“Sərsəng” baxımsız hala düşüb və siyasi təhdid vasitəsi kimi istifadə olunur” – HÜSEYNOV

“Erməni təcavüzü nəticəsində Sərsəng su anbarı baxımsız hala düşüb”

“Aşağı axın” ölkələrindən olan Azərbaycanda əhalinin içməli suya tələbatı və kənd təsərrüfatının ehtiyacları daxili imkanlar hesabına tam ödənmir və şirin su ehtiyatlarının 70%-ə qədəri ölkə hüdudlarından kənarda formalaşır”.

Etikxeber.az xəbər verir ki, bunu bu gün Bakıda “Su nəinki həyat mənbəyidir, hətta həyatın özüdür” devizi altında I Bakı Beynəlxalq Su Həftəsi çərçivəsində “Su ehtiyatları, hidrotexniki qurğular və ətraf mühit” mövzusunda beynəlxalq elmi-praktiki konfransda çıxışı zamanı “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov bildirib.

Onun sözlərinə görə, üstəlik həmin sular çirklənmiş şəkildə Azərbaycana daxil olduğundan canlı aləm üçün böyük təhlükə yaradır:

“Məlum olduğu kimi, çay hövzələri hüdudunda yerləşən ölkələr arasında su ehtiyatlarının istifadəsi və qorunması, su ehtiyatlarının inteqrasiyalı idarə edilməsi sahəsində hamımıza məlum olan və tam həllini tapmayan bir sıra problemlər mövcuddur. Azərbaycan bu problemlərin beynəlxalq və ikitərəfli müstəvidə həll edilməsi istiqamətində səylər göstərir. Transsərhəd Samur çayı ilə əlaqədar Rusiya Federasiyası ilə ikitərəfli müqavilə bağlanıb, Araz çayı üzərində “Xudafərin” və “Qız qalası” hidroqovşaqlarının tikintisi və su ehtiyatlarından istifadə sahəsində İran ilə saziş imzalanıb. Eyni zamanda Kür çayının idarə olunması ilə əlaqədar Gürcüstanla ikitərəfli müqavilə üzərində iş aparılır”.

O, bildirib ki, su resurslarının idarə edilməsi, ətraf mühit və ekologiya sahələrində Azərbaycan bir çox beynəlxalq konvensiyalara qoşulub:

“Azərbaycan Kür-Araz çayları hövzəsində yerləşən ölkələr arasında transsərhəd sularla əlaqədar Helsinki Konvensiyasını ratifikasiya etmiş yeganə dövlətdir. Ölkəmiz BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Paris Sazişini də təsdiqləyib. Ekologiya və ətraf mühitin qorunması sahəsində beynəlxalq təşkilatlar səviyyəsində görülən işlərə baxmayaraq, təəssüf ki, Ermənistan beynəlxalq hüquq normalarının tələblərini kobud şəkildə pozur. Erməni təcavüzü nəticəsində işğal zonasında qalan Sərsəng su anbarı baxımsız hala düşüb və onun ehtiyatlarından kortəbii və siyasi təhdid vasitəsi kimi istifadə olunur. Bununla bağlı Azərbaycan tərəfi dəfələrə beynəlxalq təşkilatlarda məsələ qaldırıb və narahatlığını ifadə edib. Avropa Şurası Parlament Assambleyasının 26 yanvar 2016-cı il tarixli “Azərbaycanın sərhəd rayonlarının qəsdən sudan məhrum edilmiş sakinləri” adlı Qətnaməsində Sərsəng su anbarının, Sərsəng və Madagiz bəndlərinin vəziyyətinə beynəlxalq nəzarətin təmin edilməsi, Ermənistan hakimiyyətindən su resurslarından “siyasi təsir və ya təzyiq aləti kimi” istifadəyə son qoyması kimi tələblər yer alıb”.

“Azərsu” ASC-nin sədri bildirib ki, həmin sənəddə 1966-cı il Helsinki və 2004-cü il Berlin Qaydalarına istinad olunaraq Ermənistanın hərəkətlərinin Azərbaycan vətəndaşları üçün humanitar və ekoloji problemlər yaratdığı vurğulanıb:

“Beynəlxalq təşkilatlar Ermənistandan Azərbaycanın işğal edilmiş ərazilərinin dərhal azad olunmasını və Sərsəng su anbarının resurslarından siyasi təsir vasitəsi kimi istifadə olunmasına son qoyulmasını tələb edib. Bundan başqa Ermənistanın istismar müddətini başa vurmuş  “Metsamor” Atom Elektrik Stansiyası regionda ekoloji sabitliyin qorunmasına ciddi təhlükə yaradır”.

Etikxeber.az

Read Previous

“Ermənistan Suriya və Livandan olan erməniləri…” – XİN

Read Next

KOMİTƏ SƏDRİ: 2017-ci ilin “İslam həmrəyliyi” elan edilməsi dünyaya bir mesajdır

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir