut əməkdaşları tərəfindən daim böyük önəm verilmişdir.

Hörmətli oxucu! Diqqətinizə təqdim edilən hazırkı kitab son vaxtlar qondarma erməni “soyqırımı” ilə bağlı avantüraların yenidən dünya gündəminə gəlməsi ilə bağlıdır. Real tarixi faktları görməzdən gələrək, heç bir əsası olmayan saxta “dəlillərlə” beynəlxalq ictimaiyyətin mövqeyini çaşdırmağa yönələn bu kimi bədnam kampaniyalar çərçivəsində əsl həqiqətlərin daha geniş miqyasda təbliğinə zəruri ehtiyac yaranır. 2011-ci ildə Ankarada “Center for Strategic Research” tərəfindən ingilis dilində nəşr edilən “Armenian allegations and historical facts. Questions and answers” (“Əsassız erməni iddiaları və tarixi faktlar. Suallar və cavablar”) kitabı bu baxımdan erməni yalanlarına qarşı mübarizədə əsas vasitələrdən biri hesab oluna bilər.

Tərəfimizdən Azərbaycan dilinə tərcümə olunan bu kitab yalnız elmi ictimaiyyətə deyil, ümumilikdə hər bir azərbaycanlı üçün tarixi gerçəkləri öyrənmək baxımından dəyərli istinad mənbəyi ola bilər.

Gövhər Baxşəliyeva,

akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, akademik

***

SUALLAR VƏ CAVABLAR

(Birinci hissə)

1-ci sual:

Şərqi Anadolu ermənilərin qədim yurdu sayıla bilərmi?

Erməni tarixçiləri özləri bu fikirlə razı deyillər. Anadolu tarixini nəzərdən keçirərək onların bəzi ziddiyyətli mülahizələrinə diqqət yetirək.

  1. İncildə Nuh nəzəriyyəsi. Bu fikrə əsasən ermənilər İncildə adı çəkilən Nuhun ulu nəvəsi Haykdan törəyiblər. Nuhun gəmisi Ararat dağına yan aldığına görə bu fikrin tərəfdarları belə bir nəticəyə gəlirlər ki, ermənilərin qədim yurdu Şərqi Anadolu olmalıdır və əlavə edirlər ki, Hayk 400 ilə yaxın yaşamış, öz hökmranlığını ta Babilə kimi yaymışdır. Bu iddia bütövlüklə rəvayətlərə əsaslanır, onun heç bir elmi sübutu yoxdur, bu baxımdan müzakirə obyekti ola bilməz. Tarixçi Avqust Karriyer ümumiyyətlə bu fikri rədd edir və yazır: “Bu, tamamən erməni tarixçiləri tərəfindən yayılan məlumatlara əsaslanır, onların əksəriyyəti isə uydurmadır” 1.
  2. Urartu nəzəriyyəsi. Bəzi ermənilər iddia edirlər ki, onlar eramızdan 3 min il əvvəl Anadolunun şərqində mövcud olan Urartunun əhalisini təşkil ediblər. Urartu sonralar Midiya dövləti tərəfindən süquta yetirilmiş və dağıdılmışdır, ərazisi bir zamanlar Lidiya və Midiya dövlətləri arasında mübahisəyə səbəb olmuş və sonda Midiya dövlətinin tam təsiri altına düşmüşdür. Bu iddia heç bir fakta əsaslanmır. O dövrə aid Anadoluda tapılan heç bir yazılı mənbədə erməni adının heç bir forması aşkarlanmayıb, erməni və Urartu dilləri arasında heç bir oxşarlıq yoxdur: birincisi Hind-Avropa dillərinə aiddirsə, ikincisi Ural-Altay dillərinə mən­sub­dur. Onların mədəniyyətləri də müxtəlifdir. Ərzurum ərazisində tapılan ən son arxeoloji tapıntılar bu fikri aydın şəkildə təs­diq­ləyir. Bütün bunlara əsaslanaraq demək olar ki, Urartu əhalisinin ermənilərdən ibarət olduğu iddiasını təsdiq edən heç bir dəlil yoxdur.  
  3. Frakiya-Frigiya nəzəriyyəsi. Erməni tarixçilərin ən çox meyil etdiyi bu nəzəriyyədə deyilir ki, onlar Balkan yarımadasından mənşəyini alan və eramızdan əvvəl XVI əsrdə illiriyalıların təzyiqi altında Şərqi Anadoluya köçən frakiya-frigiya tayfasından əmələ gəliblər. Bu nəzəriyyə ermənilərin adının ilk dəfə eramızdan əvvəl 521-ci ildə Midiya çarı Daranın Bisutun yazısında çəkildiyi fakta əsaslanır: “Mən erməniləri məğlub etdim”. Sözügedən nəzəriyyə qəbul edildiyi halda, Nuh və Urartu nəzəriyyələrini təkzib etmiş olur.
  4. Cənubi Qafqaz nəzəriyyəsi. Bu fikir ermənilərin irqcə və mədəniyyətcə Cənubi Qafqaz xalqlarına mənsub olduqlarını, buna görə də köklərinin buradan gəldiyini iddia edir. Bu da öz növ­bə­sində, ancaq Daranın onları Qafqazda məğlub etdiyi faktına söy­kənir. Ermənilər istənilən Qafqaz irqinə heç bir halda aid deyillər.
  5. Turan nəzəriyyəsi. Bəzi ermənilər Qafqazın bəzi türk qəbilələri ilə əlaqələrinin olmasını sübut etmək üçün erməni dilinin və mədəniyyətinin onların dili və mədəniyyəti ilə oxşarlığını təqdim edirlər, amma bütün təqdim olunanların ciddi dəlillərə ehtiyacı var.         

Sayılan nəzəriyyələrin hər hansı biri təsdiqlənərsə, ermənilərin Şərqi Anadoluda köklərinin olmadığı, iddia edildiyi kimi, orada 3-4 min il əvvəl yaşadıqlarının doğru olmadığı ortaya çıxacaq. Bütün bu nəzəriyyələrin irəli sürülməsi ancaq türklərin erməniləri min illərlə yaşadıqları ana yurdlarından sürgün etməsi iddialarını dəstəkləmək üçündür, amma onlar faktlara əsaslanmır. 

2-ci sual:

 Türklər ermənilərin ərazilərini gücləmi ələ keçiriblər?

Ermənilərin müəyyən zaman ərzində birgə yaşadıqları ərazi heç vaxt müstəqil, suveren dövlət kimi onların özləri tərəfindən idarə olunmayıb. Bu ərazi ermənilərin orada məskunlaşmaları haqqında məlumatlarda qeyd edildiyi kimi, ən qədim tarixlərdən bəri başqaları tərəfindən idarə edilirdi.

Eramızdan əvvəl 521-ci ildən 344-cü ilədək həmin ərazi Fars dövlətinin əyaləti idi. Eramızdan əvvəl 344-cü ildən 215-ci ilə qədər o, Makedoniya imperiyasının ərazisi idi. Eramızdan əvvəl 215-ci ildən 190-cı ilə qədər Selevkilər tərəfindən idarə edilirdi. Eramızdan əvvəl 190-cı ildən eramızın 220-ci ilinə kimi Roma imperiyası və Parfiya dövləti arasında tez-tez hökmdarlarını dəyişirdi. 220-ci ildən V əsrin əvvəllərinə kimi Sasanilər imperiyasının əyaləti olmuşdur, sonralar VII əsrədək Bizans imperiyasına mənsub idi. VII əsrdən X əsrə qədər ərəblər tərəfindən idarə olunurdu. X əsrdə yenə Bizans İmperiyasının tərkibinə qaytarıldı və sonda XI əsrdən başlayaraq türklərin hökmranlığı altına düşmüşdür.

Sadalanan müxtəlif dövlətlərin hakimiyyəti altında bu ərazidə yaşayan ermənilər müstəqilliyin heç bir növünü davamlı olaraq saxlamaq və ya vahid erməni dövləti yaratmaq iqtidarında deyildilər. Ən yaxşı halda bir neçə erməni zadəgan ailəsi qonşu hökmdarların feodal vassalı kimi onları əhatə edən güclü imperiyalar arasında bufer ərazisi kimi xidmət edən müəyyən bölgələri idarə edirdilər. Bu yolla həmin erməni “knyazlıqları”nın çoxu yerli erməni zadəganları tərəfindən öz feodal əraziləri çərçivəsində və ya qonşu imperiyaların öz hərbi qüvvələrini düşmənlərdən qorumaq məqsədilə yaradılmışdır. Bunun ən uğurlu misalı Baqratid ailəsidir ki, erməni millətçi tarixçiləri tərəfindən onların tarixi müstəqilliyinin mövcudluğunun sübutu kimi daim irəli sürülür, amma əslində, bu ailə ərəb xəlifələri tərəfindən əraziyə nəzarət etmək üçün təyin edilib. Bəzi hakimiyyətdə olan, “erməni” sayılan ailələr əslən daha çox fars idilər, nəinki erməni. Onların müstəqil dövlətin heç bir növünü yaratmağa qadir olmadıqlarını erməni tarixçi Asiyalı Gevork təsdiq edir: “Ermənilər yerli əyanlar kimi yaşayırdılar. Onlarda milli birlik hissi olmayıb. Aralarında heç bir siyasi əlaqə və ya tellər yox idi. Yeganə bağlılıqları qonşu əyanlarla idi. Bu səbəbdən sahib olduqları hər hansı milli hiss məhəlli sayılırdı” 2.

Sözügedən erməni knyazlıqları əsrlər boyu müxtəlif nəhəng imperiyaların və dövlətlərin idarəsi altında yaşamış, mənfəətlərinin maksimal dərəcədə təmin olunmasını güdərək tez-tez tərəf dəyişirdilər, buna görə də dövrün tarixçiləri tərəfindən daim tənqidi və kəskin rəylər alırdılar: Misal üçün, Roma tarixçisi Tasit öz “Annallar”ında “Ermənilər gah Roma, gah da ki, Fars imperiyasını dəstəkləyərək, tərəf dəyişirlər” yazmış və bu fikri ermənilərin “qəribə xalq” olduqlarını söyləyərək tamamlamışdır.  

Ermənilərin əsl dövlət qurmalarının uğursuz cəhdləri, qonşuları ilə müqayisədə hər zaman zəif olmaları, yaşadıqları ərazinin hər tərəfi əhatə edən daha güclü qonşu süzerenlər arasında münaqişə səhnəsi olması faktı, onların tarixdə peyda olduqlarında dəfə yaşadıqları torpaqlardan daim köçürüldükləri və ya özlərinin xoşluqla köçməsi öncə məhz bu şərtlərin nəticəsidir, sonra isə ermənilər arasında birliyin və gücün olmamasındadır. Beləliklə, Fars dövlətindən qaçdıqdan sonra onlar Mərkəzi Anadoluda, Kayseridə məskunlaşıblar. Bundan əvvəl isə Sasanilər tərəfindən Mərkəzi İrana, ərəblər tərəfindən Suriyaya və Ərəb yarımadasına, Bizansdan Mərkəzi Anadoluya və İstanbula, Makedoniyaya, Frakiyaya, Bolqarıstana, Rumıniyaya, Macarıstana, Transilvaniyaya və Krıma köçürülüblər. Səlib yürüşü zamanı isə onları Kipr, Krit və İtaliyaya köçürüblər. Monqollardan qaçaraq onlar Mərkəzi Asiyada, Qazanda və Həştərxanda yerləşiblər və son olaraq, ruslar tərəfindən Rusiyanın daxili ərazilərinə köçürülüblər. Bu əsrlər sürən köçürmələr və miqrasiya nəticəsində ermənilər Siciliyadan tutmuş Hindistana qədər, Krımdan tutmuş Ərəbistana qədər geniş ərazidə yayılıblar və beləliklə də, 1915-ci ildə Osmanlıların onları köçürdüklərindən əsrlər öncə ermənilərin “erməni diasporu” adlandırdıqları icmalar yaranmağa başlayıb.

Ermənilər xristianlığı qəbul edəndən 150 il əvvəl, 451-ci ildə Bizans kilsəsindən ayrılıblar, bu da əsrlər sürən Bizans-erməni qarşıdurmalarına gətirib çıxartmış və XI əsrin sonlarından başlayaraq türklərin Anadoluda məskunlaşmalarına qədər davam etmişdir. Bizans sahib olduğu bütün ərazilərdə Yunan ortodoksluğunun yayılmasını dəstəkləyərək erməniləri Yer üzündən silməyə və erməni knyazlıqlarını aradan qaldırmağa çalışırdı. Dövrün erməni tarixçiləri ermənilərin bizanslılar tərəfindən necə sürgün olunduqlarını, onlardan düşmən qüvvələr əleyhinə Bizans ordusunun avanqardı kimi necə istifadə olunmasından tam təfərrüatı ilə bəhs edirlər. Bunun nəticəsidir ki, Səlcuq türkləri XI əsrin sonlarından başlayaraq Anadoluya gəldikləri zaman orada heç bir erməni knyazlığına rast gəlməyiblər; qarşılarını alan yeganə qüvvə bizanslılar idi. Səlcuq hökmdarı Alp Arslan erməni knyazlığı olan Aninın torpaqlarını 1064-cü ildə zəbt edib, amma bu knyazlıq artıq 1045-ci ildə, yəni, 19 il əvvəl dağıdılmış və sürgün edilən ermənilərin yerini doldurmaq üçün yunanlara verilmişdi. Buna görə Səlcuq türklərinin nəinki erməni dövlətini, knyazlığını belə dağıtdıqlarını iddia etmək səhv olardı. O, artıq Bizans tərəfindən məhv edilmişdi və yaranan sosial və iqtisadi vəziyyət, faktiki olaraq, türklərin orada məskunlaşması üçün əlverişli şərait yaratmışdı. Dövrün erməni tarixçiləri Anadolunun türklər tərəfindən işğalını onların Bizansın pis idarəsindən və zülmündən azad edilməsi kimi təqdim edirlər. Erməni tarixçisi Asoğik yazır: “Ermənilərin Bizanslılara qarşı olan ədavəti üzündən onlar türklərin Anadoluya girməsini alqışlayıb, hətta kömək belə ediblər”. Erməni tarixçisi Edessalı Matiasın dediyinə görə, türklər onun şəhəri Edessanı (indiki Urfa) zəbt edəndə ermənilər sevinmiş, bu hadisəni xalq içində geniş qeyd etmişdilər.

Erməni knyazlığı 1080-ci ildə Kilikiyada yaranıb, amma bu, iddia edildiyi kimi türklərin Anadoluda məskunlaşmaları nəticəsində yox, daha çox Bizansın Şərqi Anadoluda erməni knyazlığını dağıtması və bu səbəbdən Kilikiyaya erməni axınının nəticəsi olaraq baş vermişdi. Həmin knyazlıq türklərə yaxşı münasibət bəsləmişdir, baxmayaraq ki, Müqəddəs torpaqlara yola düşən və onların ərazisindən keçən Səlib yürüşü iştirakçılarına kömək göstərmiş, əvvəl Bizansın, onun süqutundan sonra əhli-səlib krallıqlarının, monqolların və sonunda Kiprin idarəsini ələ alan katolik Luzinyan ailəsinin hakimiyyətini qəbul etmişdilər. “İmansızlar”a göstərilən bu münasibət erməni qriqorian kilsəsini sarsıdır və kilsənin daxili bölünməsinə gətirib çıxardır ki, bu da öz növbəsində, knyazlığın 1375-ci ildə Suriya və Misir məmlükləri tərəfindən işğalında mühüm rol oynayıb. Sonuncu erməni knyazlığının buraxdığı ən önəmli iz Eçmiədzində müstəqil kilsənin yaranması idi ki, bu da bu günə qədər vacib bir məsələ olaraq qalan erməni ortodoksal kilsəsində daxili parçalanmanı gücləndirən amil idi.

Beləliklə, Şərqi Anadolu II Mehmet Fateh və Sultan I Səlim Yavuz tərəfindən zəbt ediləndə bu ərazi Bizansın süqutundan sonra Ağqoyunlu və Səfəvilər dövlətinə məxsus idi. Səlim Yavuz isə Kilikiyanı məmlüklərdən aldı. Odur ki, Osmanlı türkləri Erməni dövlətini və ya knyazlığını zəbt və ya istila etməmiş, onlar artıq digər xalqlar tərəfindən işğal olunmuşdular.

3-cü sual:

 Türklər tarix boyu ermənilərə hücum edib, incidiblərmi?

Erməni təbliğatçıları onların Osmanlı imperiyasının ermənilərə qarşı həyata keçirdiyi “soyqırımı” iddialarını dəstəkləmək üçün belə bir fikir irəli sürürlər ki, türklər qeyri-müsəlman xalqları, xüsusən ermənilərlə tarix boyu pis rəftar ediblər, çünki əks təqdirdə, türklərin ermənilərlə 800 ilə yaxın yanaşı, sülh şəraitində yaşamalarından sonra hansı səbəbdən birdən-birə qalxıb onlara qarşı soyqırımı törətdiklərini anlatmaq çətin olacaq. Bundan əlavə, ermənilər türklərin hakimiyyətini xristianlıq və islam arasında daim gedən mübarizə kimi təqdim etməyə çalışıblar ki, müasir xristian ölkələrində onların türklərə qarşı iddialarına inam yaratsınlar. 

Tarixi dəlillər bu iddiaları tamamilə inkar edir. Biz artıq dövrün erməni tarixçilərinin yazılarında Bizans ermənilərinin Səlcuq türklərinin işğalını necə salamladıqları, qeyd etdikləri və onların Bizansın zülmündən xilas olunmasına görə minnətdarlıqları barədə məlumatlıyıq. Səlcuqlar Bizansın məhv etməyə çalışdığı erməni kilsəsinin müdafiəsini təmin etdilər. Bizansın erməni kilsələrinə, monastırlar və keşişlər üçün təyin etdiyi ağır vergiləri Səlcuqlar ləğv etmiş və faktiki olaraq bütün bu növ institutları ümumiyyətlə vergidən azad etmişdilər. Erməni icması dini və təhsil məsələləri daxil olmaqla, öz daxili işlərini istədikləri kimi aparmaqda sərbəst buraxılmış və heç vaxt ermənilər və ya istənilən digər qeyri-müsəlman xalqları islamı qəbul etməyə məcbur edilməmişlər. Faktlara əsasən ermənilərin dini lideri Səlcuq sultanı Məlikşahın yanına gəlmiş, bu himayəyə görə təşəkkürünü bildirmişdi. Erməni tarixçisi Edessalı Matias yazır ki, “Məlikşahın ürəyi xristianlara qarşı sevgi və xeyirxahlıq ilə doludur; o, İsa peyğəmbərin övladları ilə yaxşı rəftar eləyir və o, erməni xalqına bolluq, sülh və xoşbəxtlik bəxş etdi” 3.

Səlcuqlu Sultan Kılıç Arslanın ölümündən sonra həmin tarixçi yazırdı: “Kılıç Arslanın ölümü bütün  xristianları matəm içinə saldı, çünki o, mərhəmətli və böyük şəxsiyyətli bir insan idi”. 

Səlcuq türklərinin ermənilərlə yaxşı rəftarı Taşirk ailəsi kimi bəzi erməni zadəgan ailələrinin islamı öz istəkləri ilə qəbul etməsi faktı və türklərlə çiyin-çiyinə Bizansa qarşı döyüşlərdə iştirakları ilə təsdiqlənir. 

Türk ənənəsi və müsəlman hüququ türk və müsəlman imperiyalarında qeyri-müsəlmanlarla yaxşı rəftar olunmasını diktə edirdi. Buna görə türklər qeyri-müsəlmanlarla bağlanan razılaşmalarda onların “zimmi” statusunu qəbul etməsi və nizamı saxlaması, hüquq və ənənələrinin müdafiəsinin təmin edilməsi üçün vaxtında vergilərin ödənməsi barədə razılığa gəlirdilər. Müxtəlif dinlərə mənsub olan insanlarla görünməmiş tolerantlıqla rəftar edilirdi. Bu da xeyirxahlığa və insani dəyərlərə əsaslanan dövrün fəlsəfəsində öz əksini tapır. İslam dünyasında məşhur olan Yunus Əmrə və Mövlana Cəlaləddin Rumi kimi dahi filosofların şüarı “bütün 72 müxtəlif xalqlara eyni baxış” və “kimliyindən və dinindən asılı olmayaraq xoş gələcəksiniz” olub. Belə bir rəftar xristian hökmdarlarının və işğalçıların nəinki müsəlmanlar və yəhudi kimi qeyri-xristian dinindən olanlara, xristianlığın digər təriqətlərinə mənsub olanlara qarşı belə rəftarının tam əksidir. Misal üçün, erməni qriqorianlara qarşı bizanslıların təqibi, Moreyada və Egey adalarında yaşayan yunan ortodokslarının Venesiya tərəfindən təqib olunması və bogomillərin macarlar tərəfindən təqibi.

Osmanlı İmperiyasının yaranması və genişlənməsi, xüsusilə də Bizansın süqutu və bunun ardınca Sultan Mehmet Fatehin 1453-cu ildə İstanbulu fəth etməsi ermənilərin və digər qeyri-müsəlman və müsəlman xalqlarının yeni dövlətdə dini, siyasi, sosial, iqtisadi və mədəni rifahının yeni mərhələsinin təməlini qoydu. Osmanlı imperiyasının ən birinci hökmdarı Osman Qazi (1300-1326) erməniləri Bizansdan müdafiə etmək üçün Şərqi Anadoluda, Kutahyada onların ilk dini mərkəzinin yaradılmasına icazə verdi. Bu mərkəz sonralar Osmanlıların paytaxtının dəyişilməsi ilə bərabər əvvəl 1326-ci ildə Bursaya, 1461-ci ildə isə İstanbula köçürülmüş və Sultan Mehmet Fatehin fərmanı ilə Patriarx Hovakimin və onun davamçılarının rəhbərliyi altında Erməni Patriarxatı qurulmuşdur 4. Nəticədə minlərlə erməni İrandan, Şərqi və Mərkəzi Anadoludan, Balkanlardan və Krımdan İstanbula məcbur olduqları və ya təqib edildikləri üçün yox, Osmanlı Fatehin öz imperiyasını erməni həyatının əsl mərkəzinə döndərməsi səbəbindən köçmüşdür. Beləcə, erməni icması və kilsəsi böyümüş və Osmanlı imperiyasının genişlənməsi və çiçəklənməsinin bir hissəsi kimi inkişaf etmişdir.

Osmanlı İmperiyasının qriqorian erməniləri, digər əsas dini icmalar kimi, öz dini liderinin rəhbərliyi altında milli icmaya birləşdirilmişdi. Belə ki, Sultan  Mehmet Fatehin İstanbulun erməni patriarxatının yaradılmasına dair fərmanında deyilirdi ki, patriarx yalnız dini lider yox, eyni zamanda, ermənilərin dünyəvi lideridir. Ermənilər müsəlmanlar ilə eyni hüquqlara malik idilər, amma bununla bərabər, onlara xüsusi imtiyazlar verilirdi ki, onlardan ən önəmlisi hərbi xidmətdən azad olunmalarıdır. Ermənilər və digər qeyri-müsəlman xalqları müsəlmanlarla, demək olar ki, eyni vergiləri ödəyirdilər, xərac və ya cizyədən başqa, çünki bu vergilər növü onlara islam dinində olan qanuna əsasən təyin edilmişdi, amma müsəlmanlara aid olan zəkat və üşr vergiləri onlardan götürülmüşdü. Erməni dini liderləri dindaşlarından özləri təyin etdiyi vergiləri yığıb dövlətin xəzinə məmurlarına təhvil verirdilər.

Ermənilərin öz dini, mədəni, təhsil və xeyriyyə məsələlərini həll etmək üçün lazımi maliyyə dəstəyinin təmin olunması məqsədilə xüsusi vəkflərin yaradılmasına icazələri var idi, bununla bərabər, ehtiyac duyulanda Osmanlı dövləti xəzinədən bu işləri həyata keçirən erməni institutlarına, habelə erməni patriarxatının özünə maddi yardımını əsirgəmirdi. Bu erməni vəkfləri Türkiyə Respublikasında bu günə kimi fəaliyyətdədir və erməni kilsəsinə davamlı olaraq maliyyə dəstəyi göstərir.

Osmanlı qanunlarına görə, bütün yunan ortodokslarına aid olmayan xristianlar erməni qriqorian kilsəsinə daxil edilmişdi. Belə ki, Anadoluda pavlikianlar və yakubitlər, Balkanlarda bogomillər və qaraçılar erməni hesab edilirdi, bu da İmperiyada yaşayan ermənilərin həqiqi sayı barəsində gələcək mübahisələrin yaranmasına gətirib çıxarmışdı. Erməni icması sultanların bəxş etdiyi azadlıq sayəsində genişlənmiş və çiçəklənmişdi. Həmçinin ermənilər Türk-Osmanlı mədəniyyətini, həyat və hakimiyyət tərzini mənimsəmiş və öz töhfələrini o dərəcədə vermişdilər ki, əsrlər boyu sultanların müəyyən etibarını və inamını qazanaraq “sadiq millət” adını almışdılar. Osmanlı erməniləri olduqca dövlətli bankirlərə, tacirlərə və sənayeçilərə çevrilmiş, əksəriyyəti isə dövlət qulluğunun yüksək vəzifələrini tutmuşdu. Məsələn, XIX əsrdə 29 erməni dövlət rütbələrinin ən alisini – paşa rütbəsini alıb. İmperiyada xarici işlər, maliyyə, ticarət və rabitə nazirləri daxil olmaqla 22 erməni nazir var idi,  digər ermənilər isə xalq təsərrüfatı, iqtisadi inkişaf və siyahıyaalma sahələrində yüksək vəzifələr tuturdular. 1826-ci ildən sonra formalaşan parlamentdə 23 millət vəkili, 6 səfir, 11 konsul-general və konsul, 11 universitet professoru, 41 digər yüksək rütbəli məmur erməni idi 5.

Əsrlər boyu ermənilər türklərin və Türkiyədə yaşayan ermənilərin fəxr mənbəyi olan bir sıra birinci dərəcəli sənət adamı dünyaya gətirərək Osmanlı türklərinin incəsənətinə, mədəniyyətinə və musiqisinə böyük töhfələr veriblər. İlk erməni mətbu orqanı XVI əsrdə təsis edilmişdir.

Beləliklə, əsrlər boyu ermənilər, türklər və imperiyada yaşayan digər millətlər sülh və qarşılıqlı anlaşma şəraitində yaşamış, Osmanlı sisteminə və ya administrasiyasına qarşı ciddi şikayətlər olmamışdır. Düzdür, vaxtaşırı ayrı-ayrı millətlər arasında daxili çətinliklər yarana bilərdi. Ermənilərin daxilində belə mübahisə İstanbula Anadoludan və Krımdan gəlib “yerli” sayılan və İrandan  gəlib “şərqi” və ya “əcnəbi” sayılan ermənilər arasında patriarxın seçilməsi zamanı yaranmışdı. Bu iki qrup həmişə Osmanlılara bir-birindən şikayətlənmiş və öz namizədləri və maraqları üçün dövlət dəstəyini qazanmağa çalışmışlar. Qərar onların xoşuna gəlmədiyi halda, Osmanlılardan şikayət etmişlər, baxmayaraq ki, Osmanlılar bu iki qrup arasında neytrallığı saxlamağa qərarlı idi. “Şərqlilər”in tədricən qələbələri dinə aidiyyəti olmayan insanların patriarx vəzifəsinə təyin olunmasına, korrupsiyaya və icmadaxili pis idarəetməyə, mübahisə edən qruplar arasında qanlı qarşıdurmalara gətirib çıxarmış, bu da öz növbəsində, ermənilərin bir-birini məhv etməməsi üçün Osmanlıların müdaxilə etməsi zərurətini ortaya qoymuşdu.  

Bu daxili münaqişələr qriqorianlar arasında dini stan­dartların tənəzzülə uğraması ilə bərabər, bir çox erməniləri XIX əsrdə imperiyaya göndərilən əcnəbi katolik və protestant missionerlərin yaydıqlarını qəbul etməyə vadar etmiş, əsrin sonlarına yaxın müstəqil icmaların yaranmasına səbəb olmuşdu. Erməni qriqorian  kilsəsinin başçıları Osmanlılardan bu dindəndönmənin qarşısını almağı xahiş etdilər, amma Osmanlılar bundan çəkinərək, bunun dövlətin yox, icmanın daxili işi olmasını səbəb gətirdilər. Qanlı toqquşmalar davam edirdi, vəziyyət o səviyyəyə çatmışdı ki, Çuhacyan və Tahtacyan adlı qriqorian patriarxlarını bütün erməni protestantları kilsədən ayırmış və qovmuşlar 6. Bundan sonra erməni katolikləri ilə Papa arasında münasibətlərdə ciddi qarşıdurmalar yaranmışdı və bu da öz növbəsində, Papanın ali hakimiyyətini qəbul etməyənlərin kilsədən ayrılmaları ilə nəticələnmişdi. Belə vəziyyət Osmanlıları müdaxilə məcburiyyətində qoymuş və 1888-ci ildə bu iki katolik qrupu barışdırmışdılar.

Osmanlılar tərəfindən qeyri-müsəlmanlara yaradılan azadlıq və böyük tolerantlıq mühiti bütün Avropada məşhur idi, buna görə sultanların imperiyası dini və siyasi təqibdən qaçan hər növ insan üçün sığınacaq yerinə dönmüşdü. İspaniyadan 1492-ci ildə Rekonkista zamanı təqiblər üzündən qaçan minlərlə yəhudidən başlayaraq Mərkəzi və Şərqi Avropada və Rusiyada müntəzəm talana məruz qalan yəhudilərin hamısı Osmanlı imperiyasına qaçırdı. Osmanlı imperiyasına gələn  katoliklər və protestantlar çox vaxt sultanların xidmətinə daxil olaraq, Osmanlı hərbi və dövlət həyatına böyük töhfələr vermişdilər. 1848-ci ildə Avropada baş verən inqilabdan sonra mümkün reaksiyalardan xilas olmaq istəyən siyasi qaçqınlar da sığınacaq üçün Osmanlı imperiyasına sığındılar.

Osmanlıların qeyri-müsəlmanlara, xüsusən də ermənilərə qarşı pis rəftar etdikləri barədə iddialar erməni tarixçiləri Asoğik və Matiasdan tutmuş Volter, Lamartin, Klod Ferrer, Pyer Loti, Noger Hon Kaetani, Filip Marşal Braun, Mişle, Çarlz Vilson, Politis, Arnold, Bronsart, Ru, Gruse Edgar Granvil Garnier, Toynbi, Bernard Lyuis, Şou, Prays, Lyuis Tomas, Bombaci və bu kimi tarixçilərə qədər rədd edilmişdir, baxmayaraq ki, onlardan bəzilərini heç də türkmeyilli adlandırmaq olmaz. Onların bir neçəsindən iqtibas gətirək:

Volter:

“Böyük türklər müxtəlif dinlərə mənsub olan iyirmi milləti sülh içində idarə edir. Türklər xristianlara sülhdə mülayim, qələbədə həlim olmağı öyrətdilər”.

Filip Marşal Braun:

“Qazandıqları böyük qələbəyə baxmayaraq, türklər tut­duq­ları ərazilərdə yaşayan xalqlara öz ənənələrinə və qaydalarına uyğun hakimiyyət qurmaq hüququnu səxavətlə bəxş ediblər”.

Baş nazir Venizelos tərəfindən idarə edilən Yunanıstan hökumətinin xarici işlər naziri Politis:

“Türkiyədə yaşayan yunanların hüquqlarını və maraqlarını türklərdən yaxşı heç kəs müdafiə edə bilməz”.

C.V. Arnold:

“Danılmaz tarixi bir faktdır ki, türk ordusu heç vaxt işğal etdiyi ərazilərdə heç bir dini və mədəni məsələyə qarışmırdı”.

German  Bronsart:

“Məcburiyyət qarşısında qalmasalar, türklər dünyanın başqa dinlərə qarşı ən tolerant millətidir”.

Hətta Napoleon Bonapart 1798-1799-cu illərdə həyata keçirdiyi işğalı dəstəkləmək üçün Fələstində və Suriyada ermənilər arasında üsyan oyatmaq istəyəndə İstanbuldakı fransız səfiri Sebastiani belə cavab vermişdi: “Burada yaşayan ermənilər öz həyatlarından o qədər razıdırlar ki, bu, mümkün olan bir məsələ deyil”.          


1 CARRIERE, Auguste, Moise de Khoren et la Généalogie Patriarcale, Paris, 1896.

2 ASİAN, Kevork, LʹArménie et les Arméniens, Istanbul, 1914.

3 MATHIAS of  EDESSA, Chronicles, Nr.129.

4 URAS, Esat, Tarihte Ermeniler ve Ermeni Meselesi, 2nd Edition, Istanbul, 1976, s. 149.

5 Facts from the Turkish Armenians, Jamanak, Istanbul, 1980, s. 4 et KOÇAŞ, Sadi; Tarih Boyunca Ermenilər ve Türk-Ermeni İlişkileri, Ankara, 1967,  s. 92-115.

6 SCHEMSI, Kara, Turcs et Arméniens devant lʹHistoire, Genéve, Imprimerie Nationale, 1919, s.19.

(Davamı olacaq)

Etikxeber.az

Read Previous

“Uşaqların, yeniyetmələrin təhsildən yayınma halları ciddi şəkildə araşdırılmalı və…”-MİLLƏT VƏKİLİNDƏN TƏLƏB

Read Next

“Bayden və administrasiyası Ermənistanın siyasi-hərbi rəhbərliyini işğaldan azad edilmiş ərazilərdəki minaların xəritələrini təqdim etməyə vadar etməlidir”-ELİN SÜLEYMANOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir